• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

Xoşbəxt günlərimizin qəbzi olmayan yerdə

08.01.18 15:15 1294
Xoşbəxt günlərimizin qəbzi olmayan yerdə
Maşın təkərləri altındakı xırıltılar, əslində, göydələnlərin əhatəsində İçərişəhərin səsidir. İçərişəhərin, yəni içimizdə hələ də işartıları sezilən sevgi, ümid, saflıq şəhərinin. Görəsən ətrafda göydələnlər olmasa, nə ilə zamanda səyahət edərik? Həmin göydələnlər əlimizdə qalan yeganə sehrli çubuqdur. O çubuğu bir-iki dəfə aşağı sallayırıq və budur – biz artıq istədiyimiz zamandayıq. Bizim bu İçərişəhər elədir ki, hər tərəfin divar olduğu, sədd olduğu, sərhəd olduğu vaxtda anidən qarşına sənə yuva olacaq dibçəkli bir pəncərə çıxır. Sən də o yuvanın qarşısında dayanıb hiss etməyə çalışırsan ki, bax, elə bu an, bu dəqiqə o isti yuvada "səni sevirəm” nidası eşidilirmi? Ya da qarşına sığınmağa bir yer axtaran balaca pişik çıxır. Tüklərinə baxaraq anlamaq istəyirsən ki, son dəfə üzərində kimin sığalı gəzib. Bax, İçərişəhər belədir. Həm yuvasızların, həm də yuvalıların pənahı. Gün keçsə, unudulsa divarlarına toxunan kişinin əl izinin xəritəsindən tapmaq olar o şəhəri...
Şirvanşahlar sarayının tarixi
Şirvanşahlar saray kompleksi XV əsrdə Şirvanşah hökmdarı I Xəlilullahın hakimiyyəti illərində inşa edilib. Kompleks İçərişəhərin ən hündür nöqtələrindən birində ­ – qaya üzərindədir və 22 hektarlıq İçərişəhərin 1 hektarlıq ərazisi məhz Şirvanşahlara aiddir. Kompleks üç böyük həyətdən – Yuxarı həyət, Orta həyət, Aşağı həyətdən ibarətdir və ərazisində 9 böyük abidə yerləşir. Biz ekskursiyaya elə Yuxarı həyətdəki iki abidədən Divanxana (Fərrux Yasarın türbəsi) və hökmdar, onun ailəsi, saray xidmətçilərinin yaşadığı ikimərtəbəli Saray yaşayış binasından başladıq.
Divanxana və ya Fərrux Yasarın türbəsi – Abidənin giriş qapısının üzəri sanki Azərbaycan xalçalarını xatırladan naxış elementləri ilə bəzədilib. Qapının hər iki, sol və sağ tərəfində isə içərisində qədim ərəb xətt növü – küfi xətti ilə yazılar olan medalyonlar var. Həmçinin Divanxananın ərazisində 7 quyuya rast gəlirik. Güman olunur ki, 3-15 metr dərinliyindəki bu quyular ərzaq saxlamaq məqsədi ilə istifadə olunub. Başqa bir versiyaya görə isə bu abidəni Fərrux Yasar türbə kimi tikdirib. Sarayın ən möhtəşəm hissəsi hökmdarın əyləşdiyi – Taxt-tac zalıdır. Saray şairi olan Bədr Şirvaninin öz divanında möhtəşəmliyini təsvir etdiyi şah taxtı, təəssüf ki, dövrümüzə qədər gəlib çatmadığından sarayda taxtın yalnız vizual görüntüsü əks etdirilib. Həmçinin, saray ekspozisiyasında nümayiş olunan əşyalar da sonrakı dövrə – XVIII-XX əsrlərə aiddir. Saray ekspozisiyasında biz mis qabları, sini, ləyən, su qablarını, qədim musiqi alətləri olan səntur, çoxur (bu söz "çağır” sözündən əmələ gəlib. Allahı, haqqı çağırmaq mənasında başa düşülən bu alətdən, əsasən, döyüşdən əvvəl və ibadətlər zamanı istifadə olunarmış), qavalı, qırxaçar camının açarı (üzərində Qurandan götürülmüş müxtəlif şəfa duaları əks olunan bu camlardan suyu xəstə insanlar yuyunduqları zaman şəfa tapmaq üçün üzərlərinə tökərlərmiş. Qırx simvolik açar isə belə qabların qırx dərdə çarə olduğuna işarəymiş), qəndil, və başqa bu kimi alətləri müşahidə edirik. Sarayda diqqət çəkən ən zərif nümunə isə XVI əsr Təbriz miniatür məktəbinə aid, orta əsrlərdəki saray həyatının təsviri canlandırılan miniatür var. Müəllifi rəssam Mirzə Əli olan bu əsər Nizaminin "Xosrov və Şirin”inə çəkilmiş ən gözəl miniatür nümunələrindəndir. Maraqlısı budur ki, sarayın bu miniatür olan hissəsində çox ecazkar musiqi səslənir. Sonrakı otaqlarda hökmdarın ailə üzvlərinə aid əşyalar, "Qurani-Kərim”in saxlanıldığı və Füzulinin "Leyli və Məcnun” əsərindən Məcnunun dilindən deyilmiş "Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni..” qəzəlinin video-görüntüsü, yapışqan və mismardan istifadə edilməyən, 14.000 elementin keçirmə üsulu ilə yaranan şəbəkə nümunəsi, bığqabı (qədim zamanlarda uzun bığları olan kişilər yatarkən bığları formasını itirməsin deyə belə qablardan istifadə edərmişlər) bizi qarşılayır.
