• cümə axşamı, 28 mart, 13:59
  • Baku Bakı 16°C

Xoşbəxt yaradıcılıq həyatı yaşayan sənətkar Reportaj

04.03.14 13:36 4045
Xoşbəxt yaradıcılıq həyatı yaşayan sənətkar Reportaj
«Xalq əmanəti» layihəsi çərçivəsində keçirilən tədbirlər artıq ənənəyə çevrilib. Xalq Bankın bu layihəsi sosial, mədəni və ictimai əhəmiyyət daşıyır. Xalq Bank layihənin növbəti təqdimatını görkəmli rəssam, Azərbaycan təsviri sənətinin parlaq nümayəndəsi Mikayıl Abdullayevin rəngkarlıq və qrafika əsərlərindən ibarət “Mikayıl Abdullayev” albomunun təqdimatına həsr edib. Bu, gözəl bir hədiyyədir». Xalq Bankın “Xalq əmanəti” layihəsinin 10-cu yubiley təqdimatında səslənən bu fikirlər SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin həyat və yaradıcılığına yaxından işıq salıb.
Tədbirin aparıcısı Yusif Günaydın “Mikayıl Abdullayev 1921-ci ildə Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqdan rəsm çəkməyə həvəs göstərib. 16 yaşında ikən bu həvəs onu Bakı Rəssamlıq Texnikumuna gətirib. O, daha sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq Məktəbində davam etdirib. Yaradıcılığının ilk dövrlərindən başlayaraq öz ifadə vasitələrinin orijinallığı və mövzu və janr müxtəlifliyi ilə rəssamlıq və sənətşünaslıq elminin diqqətini cəlb edib. Yaradıcılığının yetkin dövründə isə nəinki Azərbaycanın, Sovet İttifaqının təsviri sənət məktəbinin öncül nümayəndələrindən birinə çevrilib. Mikayıl Abdullayevin əsərləri rəssamın şəxsiyyəti ilə heyrətamiz ahəngdarlıq təşkil edib”.
M.Abdullyev SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib, Azərbaycanın Əməkdar İncəsənət xadimi adını alıb. C.Nehru adına beynəlxalq mükafata, “Lenin”, «Oktyabr inqilabı» və “Xalqlar dostluğu” ordenlərinə layiq görülüb. Sinəsini Azərbaycanın “İstiqlal” ordeni bəzəyib. “Bütün bu mükafatlar və fəxri adlar sənətkarın gərgin əməyinin bəhrəsidir.
Onun əsərləri yaradıcılığı boyu ümumittifaq və respublika sərgilərində, habelə xaricdə nümayiş etdirilib. Dünyanın bir çox şəhərlərində görkəmli rəssamın sərgiləri, onun illüstrasiya verdiyi, eləcə də müəllifi olduğu kitablar və məqalələri işıq üzü görüb. Sənətkarın eskizləri üzrə opera və balet tamaşalarının, o cümlədən Azərbaycan mədəniyyət günləri zamanı təşkil olunan konsert proqramlarının dekorasiyaları hazırlanıb”.
Görkəmli rəssam «Mingəçevirin işıqları», «Astarada çay yığımı», «Qarabağın qızları», «Lənkəranda kolxozçu qadın», «Abşeronlu qadın», «Anamın gəncliyi», «Çəltik əkən qızlar», “Kənd”, “Ana”, “Abşeronda” və s. əsərləri ilə əsl sənət nümunələri yaradıb. “Bu əsərlər hələ rəssamın sağlığında Azərbaycan təsviri sənətinin incisinə çevrilib. Mikayıl Abdullayevin əsərləri ilə tanış olanda, onun doğma diyarın mədəniyyəti, tarixi və ənənələri ilə qırılmaz bağlılığı üzə çıxır. Sənətkarı tanıyanlar qeyd edirlər ki, yalnız onun kimi nur saçan, ürəyi açıq, insansevər, hətta, xidmət etdiyi incəsənətə eşqi aşıb-daşan insan belə əsərlərin müəllifi ola bilərdi. O, özü də yaratdığı əsərləri kimi sevgi, mərhəmət və nur saçıb. Rəssam təsirli boyaları, dəqiq və yığcam format, ədəbiyyat qanunlarına əsaslanan özünəməxsus, özəl aləm yaratmağa müvəffəq olub. Onun yaratdığı aləmin dərki üçün sadəcə, seyr etmək kifayət deyil, bu aləmi qəlbən duymaq, saf nəzərlə izləmək lazım gəlir”.
Xeyirxah, səmimi rəssam

