• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Xoşbəxtliyi mübarizədə tapan əsl qəhrəman - Portret

21.12.18 14:40 3493
Xoşbəxtliyi  mübarizədə tapan əsl qəhrəman - Portret
"Heç nədən narazılığım yoxdur. Hər anı sevə-sevə yaşayan insanam. Həyatı maraqlı, dəyərli edən mübarizədir. Məsləhət görürəm ki, digər fiziki məhdudiyyətli insanlar da "bacarmaram" deyib, özlərini cəmiyyətə yararsız hesab etməsinlər. Yetər ki, cəhd etsinlər, usanmasınlar, gec-tez, alınacaq".

Bu ibrətli sözlərin müəllifi Samir Nəbiyev atletika ilə məşğul olur. Fiziki məhdudiyyətinə rəğmən, aktiv həyat tərzi keçirərək, özünü hərtərəfli inkişaf etdirib. Dünya Oyunlarının çempionu, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olan Samir, bu gün Azərbaycan paralimpiya hərəkatının ən parlaq simalarındandır.
Karate, ciu-citsu, kikboksinq
Nəbiyev Samir Zilfi oğlu 1986-cı ildə Şəmkir şəhərində dünyaya göz açıb. Uşaq ikən vurulan iynənin təsirindən osteomielit (sümük iliyinin iltihabı) xəstəliyinə tutulan Samir, bir neçə dəfə əməliyyat keçirsə də, sağlamlığına qovuşa bilməyib. Bununla belə, ruh yüksəkliyi onu bir an da olsun, tərk etməyib. Daim öyrənmək, özünü sübut etmək həvəsi ilə yaşayıb. Paralimpiyaçıların bir çoxundan fərqli olaraq, idmana marağı uşaqlıqdan mövcuddur. Həvəs onu öncə karateyə gətirib. Doğma şəhərində iki il yapon döyüş təliminin sirlərinə yiyələnən qəhrəmanımız, sonradan ailəsi ilə Rusiyaya köçüb. Burada o, bir müddət ciu-citsu ilə məşğul olub.
Nəbiyevlər uzun müddət davam edən qürbət həyatından sonra, 2001-ci ildə vətənə dönüb. Qayıtdıqdan sonra ali məktəblərə qəbul imtahanına hazırlaşan Samir, bu arada da boş oturmayıb. O, bir ilə yaxın kikboksinqdə özünü sınayıb. Bir sözlə, döyüş növlərinə qarşı böyük sevgisi olub. "Kumirin kimdir" sualına verdiyi "Mayk Tayson" cavabı da bu sevginin göstəricisidir.

Onu da qeyd edək ki, hər üç idman növü üzrə məşqlərə əkiz qardaşı ilə birgə qatılıb. İdman ustası olan Seymur Nəbiyev, kikboksinq üzrə dəfələrlə qitə və dünya miqyaslı yarışlarda fərqlənib.

Bir ilə icra olunan dördillik proqram
2004-cü ildə o, Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinə daxil olur. Ultrasəs müayinə ixtisasında təhsil alan Samir, bir gün tələbə yoldaşları ilə şəhərdə gəzişərkən, para-atletika üzrə məşqçi Bəxtiyar Zeynalovun diqqətini çəkir. Zeynalov, fiziki göstəricilərini nəzərə alaraq, bu idman növü haqqında ona məlumat verir, paralimpiya hərəkatına qoşulmağa çağırır. Samir tərəddüd etmədən, təklifi qəbul edir. Lakin bu, çox çəkmir. Açıqlamaq istəmədiyi səbəblərə görə, cəmi üç aydan sonra məşqlərini dayandırmalı olur. Bu hadisə 2006-cı ildə baş vermişdi. Sonrakı dörd ildə o, fikrini təhsilinə yönəldir. 2010-cu ildə ali təhsilini başa vuran Nəbiyev, Milli Paralimpiya Komitəsinə üz tutur. Niyyəti atletika olan qəhrəmanımız, komitə rəsmisi tərəfindən əməkdar məşqçi Oktay Şahtaxtinskiyə yönləndirilir. Beləcə, yeddi ildən artıq davam edən birgəliyin əsası qoyulur.

Tanışlıq 2010-cu ilin sonlarına təsadüf edir. London Yay Paralimpiya Oyunları isə artıq qapıda idi. Lisenziya qazanmaq üçün cəmi bir ildən bir qədər artıq vaxt qalırdı. Belədə, ilk baxışdan növbəti paralimpiada hədəf kimi görünsə də, ikili, qarşısına inanılmazı gerçəkləşdirmək məqsədini qoyur. Dörd ilin hazırlıq proqramının cəmi bir ilə reallaşdırılması, sirr deyil ki, min bir əziyyət hesabına başa gəlir. Şahtaxtinski deyir ki, bu müddətdə Samirin göstərdiyi xarakter, əlahiddə, dönə-dönə qeyd ediləsi bir hal idi.

Cəmi üç ay sonra ilk beynəlxalq yarışına çıxan Nəbiyev, lövhə atmada bürünc medalı boynundan asır. Çexiyada keçirilən Qran-pri-nin ardından, Birləşmiş Ərəb Əmirliklərində baş tutan Dünya Oyunlarında iştirak edərək, fəxri kürsünün birinci pilləsinə yüksəlir. Bununla da, London-2012-yə lisenziya qazanır.
Tək söz: Fantastika!
Samirin Oyunlarda göstərdiyi nəticə də kifayət qədər qənaətbəxş alınır. İki ildən az təcrübəsinə rəğmən, o, bir neçə adlı-sanlı rəqiblərini geridə qoymaqla, sonda beşinci nəticə göstərir. Əlilliyi daha yüngül olan F58 kateqoriyası ilə birgə baş tutan yarışda 906 xal toplayan Samir, öz kateqoriyasında (F57) üçüncü olur.
Debütdəcə dünya "gümüş"ü
Növbəti tsiklin ilk böyük yarışı Fransada təşkil olunan dünya çempionatı idi. Bu, iştirak etdiyi ilk mundial olsa da, o, özünü debütant kimi aparmır. Bir neçə titullu rəqibini, o cümlədən London Paralimpiya Oyunlarının gümüş mükafatçısı, braziliyalı Klaudiney Santosu qabaqlayan Samir, yalnız dördqat paralimpiya çempionu, rusiyalı Aleksey Aşapatovdan geri qalır. Gümüş medal motivasiyasını birə beş gücləndirir, növbəti qələbələrə, ələlxüsus da Rio paralimpiadasında zirvəyə kökləyir.

Lakin...
2014-cü il Dubay Qran-prisindəki qələbələrlə yadda qalır. Belə ki, o, həm lövhə atmada, həm də nüvə itələmədə turnirin baş mükafatına sahib çıxır. Növbəti il Qətərdə keçirilən dünya çempionatında lövhə atmada bürünc medal qazanan Nəbiyev, Dubayda yenidən "qızıl dubl"a imza atır. Lakin bu ərəfədə məlum olur ki, onun yer aldığı müvafiq kateqoriya üzrə lövhə atma növü Rio Oyunlarının proqramında yer almayacaq, əvəzində, nüvə itələmə üzrə yarış baş tutacaq. Belədə, diqqətini tamamilə nüvə itələməyə yönəldən Samir, qısa müddətdə lisenziyanı təmin edir. Nəticəsi isə heç də pis alınmır. 13.67 metrlik göstərici ilə o, yeddinci pilləni tutur. Dünya çempionatının ikiqat mükafatçısı deyir ki, əgər lövhə atma proqramdan çıxarılmasaydı, onu bu gün paralimpiya çempionu kimi də təqdim edə bilərdik.

Motivasiya "vulkan"ı
Tükənməz əzmi ilə hamını özünə heyran qoyan Nəbiyev, cari tsikldə də iddiasını ortaya qoyub. Ötən iki ildə o, İslamiadadakı "qızıl dubl"dan başqa, dəfələrlə Qran-pri yarışlarında fərqlənib, lövhə atmada hətta 46.67 metrlik göstərici ilə qitə rekordunu da yeniləyib. Bu arada o, Avropa çempionatının gümüş medalına da sahib çıxıb. Nüvə itələmə üzrə getdikcə artan təcrübəsi, nəticələrində əksini taparaq, onun Tokio Yay Paralimpiya Oyunlarında arzulanan medala qovuşacağına böyük inam yaradır.

Atletika ölkəmizin Paralimpiya Oyunlarında uğurla təmsil olunduğu idman növlərindəndir. Paralimpiadalarda qazandığımız medalların, az qala, yarısı bu növün payına düşür. Ənənələrdən ilhamlanan Nəbiyev, ali yarışın mükafatına qovuşmaq üçün lazım gəlsə, 2028-ci ilə qədər karyerasını davam etdirməyi düşünür. Paralimpiya Oyunlarında əlli, hətta altmış yaşlarında medal qazanmış həmkarlarının adlarını sadalayan qəhrəmanımız, stimul sarıdan qəti korluq çəkmir.

Bunu da nəzərə çatdıraq ki, o, hazırda Pekin Paralimpiya Oyunlarının gümüş medalçısı Vladimir Zayetsin rəhbərliyi altında hazırlıq keçir. Yığma komandamızın baş məşqçisi isə ikiqat paralimpiya çempionu Oleq Panyutindir.

Doğma şəhərinin fəxri
Samirin qazandığı uğurlar, doğulub, boya-başa çatdığı Şəmkirdə böyük maraq və sevgi ilə qarşılanır. İslamiadada əldə etdiyi nailiyyətdən sonra, yerli Olimpiya İdman Kompleksinin önündə onun şərəfinə düzənlənən təntənəli qarşılanma mərasimi bunun sübutu idi. Nəbiyev, Şəmkirdə yaşayan yeniyetmə və gənc idmançıların kumirinə çevrilib desək, yanılmarıq.
Yeganə dostu və hobbisi
"Yeganə dostum atam, ən böyük dəstəkçim ailəmdir" deyir. Bu günə qədər qazandığı uğurların təməli olaraq, valideynlərinin ona olan qayğısını, inamını qeyd edir. Azərbaycan dövlətinin paralimpiyaçılara olan nümunəvi qayğısını da dönə-dönə vurğulayan Samir, vətənin bayrağını ucaltmağı özünə borc hesab edir.
Hobbisi kitab oxumaqdır. Bununla yanaşı, boş vaxtlarında tibbi araşdırmalar aparır, psixologiya ilə bağlı yazılar oxuyur.

Portret

Gülərüz, obrazlı desək, nur saçan çöhrəsi xarakterinin aynasıdır. Zərbələrdən sınmayan, əksinə, həyata möhkəm sığınan, onun mənasını mübarizələrdə axtaran Samir, əsl qəhrəmandır. Bu gün o, xoşbəxtliyin düsturunu tapıb desək, yanılmarıq. Qarşıda isə onu hələ çox mübarizə meydanı gözləyir. "Təcrübəm artdıqca, hiss edirəm ki, böyük uğurlar uzaqda deyil" deyən Nəbiyev, görünür, bizi hələ çox sevindirəcək.
Sahib

banner

Oxşar Xəbərlər