Saray kompleksinə daxil olan tikintilərdən birinin XV əsrdə yaşamış alim Seyd Yəhya Bakuvinin türbəsi olduğu güman edilir. Türbənin üst örtüyünü təşkil edən səkkizbucaqlı piramida da başqa abidələrdən fərqlənir. Piramidanın tinləri düz xətlə deyil, lekal əyrisi ilə aparılıb. Bundan başqa, Şirvanşahlar sarayı kompleksinə daxil olan tikintilər içərisində Şərq darvazası xüsusi yer tutur. Bu tikinti başqa tikintilərdən fərqli olaraq XV yox, XVI əsrdə tikilib. Şərq darvazası üzərində bir kitabə var. Həmin kitabədə binanın ustad Əmirşah tərəfindən tikildiyi bildirilir. Bu, həmin əsrdə ölkənin şimal və cənub vilayətləri arasındakı əlaqəni və xüsusən təbrizli memarların Bakıda da çalışdığını göstərir.
Qeyd: Sentimentallar bu hissəni oxumaya da bilər
Divar, nə çox sevənin var
"Şirvanşahlar”ı gəzərkən ən çox diqqətimi çəkən yer o divar oldu. Divar boyda təkliklə ən nəzərə çarpmayan yerdə dayanıb, üzərindəki dəlmə-deşiklərdən həyata, insanlara baxırdı. Görəsən, neçə həyatı süzgəcindən keçirtmişdi o deşiklər? Görəsən, neçə damcı göz yaşı əmanət saxlaya bilməmişdi özündə? Qarşısında dayanıb bunları düşündüyüm o divar 1918-ci il 31 mart soyqırımı zamanı ermənilər tərəfindən güllələnənlərin "son dayanacağı” olan divardır. Ölümə hazırlaşanların yox olmasını, qeybə çəkilməsini, ya da əksinə nəhayətsizliyə qədər uzanmasını istədikləri divar.
Hansısa mənbədən oxumuşdum ki, güllələnənlərin əlləri arxadan möhkəm bağlanırmış. Qışqırmamaları üçün isə ağızlarına rezindən tıxac tıxayırlarmış. Bəlkə də, Bakıya doğma olan külək bizim bu divarın sirdaşıymış. Bəlkə də, tez-tez əsirmiş ki, o rezin dadını divarın "damağı”ndan apara bilsin. Küləkdən soruşmaq lazımdır...
Divarın ən maraqlı yanı isə üzərindəki qırmızı ləkələrdir. Baxan insan ilk olaraq düşünür ki, yəqin, bu ləkə ölümə məhkumların qurumuş qan izləridir. Mən də belə düşünüb dəqiqləşdirmək üçün bələdçidən soruşdum, amma dedi ki, bu, qan ləkəsi yox, sonralar baş vermiş yanğının Şirvanşahlardakı divara "hədiyyə”sidir. Divar, nə çox sevənin var...
Fridaya məktub
İstəyirəm ki, sənə məktubuma etirafla başlayım, Frida. Hə, hə, Frida. Yadından çıxmayıb ki, bizə bələdçilik etməyə başladığın anda bir oğlanın gəlib səndən "adınız necə oldu? Frida?” deyə təəccüblə soruşmağı. Bəlkə də, bunu da digər hər şey kimi yaddaşının qaranlıq quyusuna kəndirsiz atmısan. Amma mən bu məktubu məhz Fridaya yazmaq istədim. Axı naməluma yazmaq çətindir. Bilirsən...
Təxminən bir saata yaxın bizə elə yorulmadan, həyəcanla "Şirvanşahlar” haqqında danışdın ki, özümdən, önyarğımdan utandım. Frida, mən əvvəl sənin bələdçilik etməyini istəməmişdim. O cümlələrdən, sözlərdən, lap elə hərflərdən də qaçıb XVI əsrə sığınmışdım. Amma bacara bilmədim, yenə onlara pənah gətirdim.
Danışırdın, danışırdın... Mən də səsini hansısa uzaqlardan eşidirdim. Səs kimi yox, küy kimi. Onda bütün samitlərin cingiltili gəlirdi qulağıma. Danışırsan, danışırsan və birdən "ekskursiyamız buradaca yekunlaşdı” "təbilini çalırsan”. Mən də zənglərin mənim üçün çaldığını anlayıb bayaqdan ürəyimdə gizlətdiyim sualı faş edirəm: Frida, yorulmursan hər gün eyni şeyləri danışmaqdan? Sualı gözləmədiyindənmi yoxsa bu sənin əzbərlədiyin cavablara aid olmadığındanmı təəccüblənirsən, amma tez özünə gəlib, üzünə yenə növbətçi gülüşünü yerləşdirib "yox, qarşımdakı məni dinləyəndə yorulmuram. Elələri var ki, qulaq istəmirlər, onlara könülsüz məlumatlar verirəm”. Ah, Frida, Frida. 25-30 ildə sən deməyiblər ki, qarşındakı səni dinləməyəndə danışmaq daha rahatdır?
Bu sadəliyin məni cəlb edir və ardınca ikinci sualı da verirəm: "Şirvanşahlar”la bağlı maraqlı bir xatirəniz var? Ya da başınıza gələn fərqli hadisə?
Bir neçə saniyə sükutdan sonra qılıncını əlinə alan cəngavər kimi təbəssümünə qurşanıb "mənim heç nə yadımda qalmır e, tez unuduram, silirəm xatirələrimi. Heç dostlarımla bağlı olanlar da yadımda qalmır”.
İnanmıram, Frida, inanmıram. Əslində, bəlkə də, sənin üçün birincindən daha ağır olan ikinci qəzada unutmusan bütün yaddaşını. Amma nədənsə bu sualı verə bilmədən "çox sağ olun”, "minnətdaram” kimi ifadələr söyləyib XXI əsrə doğru addımlamağa başlayıram...
banner

Oxşar Xəbərlər