“Xudafərin - Qız qalası” layihəsi icra olunur - Fotolar
İran İslam Respublikasında səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının həmsədri Şahin
Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Komissiyanın həmsədri, İran
İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi
Araz çayı üzərində reallaşdırılan "Xudafərin” və "Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihəsinin
icrasının gedişi tanış olublar.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 23 fevral
tarixində İran İslam Respublikasına rəsmi səfəri zamanı "Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı
üzərində "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su elektrik
stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su
ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sazişdə Azərbaycan Respublikası və
İran İslam Respublikasının suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri
bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları boyu bütün su
və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. Sazişdə həmçinin,
hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması,
eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək
hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının
qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və
tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.
Şahin Mustafayev vurğulayıb ki, işğal
olunmuş ərazilərində Azərbaycan Respublikasının suveren hüquqlarını tanıyan bu
mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi,
dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam
Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq
prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.