SSRİ Xalq Rəssamı, akademik Ömər Eldarov Mikayıl Abdullayevin təsviri sənət sahəsində görkəmli sənətkar olduğunu vurğulayıb: “Mikayıl Abdullayev bütün əsərləri üzərində son dərəcə əmək sərf edir və parlaq əsərlər yaradırdı. O, Moskvada oxuduğu illərdə də institutun ən yaxşı tələbələrindən olub. Diplom müdafiəsindən sonra Bakıya qayıdan Mikayıl Abdullayev «Mingəçevir işıqları» silsilə rəsm əsərlərini yaradıb. O, çox incə bir duyumla Mingəçevir gecələrini, oradakı əmək həyatını, ümumilikdə ölkənin abı-havasını parlaqlıqla təsvir edə bilib. Mikayıl Abdullayev cəmiyyətdə çox böyük nüfuza malik idi”. Ö.Eldarov qeyd edib ki, Azərbaycanın xalq deputatı kimi insanlara, hətta tanımadığı adamlara yardım əlini uzatmağı özünə borc bilirdi”. Ö.Eldarov sənət dostunun yaradıcılığında Hindistan və onun ədəbiyyatının mühüm yer tutduğunu qeyd edib: “Mikayıl Abdullayev bir sıra sovet rəssamlarının arxasınca Hindistana getdi. Onun “Hindistan” seriyası silsilə əsərləri o ölkə haqqında çəkilən əsərlər içərisində ən sanballısı idi. O, SSRİ Xalq Rəssamı adına çox cavan yaşında layiq görüldü. Bu xoşbəxtlik hər rəssama nəsib olmurdu. Mən deyərdim ki, o, xoşbəxt yaradıcılıq həyatı yaşayıb. Dövlətinin bütün mükafatlarına layiq görülüb və xalqın sevgisini qazanıb. O, öz yaradıcılığında da xeyirxah, səmimi rəssam olub. Onun yaradıcılığındakı obrazlar öz bütövlüyü ilə fərqlənirdi. Mikayıl Abdullayevin yaradıcılığını fərqləndirən çoxjanrlılığı, mövzu rəngarəngliyi idi”.
Azərbaycanın və keçmiş SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli “Mən xoşbəxtəm ki, onunla təmasda olmuşam” deyə qeyd edib: «Mikayıl müəllim böyük rəssam idi. Mən Zağulba qəsəbəsində məşq edəndə Mikayıl müəllim də ora gəlirdi. Mən onun üçün çalırdım. O, son dərəcə ziyalı və təvazökar insan idi. Heç kəs onun ucadan danışdığını eşitməmişdi. Onun sənəti bizim sərvətimizdir. Mikayıl Abdullayev həmişə deyirdi ki, Azərbaycanın ən böyük silahı onun mədəniyyəti, rəssamları və bəstəkarlarıdır. Mən bu layihəyə görə Xalq Banka minnətdaram!»
Xalq rəssamı Ağali İbrahimov isə Mikayıl Abdullayevdən dərs aldığını bildirib: “O, mənim müəllimim olub. Mikayıl Abdullayev xeyli şagird yetişdirən gözəl pedaqoq idi. Onların arasında görkəmli sənətkar kimi püxtələşmiş rəssamlar da az deyil. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət kafedrasının müdiri vəzifəsində işləyib, Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarına rəhbərlik edib”. A.İbrahimov müəllimini Azərbaycanda ilk klassik rəssam kimi dəyərləndirib: “Biz əgər Azərbaycandan olan klassik rəssamların adını çəkiriksə, onlardan ilki Mikayıl Abdullayevdir. O, təkcə rəngkar kimi deyil, həm teatr rəssamı, mozaika, peyzaj, portret və s. janrların sənətkarı idi. Mikayıl Abdullayev təkcə Azərbaycanda deyil, həm də dünyada tanınmış şəxsiyyət və ictimai xadim idi”. A.İbrahimov görkəmli rəssamın yaradıcılığında portret janrının xüsusi yer tutduğuna diqqət çəkib: “O, həm müasirlərinin, həm də tarixi şəxsiyyətlərin surətləri üzərində uzun illər işləyib və zəngin portret qalereyası yaradıb. Nəsimi, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Rəsul Rza, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Çingiz Aytmatov, Mirzə Fətəli Axundov, Fərhad Bədəlbəyli və b. şəxsiyyətlərin portretləri hətta, təsviri sənətdən uzaq olan tamaşaçılar da tanıyır”.
M.Abdullayevin yaradıcılığında kitab qrafikası və illüstrasiyası da mühüm yer tutur. Belə ki, görkəmli rəssam Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mola Pənah Vaqif, Aşıq Ələsgər, Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza və b. klassiklərin yaradıcılığına məzmunlu illüstrasiyalar çəkib. “Bu şəkillər əmək kitabları oxuyan oxucuya kitabın estetik qayəsini, fəlsəfi məzmununu dərk etməkdə yaxından kömək edirdi”.
Torpağımızın istedadlı nəğməkarı

