• şənbə, 20 Aprel, 02:08
  • Baku Bakı 15°C

Xoşbəxtlik “iksir”i – Ailə

07.07.14 11:20 5633
Xoşbəxtlik “iksir”i – Ailə
Xoşbəxtlik duyğusunun hər bir insanın içində olduğunu düşünürlər. Onların fikrincə, xoşbəxt olmaq üçün ilk növbədə sevmək lazımdır. Deyirlər ki, sevəndə, bağışlayanda, güzəştə gedəndə xoşbəxt olmaq daha asandır. “Ailə” rubrikamızın budəfəki qonaqları SPACE telekanında “Bizim mətbəx” verilişinin aparıcısı Aytən Əliyeva və Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevdir. 9 ildir ki, evlidirlər. Məhəmməd adlı 4 yaşında oğlanları var.
Elektron ünvanla başlayan eşq hekayəsi
Hər ikisi ATV-nin “Xəbərlər” redaksiyasında işləyərkən əyani şəkildə tanış olublar. Bir-birilə digər iş yoldaşlarından fərqli olaraq doğmalaşmalarına gəlincə, onları virtual aləm birləşdirib. Eyni otaqda oturmalarına baxmayaraq, İnternetdə elektron ünvan yaratmaq sayəsində bir-birlərinə yaxınlaşıblar. Aytən Namiqə özünə elektron ünvan yaratmaq istədiyini, ancaq bunu bacarmadığını bildirib. Namiq də elə Aytənlə birlikdə ona elektron ünvan yaradıb. Sonra da deyib ki, “gəl, yoxlayaq, görək, sənə məktub gəlirmi”. Beləliklə, sevginin ilk təməli qoyulub. Namiq ilk məktubunda “salam, Aytən” yazmaqla kifayətlənib. Sonrakı günlər də deyib ki, “heç kim e-mailini bilmir, qoy, bu gün də sənə məktub yazım, poçtuna məktub gəlsin”. Beləliklə, “salam, Aytən”lə başlayan məktubların məzmunu böyüməyə başlayıb. Bu dəfə işi ilə bağlı xarici səfərlərə gedən Namiq hər getdiyi ölkədən həm efir, həm də Aytənin mail-adresi üçün ayrıca reportaj hazırlayıb. Məktubda havanın necə olduğunu, özünün nə etdiyini, nələr gördüyünü yazıb. Aytən də boş dayanmayıb. O da iş yerində Namiq olmadığı günlər nələrin baş verdiyi barədə “reportaj”lar hazırlayaraq qarşı tərəfə göndərib. Aytən deyir ki, əslində hər ikisi də bilirdi ki, bu, bir-birini tanımaq məqsədilə qurulan bir münasibətdir: “Artıq məktublaşanda bilirdim ki, aramızda məhəbbət qığılcımı yaranıb, o məktubları gözləyirəm, eyni zamanda, məndən də məktublara cavab gözləyən var. Hər dəqiqə adresimə baxırdım. Zamanla qutuya gələn məktublar əhvalımı dəyişir, üzümdə təbəssüm yaradırdı, orada məktub olmayanda isə üzümdəki təbəssüm itirdi. Biz Namiqlə tam ünsiyyətə keçənə kimi bir müddət mənim ürəyim o mail-adresinin içində döyünməyə başlamışdı. Namiq mənə deyir ki, birinci dəfə səni görəndə fikirləşmişdim ki, bu qız bir az zəifdir, haradasa onu müdafiə etməliyəm, belə bir borcum, vəzifəm var. Mənə məsləhət görürdü ki, filankəsə qarşı belə davran, filankəs sənə niyə belə dedi. Mən də təcrübəsinə inanaraq həmişə ona qulaq asırdım. İnsanın həyatında belə bir dönəm var ki, kiməsə sığınmağa ehtiyacı olur. Fikrimcə, o dönəm də mənim üçün həmin məqam idi”.
“Dedim ki, bu qız mənim olmalıdır”
Namiqin sözlərinə görə, birlikdə işləmələri bir-birlərini daha yaxından tanımaları üçün gözəl fürsət yaradıb və onlar da bu fürsətdən öz xeyirlərinə yararlanıblar: “Aytəni görəndə, dedim ki, bu qız mənim olmalıdır. Onu yaxından tanıdıqca fikrimi daha da qətiləşdirdim. Mən elə bir ailədən çıxmışam ki, Aytəndə ailəmin qaydalarına uyğun bir ev qızı görürdüm. Anam ali təhsilli olmasına baxmayaraq, atam onu işləməyə qoymamışdı, harasa gedəndə mütləq atama deməli idi. Yaxud bacım hətta bir blok o tərəfə rəfiqəsiglə gedəndə belə mən onu aparıb ötürür və evə gətirirdim. Kollektivlə şənliyə, kiminsə xeyir işinə qatılanda Aytəni də atası gətirir və sonra gəlib anası ilə birlikdə götürürdü. Mən zarafatı xoşlayırdım, Aytən isə çox ağır idi. Onunla zarafat edəndə xoşunun gəlmədiyini hiss edirdim. Heç bir artıq-əskik hərəkətini görməmişdim, heç vaxt işdə səsini qaldırdığını eşitməmişdim. Beləcə, ailələrimizin uyğun olduğunu düşündüm və evlilik təklifi etdim”.
“Ona sığına biləcəyimi düşündüm”
Aytənin Namiqdə bəyəndiyi xüsusiyyətlərə gəlincə, deyir ki, xəbərlər otağında yalnız onun masasının üstündə telefon var idi: “Müşahidə edirdim ki, Namiq mənim masama yaxınlaşıb gün ərzində 3-4 dəfə anasına zəng edib hal-əhval tutur. Bu baxımdan onda möhtəşəm bir qayğıkeşlik, səbr, təmkin gördüm. Canlı efirlər əsəblərin tarıma çəkildiyi ən böyük məqamdır. Bu məqamda belə o, səbrli olmağı bacarırdı, heç vaxt səsini qaldırmazdı, heç kim onun insanı qıcıqlandıran xüsusiyyətini görməzdi. Həm də mənə elə gəlirdi ki, ona sığına bilərəm. Mənə kənardan çox güclü görünürdü”.
“Hərdən istəyirəm ondakı bu xüsusiyyətləri dəyişim”
Beləliklə, bir ildən azca çox çəkən münasibətlər evlilik təklifi ilə sonuclanır. 2005-ci ildə isə subaylığın “daş”ını atırlar. Evlənəndən sonra cütlüklərin xasiyyətində hansı dəyişikliyin, daha doğrusu, hansı “sürpriz”in ortaya çıxmasını da xəbər aldıq. Aytənin sözlərinə görə, əslində evlənməmişdən əvvəl qarşı tərəfdə xoşuna gələn hər şey olduğu kimi qalıb. Sadəcə, bir müddət bərabər həyat yaşadıqdan sonra əvvəl xoşuna gələn xüsusiyyətlər sonra onu qıcıqlandırmağa başlayıb: “Xarakterindəki tolerantlıq, səbrlilik, ətrafdakı bütün insanlara yalnız xoş niyyətlə yanaşması, qarşılıq almadan fədakarlıq göstərməsi - zaman keçdikcə bu insanda nələri sevmişdim, dəyərləndirmişdimsə, bu, məni qıcıqlandırmağa başladı. Deyirdim ki, qarşılıq almadan o qədər sevgi vermək, səbrli olmaq düzgün deyil. Elə bir nöqtə var ki, orada “dur” deməyi bacarmaq lazımdır, amma Namiq çox səbrlidir. Hərdən istəyirəm ki, ondakı bu xüsusiyyətləri dəyişim, amma ürəyimin dərinliklərində düşünürəm ki, onu məhz bu xüsusiyyətlərinə görə sevmişəm”.
Namiqi “şoka” salan xasiyyətlər
Ailə qurandan sonra Aytənin də bəzi xüsusiyyətləri, dediyinə görə, Namiqi bir az “şok”a yaxın vəziyyətə salır: “Məlum oldu ki, atası evində ərköyün olan Aytən yaxşı mənada zəhmətkeş, dözümlü imiş. Nişanlı vaxtı xaricdə olanda Aytənə zəng vuranda məlum oluru ki, günortalar yatıb. Amma bizə gələndən sonra aəhər tezdən işə gedir, işdən sonra ora-bura qaçırdıq, evə gələndə isə Aytən yorğun-arğın ev işləri görür, yemək bişirirdi. Bir də onun çox həssas olduğunu hiss etdim. Həmişə deyirəm ki, insanlar fərqlidir, heç kimdən incimək lazım deyil. Amma Aytən ətrafındakılara verdiyi sevgini, dəyəri əvəzində onlardan görməyəndə inciyir. Bəlkə də qarşıdakı adam heç fərqinə varmadan həmin hərəkəti edir. Məndə də əslində o xasiyyət var”.
“Anlaşılmazlıq olanda ikimiz də susuruq”
Ailədə anlaşılmazlıq olanda kimin su, kimin od olmasına gəlincə, A.Əliyeva deyir ki, bu zaman hər ikisi su olur: “İkimiz də susuruq. On ilə yaxındır ki, evliyik, amma heç vaxt üzbəüz dayanıb qışqıraraq dava etməmişik. Düşünürəm ki, bəlkə də qışqırarkən onu elə qıraram ki, sonra o münasibəti bərpa edə bilmərəm. Düzdür, fikirlərini həmin dəqiqə deməmək, ürəyində saxlamaq, susmaq adamı incidir, amma susandan bir müddət sonra həmişə mən “sən bunu başa düşməliydin”, “burada belə etməliydin”, “mən burda belə etmişəm” və s. sözlərlə söhbəti açmağa başlayıram. Sonra o, başa salır ki, nəyə görə belə olmalıydı. Əslində özümün başa düşəcəyim şeyləri Namiq xırdaladığı, anlatdığı zaman, onun dilindən eşitdiyimdə elə bil daha yaxşı qəbul edir, daha yaxşı başa düşürəm. Bir sözlə, mən danışıram, ağlayıram, öz fikirlərimi deyirəm, sonra o, başa salır və söhbət burada bitir, hər şey əvvəlki vəziyyətinə qayıdır”.
“Problem varsa, demək həyat var”
Namiqin fikrincə, ailədə anlaşılmazlığın olması təbiidir: “Bir də görürsən, insan tıxaca düşür, əsəbləşir, yaxud gərgin iş prosesindən sonra evə gəldikdə acığını evdə tökür. Çünki əsəb adamın içində qaldıqda hardasa çıxmalıdır. Münasibətlərimiz müvəqqəti deyil, ömürlük olduğundan qarşılıqlı hörmət mütləqdir. Buna görə də anlaşılmazlıq olanda bir-birimizi incitməməyə, anlaşılmazlığı müdrikliklə yoluna qoymağa çalışırıq. Beynəlxalq münasibətlərdə də belə bir şey var ki, problem varsa, demək həyat var və sən bu problemi həll etməlisən, problemsiz mümkün deyil. Ailə özü də kiçik dövlətdir və bu dövlətin xəzinədarı da, rəhbəri də var, söz-söhbəti isə sivil qaydada həll etmək lazımdır”.
Evin xəzinədarı və baş naziri kimdir?
Yerigəlmişkən, ailədə kimin xəzinədar və baş nazir olmasına gəlincə, bu vəzifələrin öhdəsindən Namiq gəlir: “Qlobal xərclər mənim boynumdadır. Aytən isə öz xərclərini qarşılayır. Evləndiyim vaxtlar cüzi maaş almağıma baxmayaraq, belə bir qayda qoydum ki, Aytən atası evində o maaşı hara xərcləyirdisə, bizim evdə də elə xərcləyəcək”.
Aytənin sözlərinə görə, yeni ailə quranda həyat yoldaşı deyib ki, onun bir çörək almağını belə istəmir: “Dedi ki, burada da ata evində olduğu kimi səni hər şeylə təmin edəcəyik, maaşını da ürəyin istəyən yerə xərcləyərsən. Təbii ki, qadın maaşı da köməkdir. Geyimi, parfümeriyanı özün alırsan. Düşünürəm ki, qadınlar təmin olunduqları halda belə, işləməlidirlər”.
“Efirdə gözlərim Namiqi axtarır”
Uzun müddət bir yerdə işləmənin, eyni peşə sahibi olmanın üstün cəhətlərinə gəlincə, həmsöhbətimiz deyir ki, Namiq televiziyada işləyərkən ona çox böyük dəstək olub: “O, teleməkandan gedəndən sonra özümü televiziyada təkcə, kimsəsiz hiss etdim. Analıq məzuniyyətindən sonra fikirləşdim ki, Namiqsiz o redaksiyaya necə qayıda bilərəm. Baxmayaraq ki, uzun illərin təcrübəsi var idi, Namiqin adı üstümdə idi, ancaq sanki işə sıfırdan başladım. Digər tərəfdən, bir tamaşaçı kimi Namiqin efirdən getməyinə çox təəssüf edirəm. Düşünürəm ki, hələ indiyə qədər Azərbaycan efir məkanı ikinci Namiq Əliyev yetişdirməyib. Bəlkə də haradasa həyat yoldaşım olduğuna görə subyektiv fikrim də var, amma hər axşam xəbərlərin ana buraxılışında mən tamaşaçı kimi Namiqi axtarıram. Heç vaxt istəməzdim ki, Azərbaycan teleməkanı elə bir aparıcını itirsin. Bunu çox peşəkar insanlardan da eşitmişəm”.
“Işdən qayıtdıqda gizlənpaç, qaçdı-tutdu oynayırıq”
Qeyd edək ki, hər iki həmsöhbətimiz işlədiyindən 4 yaşlı övladlarına dayə baxır. Məhəmmədin “Səmiş nənə” deyə çağırdığı dayə həm də Aytənə ev işlərində kömək edir. Aytənin evdə nə etməsinə gəlincə, gülə-gülə deyir ki, o da evdə hadisələrə nəzarət edir: “Uşağımızı ilk vaxtlar dayəyə verəndə Namiqin anası rəhmətə getməmişdi və onunla birlikdə yaşayırdıq. Buna görə də rahatlıqla oğlumu dayəyə etibar edə bilirdim. Indi də 10 ilə yaxındır ki, balamın Səmiş nənəsi bizimlə olduğundan
arxayın şəkildə yalnız ona etibar edə bilirəm”.
Maksimum dərəcədə oğlanlarına vaxt ayırmağa çalışdıqlarını deyən cütlük bundan zövq aldıqlarını bildirir: “İşə gedəndə ondan ayrıla bilmirik, çoxlu öpüb, əzizləyib evdən çıxırıq. Əsasən işdən sonra və şənbə-bazarımızı ona ayırırıq. Işdən qayıdanda yorğun olsaq da, Məhəmməd enerjili olduğundan oynamaq istəyir və biz də məcburən onunla qaçdı-tutdu, gizlənpaç oynayırıq”.
“Xoşbəxtlik üçün ilk növbədə sevmək lazımdır”
Sonda həmsöhbət olduğumuz cütlüyün “xoşbəxtlik iksiri”ni də öyrəndik. Aytənin fikrincə, xoşbəxt olmaq üçün ilk növbədə sevmək lazımdır: “Ancaq təkcə həyat yoldaşını sevməklə iş bitmir. Onu bütün “hə”ləri və “yox”ları, türklər demiş, yaxşı və pis günündə, xəstəliyi və sağlamlığı ilə birlikdə sevmək lazımdır. Xoşbəxt ailə ola bilmək o sevginin arxasında dayana bilmək, kompromisə gedə bilmək, onu atası, anası, bacısı, qardaşı, sənəti, uğurları və uğursuzluqları ilə birlikdə sevməkdir. Düşünürəm ki, sevəndə, bağışlayanda, güzəştə gedəndə xoşbəxt olmaq daha asandır”.
Namiqin fikrincə, xoşbəxtliklərinin səbəbi həmişə yaşlarından artıq düşünmələridir: “Gənc ola-ola böyük kimi hərəkət etmişik. Hərdən elə olur ki, buna görə özümüzü qınayırıq. Nəyə görə biz razı oluruq ki, özümüz əziyyət çəkək, ətrafdakılara heç nə olmasın?”.
Müsahibimizin sözlərinə görə, əgər bir insan xoşbəxtdirsə, ətrafdakılar da ona bunu deyirsə, o, bu xoşbəxtliyi sorğu-sual etməməlidir. Bununla kifayətlənməli və çalışmalıdır ki, xoşbəxtliyi davamlı olsun: “Tolstoyun “Anna Karenina” əsərində belə bir epiqrafı var ki, bütün xoşbəxt ailələr eynidir, bütün bədbəxt ailələr isə fərqlidir. Bəzən həyatda elə ailələrlə rastlaşırıq ki, baxırsan, xoşbəxt olması üçün hər şeyi var, amma xoşbəxt ola bilmir və bədbəxt olmağa mütləq bir səbəb tapır. Xoşbəxtlik duyğusu hər bir insanın içində olmalıdır və bunu dəyərləndirməyi bacarmalıdır. Ailəni idarə etmək özü maraqlıdır, adama stimul, yaşamaq həvəsi verir”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər