• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

Xoşbəxtlər ölkəsində əsəbi pozan tək şey – Təhsil

08.12.14 10:42 2830
Xoşbəxtlər ölkəsində əsəbi pozan tək şey – Təhsil
“Eurovision müsabiqəsində qalib olanda 5-6 nəfər qızla əlimizdə bayraq şəhərin küçələrinə çıxmışdıq. Hamı bizə qəribə baxırdı. Çoxları bayrağımızı tanımadığı üçün təəccüblənirdi. Yaxınlaşıb “hansı ölkənin bayrağıdır” deyə soruşurdular? Biz də fürsətdən istifadə edib ölkəmiz haqqında italyanları məlumatlandırırdıq”.
Bu sözləri bizimlə söhbətində İtaliyanın Venesiya şəhərində təhsil alan və orada çalışan həmyerlimiz Məryəm Mehdiyeva dedi. Artıq 5 ildir ki, İtaliyada yaşayan Məryəm italyan gənclərə Azərbaycan dilini tədris edir.
Müsahibimiz 1987-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə (italyan dili) fakültəsinə daxil olub. Onda italyan dilinə və ölkəyə olan maraq da məhz buradan yaranıb: “ADU-da oxuduğum müddətdə fakültəmlə bağlı dəfələrlə İtaliyaya dil kurslarına getmişdim. Universiteti bitirən kimi təhsilimi İtaliyada davam etdirməyə qərar verdim. Hazırda Perucada Beynəlxalq münasibətlər və reklam fakültəsində təhsil alıram və iki ildir, Venesiyada Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm. Həmçinin burada işləmədiyim vaxtlarda tərcüməçilik edib pul qazanmağa çalışıram”.
Əcnəbilərin düşdüyü tələ
Həmsöhbətimiz deyir ki, məqsədi İtaliya kimi bir ölkədə Azərbaycan dilini birinci dil səviyyəsinə çatdırmaqdır: “Azərbaycan dilini seçmə fənn kimi tədris edirəm. Əsas dərslərim ikinci semestrdə olur. Dərsə hər millətdən olan tələbələr gəlir. Əsasən türklər, koreyalılar və yaponlar bizim dili öyrənməyə çox maraqlıdır. Azərbaycan dili İtaliyada ən son 20 il bundan qabaq tədris olunduğu üçün o qədər də tanınmır. Mən iki ildir ki, bu dili tədris edirəm. Məqsədim gürcü, türk dilləri kimi Azərbaycan dilini də birinci dil səviyyəsinə çatdırmaqdır”.
Müsahibimiz İtaliyaya getdiyi ilk günlərdən də danışdı. O deyir ki, ilk günlər şəhər ona qəribə görünürmüş: “İtaliyaya gedəcəyimi öyrəndikdə həyəcanlandım. Elə bilirdim başqa dünyaya düşəcəm. Düzdür, fərqlidir, müasirdir, amma əslində hər yer təxminən eynidir. Hamımız eyni dünyanın insanlarıyıq. İtaliyaya ilk dəfə gələndə müəyyən çətinliklərimiz oldu. Hətta qatara bileti səhv daxil etdiyimizə görə cəzalandırıldıq. Bu, hər əcnəbinin düşdüyü tələdir”.
Elə bil İtalyanları söyürsən...
Hər bir tələbədə olduğu kimi Məryəmin də ilk çətinlikləri yemək bişirməklə bağlı olub. O da çoxları kimi makaron bişirməyə üstünlük verib: “Əslində yemək o qədər də problem deyildi. Məclislik yeməklər bişirə bilməsəm də, qarnımı birtəhər doyururdum. Ən çox bişirdiyim yemək isə makaron idi. Makaron ölkəsində makaron bişirməyin zövqü ayrıdır. İtalyanlar makaronu bizim kimi xəmir etmirlər. Onlar makaronu çox az qaynadırlar. Orada makaronun üstünə ketçap, mayonez tökdükdə, elə bil italyanları söyürsən. Özlərinin xüsusi makaron sousları olur ki, ancaq onlardan istifadə edirlər”.
Müsahibimiz deyir ki, italyanların Azərbaycan haqqında çox az məlumatları var. Onun sözlərinə görə, azərbaycanlıları ancaq universitetdə dərs deyən müəllimlər tanıyır: “İtalyanların ölkəmiz haqqında çox az məlumatları var. Əslində, çox yaxında olduğumuzu, təyyarə ilə 5 saatlıq məsafə olan ölkə olduğumuzu bilməyənlər çoxdur.
Bizi burada təhsil alan ruslar, ermənilər, gürcülər və türklər tanıyır. Müəllimlərimiz isə bizdən əvvəl də azərbaycanlı tələbə olduğu üçün digər italyanlara nisbətən tanıyırlar. Hətta onlar bizim tələbələrin tələffüz tərzlərindən razıdırlar. Çünki Azərbaycanlı tələbələr digər xalqlara nisbətən italyan dilində təmiz danışır”.
“Hamı məndən qorxmalıdır”
İngiltərə ilə bizim təhsilimiz arasında kifayət qədər fərqlər olduğunu vurğulayan müsahibimiz deyir ki, İtaliyada müəllim “hamı məndən qorxmalıdır” imici yaratmır: “Orada müəllimin dərdi dərsi çətinləşdirmək və tələbəni sıxışdırmaq deyil. Müəllimlər asan dillə çətin mövzuları izah etməyə çalışırlar. Tələbələr qiymət üstündə bir-birini “qırmır”. Kim nəyi bilir, layiq olduğu qiyməti də alır və bununla da razılaşır.
Burada əsas məqsəd tələbələri lazımsız materialla yükləmək deyil, onları yeni həyata hazırlamaq, əllərinə sənət verməkdir. Tələbənin dərs oxumamağını özlərinə təhqir kimi görmürlər, tələbənin problemləri ilə maraqlanırlar. Hamıya fərdi yanaşırlar. Müqayisə edib rəqabət yaratmırlar. Avropada hamının prioriteti “5” almaq deyil. Kimsə imtahana hazır gəlmədiyini, imtahandan kəsildiyini sənə ayıb bilməz, nə də sənə çətinlik yaradar”.
İtalyan gənci ilə Azərbaycan gəncini müqayisə edən həmsöhbətimiz deyir ki, italyan gənci gələcəkdən nə istədiyini yaxşı bilir: “İtaliyada gənclər sərbəst və açıq fikirlidir. Onlar həyatdan nə istədiklərini çox yaxşı bilirlər. İtaliyan gənclərinə istəmədiyini etməyə heç kim məcbur edə bilməz. Amma intellektual cəhətdən biz qətiyyən onlardan geri qalmırıq. Bir az düşüncə tərzimiz dəyişməlidir. İtaliyan gənclə söhbət edərkən əgər onun fikrinə əks fikir söyləyirsənsə, bunu qəbul edir və hörmətlə yanaşır. Azərbaycanlı isə səni öz düşündüyünə mütləq inandırmalıdır. Müəyyən misallar gətirməklə fikrini sənə sübut etməyə çalışır”.
Xoşbəxtlik ölkəsi
Müsahibimiz İtaliyada həm də tərcüməçi kimi işlədiyi üçün İnter-Qarabağ oyununu da tərcümə etmək ona nəsib olub: “Futbolla bağlı çox tərcümələr etmişəm. Bu nə ilkdir, nə də son. Təbii ki, bu oyunu tərcümə etmək daha həyəcanlı idi. Amma bu, mənim işimdir”.
Müsahibimiz yaşadığı şəhər haqqında da oxucularımıza məlumat verdi. O deyir ki, Venesiya sanki xoşbəxt insanların şəhəridir: “Venesiya dünyanın ən gözəl, ən fərqli şəhərlərindəndir. Avtomobil sürə bilməyəcəyin bir yerdir. Amma buna rəğmən yolun məşhur körpülərdən birinin üstündən keçirsə, turistlərin əlindən tıxacda ilişib qalırsan. Möcüzəli bir yerdir, günün hər saatında fərqli rənglərə boyanır. Başdan-başa tarixdir, incəsənət əsəridir. Məşhur San Marko meydanı isə axşamları canlı orkestrə qulaq asıb rəqs edə biləcəyin nağıllar aləmidir. Şəhərin hər yeri musiqi, restoran, turistdir. İnsanların əksəriyyəti gülərüzlüdür. Orada adamın əsəbini pozan tək şey səni hər addımda saxlayan gül satanlardır. Bu ölkə elə bil xoşbəxt insanların toplaşdığı yerdir”.
Məryəm sonda gələcək planlarını da bizimlə bölüşdü. Deyir ki, əsas məqsədi ölkəmizi İtaliyada tanıtmaqdır: “Öz ixtisasım üzrə hələ ki Venesiyada çalışmaq və burada tərcüməçilik etmək istəyirəm. Ölkəmizə də tez-tez gedib gəlirəm. İtaliyada yaşadığım müddətdə də Azərbaycanla bağlı işlər görürəm. Bizim borcumuz ölkəmizi xaricdə yaxşı mənada tanıtmaqdır”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər