• cümə, 19 Aprel, 13:09
  • Baku Bakı 25°C

“Xoşqədəm camaatı ağladır, biz isə güldürürük” – Şou-biznes

09.12.14 09:35 3785
“Xoşqədəm camaatı ağladır, biz isə güldürürük” – Şou-biznes
Son zamanlar yeni-yeni komediya filmləri çəkilərək tamaşaçıların ixtiyarına verilir. Komediya ustaları film sahəsindəki durğunluğu görərək yenilik etmək eşqinə düşüblər. Belə ki, noyabrın 8-də növbəti komediya filmi olan “Xoxan”-nın qala gecəsi keçiriləcək. Filmdə Azərbaycanın tanınan və sevilən gülüş ustaları yer alacaq. Sözügedən filmdə əsas obrazlardan birini canlandıran Elməddin Cəfərov “Gənclik qəzeti”nə premyera öncəsi müsahibə verdi.
Bu, bir ilkdir
- Elməddin bəy, təqdimatına hazırlaşdığınız filmdə necə bir süjet xətti ilə tanış olacağıq?
- Bir tamaşaçı kimi sizi əmin edə bilərəm ki, “Xoxan” filmi yeni çəkilən filmlərin içərisində ən çox sevdiyim filmdir. Film hər baxımdan keyfiyyətlidir. Belə ki, burada yüksək səviyyəli səs effektləri, vizual görüntülər və peşəkar rejissor işi var. Aktyor oyunundan danışmaq isə mənim üçün ayıb olar. Tamaşaçılar çox fərqli bir film görəcəklər. Hesab edirəm ki, indiyə kimi bu janrda keyfiyyətli film çəkilməyib. Bu, bir ilkdir. İlkləri isə yalnız izləmək olar, danışmaq yox.
- “Xoxan” filmində bundan öncə premyerası keçirilən komediya filmi “My name is İntiqam”-dakı kimi qurşaqdan aşağı zarafatlar olacaqmı?
- Biz “Xoxan” filmində o tip zarafatlara yol vermədik. Çünki filmin qala gecəsinə ailəmizlə qatılacağıq. Filmə ailə üzvlərimi də gətirəcəyim üçün o tip zarafatlara çox fikir verirəm. Hər zaman söyləmişəm ki, mənim ilk tamaşaçılarım ailə üzvlərimdir. Ona görə hər hərəkətimdə, zarafatımda bunu nəzərə alıram ki, ailəm kənardan məni izləyir. Hər hansı filmə çəkildikdə bu mənim ağlımdan çıxmır. Bir də biz bu tip gülüşlərə yol vermirik.
Filmdə canım ilə əlləşəcəm
- “Xoxan” filmində ekstrasens obrazını canlandıracaqsınız. Bu gün isə ekstrasenslər cəmiyyətimiz tərəfindən tənqid atəşinə tutulur.
- Mən özüm də ekstrasenslərə inanmıram. Filmdə ilk növbədə onu göstərməyə çalışacağıq ki, ekstrasenslər əslində yalançıdırlar. Bunlar boş inanclardır. Amma işin maraqlı tərəfi bundadır ki, ekstrasenslərə heç kim nifrət etmir. Mənim canlandırdığım ekstrasens mənfi olsa da, çox şirindir. Filmi izlədikdə sizə buna əmin olacaqsınız. Hesab edirəm ki, filmdə yaratdığım ekstrasens obrazını insanlar çox istəyəcəklər. Mənim yaratdığım ekstrasens çox bacarıqsızdır və heç nəyi də alındıra bilmir. O, ekstrasenslik etsə də, özü boynuna götürdüyü işi görəndə qorxudan sarılıq tutur və canı ilə əlləşir(gülür).
- Sizi hər zaman “Bacanaqlar” serialında yaradıcı heyətlə görməyə öyrəşmişik. Həmin kollektivlə birlikdə film çəkməyi düşünürsünüzmü?
- Əslində bu fikirlə bağlı sorğu keçirmək istəyirəm. Görəsən, “Bacanaqlar” filmini çəksək, tamaşaçılar onu bəyənərmi? Fikrim var ki, yayda komandamla birlikdə bir film çəkim. Ancaq biz bunu serial şəklində davam etdirdiyimiz üçün qorxuram ki, tamaşaçılar bu filmi qəbul etməyələr. Digər tərəfdən də, içimdə belə bir həvəs də var. Xeyirlisi, hər şeyi zamanla düşünəcəyik.
- Ssenaristiniz Ənvər Abbasovla söhbət etdikdə söyləmişdi ki, “Bacanaqlar” serialı uzun ömürlü serial olan “Santa Barbara”nı seriya baxımından ötmək niyyətindədir. Tamaşaçını bezdirməkdən çəkinmirsinizmi?
- İnşallah, bunu mən də arzulayıram. Əslində 2015-ci ildə yayda serialı dayandırmaq istəyirdim. Kollektivlə danışdım, razı olmadılar. Dedilər ki, dəyişmək istəyirsən serialda dəyişiklik et. Xeyirlisi nə qədər gedir-getsin. İnsanlar seriala baxır, reytinq verir. Tamaşaçıların reaksiyalarına baxırıq. Yenilik edirik və qarşılığını görürük. Əsas məqsədimiz tamaşaçılardı. Serialın kollektivi bizim üçün doğmadı. Ən azından tamaşaçılar baxırlar. Bunları nəzərə alıb, hələ dayandırmağı düşünmürük. “Bacanaqlar” serialını ancaq döyüb, öldürtdürüb bağlaya bilərlər(gülür). Başqa cür o serialı bağlamaq mümkün deyil. Bir sponsor axtarıram ki, mənə külli miqdarda pul versin ki, serialı bağlayım(gülür). Başqa cür düşünməyin ki, serialı yekunlaşdıra bilərik. Nə qədər ki, serialı bağlayan sponsor tapılmayacaq serial davam edəcək. Ümumiyyətlə bu gün serialların baxımlılığı reytinqlə ölçülür. “Bacanaqlar” serialı reytinqinə görə Xoşqədəm Hidayətqızının apardığı “Səni axtarıram” verilişindən sonra ikinci yerdədir. Bu da avtomatik olaraq sponsorlarımıza da təsir edir.
Mən Xoşqədəmlə rəqabətə çıxa bilmərəm

- “Bacanaqlar”serialı “Səni axtarıram” verilişi ilə rəqabətə girə bilərmi?
- Onu qabaqcadan deyə bilmərəm. Biz Xoşqədəmlə rəqabətə girmək fikrində deyilik. Eyni kanalın məhsullarıyıq. Xoşqədəm insanları ağladır, biz isə güldürürük. Hər ikimiz tamamilə başqa səmtdə inkişaf edirik. Düzdür, xalqımız daha çox ağlamağa meyllidir. Ümumiyyətlə, Şərq insanları çox istiqanlı olur. Ona görə də onlar daha çox ağlamağa üstünlük verirlər. Amma Avropa insanları soyuqqanlıdır. Bizim xalqımız ağlayan insana daha çox sığal çəkməyi xoşlayır. İnsan psixologiyası faktorunu nəzərə alanda mən Xoşqədəmlə rəqabətə çıxa bilmərəm.
- Elməddin bəy, sizcə bu günün insanlarını güldürmək asandırmı?
- Əslində, həm asandır, həm də çətin. Təsadüfən nə isə bir söz deyəndə insanlar gülür. Amma uzun müddət bir şeyin üstündə düşünəndə insanları güldürmək çətin olur. Tamaşaçının özünü özünə göstərəndə o, özünə baxıb gülür. Bunun özünün də çətinlikləri çoxdur.
- Bu gün komediya filmlərimizə daha çox gənclər meyl göstərirlər. Sizcə bu nəyin göstəricisidir?
- Bunun bir neçə səbəbi var. Biz gənclərin fantaziyası öz əhatə dairəmizə görə tənzimlənir. Yaşlı nəslin fantaziyasını da tam olaraq başa düşə bilmirik. Bugünkü yumor da dəyişərək modernləşib. Əvvəllər tamaşaçılar kiçik bir zarafata gülürdülər. Yaxud da hind filmlərinə baxan kimi hamı ağlamağa başlayırdı. Buna görə də köhnə nəslin nümayəndələrinin zövqü daha fərqlidir. Müasir gənclər daha çox Amerika və türk yumoruna meyllidirlər. İndiki gənclərimiz xarici yumordan daha çox təsirlənirlər. Biz də xaricilərin gülüş yöntəmindən istifadə edirik. Ancaq bəzi gülüşlər var ki, onlar həqiqətən keyfiyyətsizdir. Bu baxımdan, ağsaqqalların tutduğu iradı ilə tamamilə razıyam. Onlar zamanında keyfiyyətli gülüşləri görüblər deyə, bugünkü gülüşü bəyənmirlər.
- Hər zaman insanları güldürmüsünüz. Nə zamansa tamaşaçılarınızı ağlatmağı düşünmüsünüzümü?
- Onu heç planlaşdırmıram da. Bir zamanlar istəyirdim ki, hansısa bir dram obrazına çəkilim, ancaq sonradan fikrimi dəyişdim. İstəyirəm ki, bir sahədə tanınım və o sahədə inkişaf edim. Efirdə də, televiziyada da, reklamlarda da özümü görməyi xoşlamıram. Elə şeyləri sevmirəm. Bir misal var, görməmişin biri deyir ki, “bu mənim, bu mənim, bu da mənim, o uzaqdakına da əlini vuranın balası ölsün”. Bu insan uzaqdakına əli çatmadığı üçün ona da göz tikir. Çalışın özünüzü yalnız bir sahədə inkişaf etdirin.
- Sizin simanızda qəribə bir aura var. Gülmək üçün sizin simanıza baxmaq kifayət edir.
- (Gülür)Allah məni belə yaradıb. Məndə atamın və anamın nömrələri var, istəsəniz verərəm, onlardan soruşarsınız, niyə məni belə yaradıblar. Bu, məndən əvvəl olan proseslərdir. Günahkar onlardır, burda mənlik bir şey yoxdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər