Xoşbəxtlik elementi olan övlad
Xoşbəxt ailə sağlam cəmiyyət deməkdir. Çünki hər
bir fərd ayrılıqda cəmiyyət üzvü olaraq, onun inkişaf etməsində və ya əksinə,
inkişafını ləngitməsində müəyyən rol oynayır. Bəs ailə hansı hallarda xoşbəxt
olur? Maddi imkan, ev, övlad...
Övlad ailə xoşbəxtliyini bir növ tamamlayır. Yəni
uğurlu övlad ailənin xoşbəxtlik elementidir. Eyni zamanda, uğurlu fərd də mütləq
xoşbəxt ailənin övladı olur. Övlad barı olmayan ailələr isə bu boşluğu yenə
övladla; götürülmə övladla "doldurmağa” çalışırlar. Amma bu da hər zaman uğurlu
olmur. Ya götürülmüş övlad nankor olur, ailənin bütün əzab-əziyyətlərinə,
sıxıntılarına baxmayaraq, onun etimadını doğrultmur, ya da ailə onu əsl övladı
kimi tam xoşbəxt edə bilmir. Bu qırıqlıq sonradan bir qəlb sızıltısına, daha
sonralar isə dözülməz mənəvi ağrılara çevrilir. Mütəxəssislər də bu mövzu ilə
bağlı konkret nəticəyə gələ bilmirlər. Belə ki, istənilən ailə tərəfindən
övladlığa götürülən uşağın doğmalaşması üçün vacib detalların bəzən nəzərə
alınmadığı qeyd edilir.
Övladlığa
götürmə nə zaman zəruridir?
"Humel” Psixologiya Mərkəzinin psixoloqu Mikayıl Əliyev
bildirdi ki, övladlığa götürmə müxtəlif hallarda baş verir: "Adətən, vətəndaş
nikahından dünyaya gəlmiş uşaqlar, valideynlərin evlənmələrinə razı olmadıqları
halda, iki gəncin öz aralarında baş vermiş münasibətdən dünyaya gəlmiş uşaqlar,
valideynlərinin biri və ya hər ikisi vəfat etmiş uşaqlar uşaq evinə yerləşdirilir.
Bəzən ana çox erkən yaşda uşaq dünyaya gətirmiş olur. Fərdlərin, ana və atanın
şəxsi məsuliyyət və iqtisadi məsuliyyət hissi çox zəif olur. Onların iqtisadi
azadlıqları olmur. Bu kimi hallarda da körpə uşaq evinə verilir. Bir cütlüyün
uşaq evindən uşaq götürməsi məhz belə uşaqların övladlığa götürülməsidir. Əslində,
bu halda uşağın övladlığa götürülməsi daha məqsədə uyğundur”.
Gizli
saxlanılmamalıdır
"Bizim cəmiyyətdə
isə çox vaxt bunu qəbul etmirlər. Daha çox qohum ailənin uşaqları övladlığa
götürülür. Səbəb kimi uşağın genetikasını, başqa sözlə, əslini-nəslini bildiklərini
söyləyirlər. Yəni "Ot kökü üstündə bitər” deyərək, gələcəkdə var-dövlətin ona
qalması, onu övladlığa götürmüş valideynlərə qocalıq dövründə baxması kimi məsələ
də ortaya qoyulur. Təbii ki, bunun müsbət tərəfi var”.
Mütəxəssis deyir ki, övladlığa götürüldüyü, uşağa
deyilməlidir: "Bu məsələ uşaqdan gizli saxlanılmamalıdır. Ümumiyyətlə, bu məsələnin
uşağa deyilmə yaşı 4-7 yaş arasıdır. Bu məsələ ailənin özü tərəfindən deyil,
çox yaxşı olardı ki, hansısa bir psixoloq dəstəyi vasitəsilə həyata keçirilsin.
"Nəyə görə deyilməlidir” sualına gəldikdə, bilmək lazımdır ki, insanın həyatda
ilk qazanmış olduğu duyğu güvən hissidir. Bu duyğu ana bətnindən başlayır. Uşaq
sonradan biləndə ki, mən bu ailənin övladı deyiləm, o halda, uşaqda güvən
duyğusu sarsılmış olur. O baxımdan, məsələnin psixoloq vasitəsilə açılması daha
yaxşıdır. Burada bir peşəkar dəstəyi məhz ona görə lazımdır ki, uşağın bunu yad
insanlar tərəfindən eşitməsi onun stress keçirməsinə səbəb olacaq. Uşaq təşvişli
ola bilir. Bu halda isə özünə daha çox qapanır”.
Niyə
məhz 4-7 yaş arası?
"Uşaq artıq 11 yaşdan sonra yeniyetməlik yaş dövrünə
qədəm qoyur. Yeniyetməlik yaş dövründə sosial olaraq, özünü gerçəkləşdirmə
dövrü başladıqda, artıq o zaman fikir ayrılığında qalır. Deməli, mənim indiyə
kimi yaşadıqlarım yalan imiş. Özünü gerçəkləşdirməyə qədər müddətdə şəxs özünü
hər hansı bir ailəyə, hər hansı bir ata-anaya aid hiss edir. Hər şeyin yalan
olduğunu biləndə, yeniyetməlik zamanı fəsadların baş vermə ehtimalı daha böyük
olur. Onda davranış pozuntuları yaranır. İndiki ailəsini itirmək qorxusu isə
özünü ən çox göstərən problemlərdən birinə çevrilir. Uşaq düşünür ki, əvvəlki,
doğma ailəsi onu qəbul etməyib, onu sevməyiblər, birdən bu insanlar da onu qəbul
etməz. Uşaq daim bu qorxu ilə yaşayır. Guya onu sevməyərək bu ailəyə veriblər
deyə, hazırda mənsub olduğu ailəsini itirmək qorxusunu yaşayan uşaq aqressivləşə
bilər. Bunu isə ona görə edir ki, görüm bu ailə məni həqiqətən istəyir, ya yox?
Bu zaman hazırkı ailənin üzərinə düşən məsələ "biz səni istəyirik, sevirik, sənə
ehtiyacımız var” deyərək, bu kimi duyğu və düşüncəni uşağa aşılaya bilməsidir”.
Uşaq "yox” deyə bilmədikdə
"Digər bir problem uşaqda yaranan dəyərsizlik
hissidir. Güvən duyğusunu itirəndə, uşaqda artıq özünə qarşı dəyərsizlik hissi
başlayır. Uşaqda "yox” deyə bilməmək xarakteri formalaşır. İstəyir ki, məsələn,
hazırda mənsub olduğu ailənin ondan üz döndərməməsi, inciməməsi üçün hər şey
etsin. Uşağı ailəyə "bağlayan” daha yaxşı variantlardan biri uşağın keçmişi ilə
bağlı, yəni 1-3 yaş dönəmində onun çəkildiyi foto və videoların göstərilməsidir.
Onun ikinci ailəsi ilə bağlı fotoşəkillər uşağın özünün xatırlaya bilmədiyi,
yadına gəlmədiyi zamanlarda belə, bu insanların onun yanında olması, həmin ailənin
ona qarşı olan sevgisini, diqqət və qayğısını hiss etdirəcək. "Mən səni bətnimdə
deyil, qəlbimdə böyütmüşəm” fikrini ona aşılamaq lazımdır. O, 4-6 yaş dönəmində
müəyyən informasiyaya sahib olmalıdır. Məsələni tam olduğu kimi qavraya bilməsə
də, bu barədə ilkin məlumatı olmalıdır. Artıq 8-9 yaşında və irəliləyən
yaşlarda uşaq özlüyündə bunu analizdən keçirir və həzm edir. Yeniyetməlik
yaşına keçəndə artıq onun, psixoloji baxımdan özünü gerçəkləşdirməyi, özünü təsdiq
etməyi daha rahat olur. O, sağlam şəkildə yeniyetməliyə qədəm qoyur”.
Nəvə
nənənin övladıdır
"Nənə və baba yanında böyüyən uşaqlar da qismən
övladlığa götürülənlərdir. Belə olur ki, iqtisadi baxımdan iki uşağın birinə nənə
ilə baba baxır. Bunun başqa bir adı isə yoxdur. Bu hal qismən də olsa,
övladlığa götürmə sayılır. Bu zaman uşaq öz bioloji ata-anasından ayrı yaşasa
da, valideynlərinin kim olduqlarını bilir”.
Sevgi
münasibətlərindəki təhlükə
"Hansısa qohumun uşağını övladlığa götürən zaman bəzən
bioloji qardaş-bacısını əmisi qızı və ya oğlu, xalası qızı və ya oğlu kimi
tanıyan uşaqlar arasında irəliləyən yaşlarda sevgi münasibətləri başlaya bilər.
Valideynlər bunu öncədən nəzərə almalıdırlar. Bu barədə yetəri qədər
informasiyalar eşitmişik, yəni bu kimi hadisələrin baş verməsi mümkün haldır. Əgər
bacı-qardaş olmuş və bir-birini yaxın qohum - xalaoğlu-xalaqızı və s. kimi
tanıyan gənclər arasında sevgi münasibətləri başlayıb və onlar intim münasibətlərə
qədər yaxın olublarsa, təbii ki, məntiqi surətdə heç zaman bir araya gəlmək istəməzlər.
Onların ağır şəkildə depressiyaya düşmək ehtimalı mütləqdir. Bu zaman həmin gənclərdə
psixoloji baxımdan postravmatik stress yaşanır, ağır formalı depressiya
yaranır. Bu insanlara psixoloji yardım göstərilməlidir. Bu, artıq qaçılmazdır.
Onların yaxın ətrafı, onlara dəstək ola biləcək hər hansı bir şəxsin sözü
onlarda aqressiya yaradır. Çünki bu gənclər üçün onların ikisindən, həm özündən,
həm də qarşı tərəfdən başqa hər bir yaxın adam, qohum günahkardır. Baş vermiş
münasibətlər və üstəlik, onlara təsəlli kimi deyiləcək hər hansı bir söz,
onlarda ağır dərəcədə depressiyadan qaynaqlanan intihar cəhdlərinə səbəb ola
bilər. Onsuz da onlar emosional baxımdan bir çöküntü yaşayırlar. Bu zaman ən
optimal variant psixoloji yardımdır. Onlar mütləq uzaq məkanlarda yaşamalı və
bir neçə il bir-birini görməməlidirlər. Bu, emosional qırılmanın bir proses
olaraq baş verməsi, yaşanması üçündür. Emosional qırılmanın zaman dilimi isə
minimum 4-5 ildir. Yalnız bundan sonra həyat qismən bərpa olunur”.
Uşaq
xoşbəxt böyüyürsə...
Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi
İctimai Birliyinin sədri Mehriban Abdullayeva övladlığa götürmənin yaxşı cəhətlərini
qeyd etdi: "Yəni bunun müxtəlif səbəbləri olur. Atılmış uşaqların övladlığa
götürülməsi yaxşı haldır. Övladı olmayan ailələr belə uşaqlara sahib çıxaraq,
onları böyüdüb tərbiyə edir, digər tərəfdən də, özlərinin gələcəkdə tənha
qalmayacaqlarını təmin etmiş olurlar. Uşaq evindən övladlığa götürmə uzun bir
prosesdir. Bunun üçün ev, ailə şəraiti, iqtisadi vəziyyət, ailənin psixoloji
durumu və s. nəzərə alınır”. Mehriban xanım bildirdi ki, uşaq xoşbəxt böyüyürsə,
uşaqlıq çağında bunu ona bildirmək travmadır. Uşaqlığını yaşayandan sonra isə
demək lazımdır.
Qohum uşağının övladlığa götürülmə məsələsinə
toxunan Mehriban xanım qeyd etdi ki, bu da asan məsələ deyil. Qohum bəzən
övladını düşdüyü çətin durum zamanı övladlığa verir: "Yəni daha çox iqtisadi cəhətdən
imkanı olmayan ailənin övladı və ya arzu olunmayan uşaqlar övladlığa verilə bilər.
Bəzən hansısa səbəbdən valideyn övladına baxmaq istəmir. Bu, boşanmış ailələr
üçün də xarakterikdir”.
Xəstəlik
halları, qanla bağlı problemlər
"Bəzən məlum hadisələr, xəstəlik halları ortaya
çıxır, qanla bağlı problemlər yaranır. Yəni uşaq nə zamansa biləcək ki, onu
böyüdən insanlar onun bioloji valideynləri deyilmiş. Ona görə də, zamanında
bilsə, daha yaxşıdır. Onsuz da müəyyən bir vaxtdan sonra işin üstü açılacaq. Ya
da qohumlar arasında bəzən baş verən yersiz münaqişələr, dedi-qodular da həmin
uşağın gələcəyinə zədə vurur. Hətta uşağı övladlığa götürən ikinci valideynlər
bəzən yaşayış yerlərini dəyişmək məcburiyyətində qalırlar ki, məsələnin üstü
açılmasın. Bəzən bioloji valideynlər
uşağa "sən bizim övladımızsan, səni bibiyə, xalaya və s. vermişik” deyərək,
uşağa eşitdirirlər. Bu cür xudbin insanlar uşağa necə bir travma yaşatdıqlarını
düşünməyərək, onunla sanki bir əşya olaraq davranırlar. Bu hal isə sözsüz ki,
münasibətlərdə ögeylik hissləri yaradır. Uşaq özünü bu ailədə istər-istəməz
artıq bir insan olaraq hiss edir. Bir faktı qeyd edim: övladlığa götürülmüş bir
oğlan uşağına qəflətən deyilmişdi ki, sən bu ailənin övladı deyilsən, səni
övladlığa götürüblər. Oğlanın artıq 16 yaşı vardı, təbii ki, münasibətlər,
baxışlar dəyişdi. Ögeylik yarandı. Bu, vaxtında deyilməli idi ki, uşaq buna
hazır olsun. Onu min cür əziyyətlə böyüdən insanların valideyn olmaması və
bunun birdən-birə, kobud şəkildə, qərəzkar
bir qonşu tərəfindən açılması xoşbəxt bir ailədə sınıqlıq yaratdı. Uşaq çıxıb
getmədi, amma hər iki tərəf – uşaq da, valideynləri də bir-birindən xəcalətli
kimi yaşamalı oldular. Bəzən yerində işlədilməyən bir söz hər şeyi alt-üst edə
bilər. Bunu vaxtında, asta-asta demək lazım idi”.
Zeynəb Əliqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün hazırlanıb