«Azərbaycan xalqının istedadı özünü zaman-zaman insanların şəxsiyyətində və sənətlərində göstərib” - deyən AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli “Mikayıl Abdullayev klassik olduğu qədər də klassikləri dərindən başa düşən və rəngin dili ilə onların qarşıya qoyduğu məqsədi tamaşaçıya çatdıran böyük sənətkar idi” deyə görkəmli rəssamı dəyərləndirib: «Nizami» metrostansiyasının içərisindəki dahi şairin yaradıcılığına çəkilən mozaika, illüstrasiyalar Nizami Gəncəvi yaradıcılığını açmağa kömək edir. O, klassikləri çatdırmaq üçün böyük işlər görürdü. Bu gözəl mozaikalar Nizaminin “Xəmsə”si əsasında yaranıb. Hər dəfə metrodan keçəndə zövq alır və dahi şairin yaradıcılığının fəlsəfi mahiyyətini duyuruq. Bakının möhtəşəm Gülüstan Sarayının tərtibatı da Mikayıl Abdullayevin adı ilə bağlıdır. Görkəmli rəssam ömrünü çox məhsuldar keçirib. Bizə gözəl sənət nümunələri yadigar qoyub”.
Əməkdar İncəsənət xadimi şair Çingiz Əlioğlu Mikayıl Abdullayevi Azərbaycan torpağının istedadlı nəğməkarı adlandırıb: «Əslində hər bir rəssam öz dünyasını çəkir. Biz rəssamların ən istedadlılarının gözü ilə doğma torpağımızı, vətənimizi, xalqımızı yenidən tanıyırıq. Azərbaycanın bütün bölgələrinin gözəlliklərinin təsviri, sadə adamlarının həyatı, görkəmli sənətkarların ifadəli portretləri Mikayıl Abdullayevin bizə nəql elədiyi Azərbaycan dünyası idi. O, həm də dünyanın başqa xalqlarının həyatlarının təfərrüatına varmağı bacarırdı”. Ç.Əlioğlu qeyd edib ki, ölkəmiz Mikayıl Abdullayevin simasında Azərbaycan rəngkarlıq sənətinin ən görkəmli nümayəndəsini qazandı. “Cismani mənada dünyasını dəyişməklə bu, o demək deyil ki, biz onu itirdik. Hər dəfə işlərinə baxdıqca biz onunla yenidən həmsöhbət oluruq və hər dəfə də görürük ki, o, bizim üçün yeni duyğular təlqin etməyi bacaran sənətkar olub».
Əməkdar rəssam Zeynalabdin İbrahimov rəngkarlıq və qrafikadan ibarət nəşrin Mikayıl Abdullayevin arzusu olduğunu diqqətə çatdırıb: “O, bu kitabı öz əli ilə yaratmışdı. Xalq Bank layihəni reallaşdırıb xalqa bəxş etdi. Yüz illər keçəcək, Mikayıl Abdullayevin adına abidələr qoyulacaq, küçələr salınacaq. Çünki o, bu diqqətə layiq sənətkar idi”.
Görkəmli rəssamın oğlu Cəlil Abdullayev ailəsi adından çıxış edərək albomun təqdimatına görə Xalq Bank-a təşəkkürünü bildirib.
Gecə iştirakçıları “Xalq əmanəti” layihəsinin davamlı olacağına, bundan sonra da yeni nəşrlərin işıq üzü görəcəyinə inamlarını bildiriblər: “Əminik ki, Xalq Bank bu gözəl layihəni davam etdirəcək və görkəmli sənətkarlarla oxucuları yenidən görüşdürəcək”.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">

banner

Oxşar Xəbərlər