AZE | RUS | ENG |


"Xruşşovka"ların tarixə qovuşması Bakının simasını dəyişməklə yanaşı...

“Qərarın verilməsi o deməkdir ki, dövlət tərəfindən bu sahəyə dəstək göstərilir”

Bu günlərdə  Azərbaycanın baş naziri Artur Rasizadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. Nazirlər Kabinetinin saytında verilən məlumata görə,  Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək, yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq, 1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
 
Fövqəladə Hallar Nazirliyinə "Pilot layihə" kimi Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək, yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
 
Mənzil bazarda yeni  canlanma olacaq 
 
Yeni qərar əmlak bazarına necə təsir edəcək, qiymətlərdə hansısa dəyişiklik yarada biləcəkmi? Ekspertlərdən yeni qərarın əhəmiyyəti haqqında soruşduq. 

"Qaya Real Estate Daşınmaz Əmalak” şirkətinin satış direktoru Akif Əliyev hesab edir ki, bu fərman əmlak bazarına müəyyən qədər müsbət təsir göstərəcək: "Əgər dövlətin bu haqda qərarı varsa və  sahibkarlar da bu işə cəlb olunacaqlarsa, tikinti şirkətləri bu işdə maraqlı olacaqlar. Bu layihə pilot olduğu üçün sakinləri köçürüb əlavə sahələrdən mənfəət əldə etmək olar. Təbii ki, proseslər daha da  sadələşdirilsə, sahibkarlar üçün tikinti proseslərinin aparılması üçün şərtlər əlverişli edilərsə, o zaman bazarda müəyyən canlanma ola bilər. Belə layihələrdə qiymətlər  adətən o qədər yüksək olmur. Hesab edirəm ki, təqribən  sosial evlərə yaxın olan qiymətlər təyin edilər. Mövcud iqtisadi durumda bu addımın atılması o deməkdir ki, dövlət tərəfindən bu sahəyə dəstək göstərilir. Bu baxımdan da bazarda yeni  canlanmanın olacağını hesab edirəm. Düşünürəm ki, yeni qərar qiymətlərə də öz təsirini göstərəcək. Mənzillərin qiyməti devalvasiyadan öncə çox yüksək idi və reallığı əks etdirmirdi. Mikrorayonlarda köhnə binaların yeniləri ilə əvəz edilməsi bazarda təklifi də çoxaldacaq ki, bu da müəyyən qədər qiymətlərə  öz  təsirini  göstərəcək. Artıq mövcud əmlakların qiymətinə yenidən baxılacaq və rəqabətə uyğun qiymətlər tənzimlənəcək. Hesab edirəm ki, bu pilot layihə gələcəkdə də davam etdirilə bilər. Bu baxımdan belə bir layihənin həyata keçirilməsi çox vacibdir”.
 
Tikinti bazarında da dinamika artacaq 
 
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı  deyir ki, əgər sözügedən  layihə uzunmüddətli dövrü əhatə edəcəksə, bazara ciddi təsiri olmayacaq: " Əgər belə pilot layihə qısamüddətli dövrdə  həyata keçirilərsə, o zaman bazarda müəyyən qədər aktivlik yarana bilər. İlk növbədə qeyd etməliyəm ki, bu proseslər bir-biri ilə əlaqəli olan proseslərdir. Qeyd olunur ki, ilkin olaraq söküləcək mənzillərdə yaşayan vətəndaşlara nağd pul verilməyəcək. Qərarın tikinti materialları bazarında da dinamikanı artıracağını düşünürəm.  Amma yenə də qeyd edirəm ki, layihə uzunmüddətli dövrü əhatə edəcəyi təqdirdə, onun  heç bir təsiri olmayacaq.  Bu gün bazarda mənzil tikintisi 2007-2008-ci illərlə müqayisədə bir neçə dəfə aşağı düşüb. Məsələn, il ərzində əgər 10 bina tikilərsə, bu,  böyük göstərici hesab olunur. Amma əgər ildə iki bina tikilib, iki bina söküləcəksə, bu, bazarda ciddi dəyişiklik yaratmayacaq”.

Müsahibim deyir ki, sökülmüş evlərin sakinlərinə kompensasiya verilərsə, təbii ki, əmlak bazarına müsbət təsir göstərəcək: "Bu həm də bazarda  dinamikanı qaldıracaq. Əks təqdirdə, yəni  əgər insanlara kompensasiya ödənilməzsə, daşınmaz əmlak bazarında qiymətlərə hər hansı formada əhəmiyyətli təsir göstərməyəcək. Layihə hələlik Nəsimi rayonunun yalnız bir mikrorayonunu əhatə edir. Amma ümumilikdə təklif olunur ki, həmin ərazi üzrə bütün mikrorayonlarda  yerləşən köhnə tikililər sökülsün. Bundan başqa, Bakı şəhərində "Xruşşofka”lardan daha əvvəl inşa olunmuş və istismar müddəti başa çatan xeyli sayda binalar var. Həmin layihələrin taleyi hələ də sual altındadır. İstənilən halda  hər şeyi zaman göstərəcək. İndidən bu barədə dəqiq nəsə demək düzgün olmaz. Mənzillərin əlçatanlıq məsələsinə gəldikdə isə düşünmürəm ki, qərarın bu məsələyə hansısa təsiri olsun. Bunun üçün  əhalinin gəlirləri artmalı, ölkənin makroiqtisadi göstəriciləri müsbətə doğru dəyişilməlidir. Gəlirlər artmalı və alıcılıq qabiliyyətinə təsir göstərəcək amillər olmalıdır ki, mənzillər əlçatan olsun.  Əks təqdirdə buna ümid etmək olmur”.
 
Qiymət siyasətinin tənzimlənməsinə öz təsirini göstərəcək
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, mövcud iqtisadi durumda tikinti sektoruna belə bir diqqətin ayrılması yalnız alqışlana bilər: "Bu, hər şeydən əvvəl yeni iş yerlərinin açılmasına səbəb olacaq. İkinci bir tərəfdən, istismar müddətini başa çatan  tikililər artıq sökülməlidir. Bu baxımdan da düşünürəm ki, yeni qərar çox vacibdir. Həmin binalar söküləcək və  əvəzində insanlar  yeni, müasir şəraiti olan mənzillərlə təmin ediləcək. Hesab edirəm ki, indiki vəziyyətdə belə bir sərəncamın imzalanması çox müsbət haldır. Qiymət məsələsinə gəldikdə isə hazırda mənzil bazarında qiymətlər fərqlidir. Fərqli qiymətin olmasının da əsas səbəbi mənzil bazarında son dövrlərdə durğunluğun olmasıdır. Bu sərəncam  qiymət siyasətinin tənzimlənməsinə öz təsirini göstərəcək. Lakin qiymətlərdə ciddi artım gözləmirəm. Burada sadəcə olaraq köhnə binalarda yaşayan insanlar yeni mənzillərlə təmin ediləcək”. 

Şəbnəm Mehdizadə
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020