Xoş ovqatlı olun ki, ömrünüz də uzun olsun
Bəzən həyatda elə hadisələrlə qarşılaşırıq ki,
onlar bizi stressə salır, mənfi aurada olmağımıza səbəb olur. İstər şəxsi həyatımızda, istərsə də iş həyatında
yaşanan bəzi problemlər, insana psixoloji olaraq təsir edir. Bu da gündəlik
həyatımızda bədbinliyi artırır, bizi mənfi əhval ruhiyyəyə kökləyir. Bu isə
birbaşa olaraq bizim həm fiziki, həm də psixoloji sağlamlığımıza təsir edir. Braziliya
və İngiltərə alimlərinin apardıqları araşdırmaların nəticələri göstərib ki, xoş
ovqat insan ömrünü uzadır. Bəs biz bu fürsətdən niyə yaralanmırıq? Əhval-ruhiyyənin
insanın sağlamlığına təsiri ilə bağlı mütəxəssislərin də mövqeyini öyrəndik.
Öyrəndik ki, onların tövsiyələrini
oxumaqla kifayətlənməyək, həm də əməl edək.
Tibb üzrə ekspert Adil Qeybulladeyir ki, birbaşa olaraq sağlamlığımıza təsir edən amillərdən biri də əhval-ruhiyyədir:
"İnsan nə qədər şən və pozitiv düşüncəli olarsa, bir o qədər xəstəliklərdən
uzaq olar. Beyində müəyyən sistemlər var ki, insanların emosional
motivasiyaları birbaşa olaraq orada formalaşır. Həmin yerdə endorfin ifraz
olunur. Bu maddə, daha çox, insan sevincli, əhval-ruhiyyəsi yüksək olan zaman
aktivləşir. Bunun müqabilində beyində həmin emosional maddələr ifraz olunur və
insan özünü yaxşı hiss edir. Amma uzun müddət sinir sarsıntıları keçirən, ağır
stresslər yaşayan insanlarda bu maddələrin ifrazında problem yaranır. Bu isə
insanı depressiyaya salır. Bir növ beynin müdafiəsi pozulur. Nəticədə insan
orqanizmində müxtəlif xəstəliklər yaranır”.
Ekspert
deyir ki, insan özü-özünü motivasiya etməlidir: "Əslində əhali arasında
araşdırma aparsaq görərik ki, bir çox insan bu səbəbdən yaranan xəstəliklərdən
əziyyət çəkir. Bacardığımız qədər mənfi situasiyalardan, problemlərdən uzaq
durmalıyıq. Və ya baş vermiş hər hansısa problemi həddən artıq şişirdib özümüzü
stressə salmamalıyıq. Nə olursa-olsun, daim optimist olmağa çalışmalıyıq. Bu,
hər şeydən əvvəl sağlamlığımız üçün vacibdir”.
Sağlam Cəmiyyət
İctimai Birliyinin sədri Lalə Mehralıdeyir ki, düşüncəsi və əhvalı insan haqqında ilkin məlumat verir: "Şux
zarafatlar edən, əhvalı həmişə yüksək olan insanlar qəlbən də təmiz olurlar.
Onlar qara fikirli, bədbin olmadıqları
üçün səhhətlərində də problem olmur. Çünki bütün neqativ enerjini özündən
uzaqlaşdırmağı bacarırlar. İnsan düşüncəsinin böyüklüyü və genişliyi qədər,
dərin mənəviyyata sahib olur. "Yaxşı düşün, yaxşı olsun” – bu sözü böyüklərdən
çox eşitmişik. İnsanların qaraqabaq, fikirli, narahat və aqressiv olduqlarını
ən çox ictimai nəqliyyatda müşahidə edirik. Bəzən bunu sosial problemi, maddi
sıxıntısı ilə əlaqələndirənlər də olur. Razılaşıram ki, bu da səbəblərdən
biridir. Amma maddi problem yaşamayan yüzlərlə insan tanıyıram ki, mənfi əhval-ruhiyyəli
həyat sürür”.
Müsahibimiz maraqlı bir hekayə danışır: "Bir
hekayət var, bəlkə də eşidibsiniz. Padşah dərin ruh sarsıntısı yaşayır, onu heç
nə xoşbəxt etmir. Saray bilicilərindən biri deyir ki, ölkədəki ən xoşbəxt
adamın köynəyini geyinsə, padşah bu dərdindən qurtulacaq. Hər yana səs
salırlar, ən xoşbəxt adamı axtarmağa başlayırlar, bütün nişanələr qoca bir
əkinçini göstərir. Vəzir-vəkil qocanın yanına gedir, köhnə bir daxmada, ən sadə
həyat yaşadığını görürlər. Ona padşahın vəziyyətini danışırlar, qocadan
köynəyini istəyirlər. Qoca nə cavab versə yaxşıdır? "Mənim heç köynəyim yoxdur”
deyir. Bu, bir hekayət, nağıl kimi görünə bilər, amma ibrətamizdir. Həyat
maddiyyət üzərində qurulmayıb, maddi şeylərə görə özünü üzmək, bədbinləşmək,
həyatı özünə zəhər etmək lüzumsuzdur. Bu, yalnız səhhətimizə təsir edə bilər
ki, bunun nəticəsini də hamımız görürük. Hər şey düşüncədən başlayır, əməldə
bitir. Nikbin düşüncə, bir insanın özünə edəcəyi ən böyük yaxşılıqdır. Küçədə,
nəqliyyatda daim gülümsəmək birinə verəcəyiniz ən yaxşı hədiyyədir”.
Psixoloq Nərgiz
Süleymanlı bildirir ki, çox zaman
düşüncələrimizin bədənimiz və sağlığımıza təsirinin fərqində olmuruq və mənfi
düşüncələrin həyat keyfiyyətimizə necə mənfi təsir etdiyini anlamırıq: "Beynimiz
və bədənimiz arasındakı əlaqə və bağlılıq çox güclüdür. Düşüncə və duyğularımız
fiziki və psixi sağlığımız üzərində təsirli olan hormonların ifrazını dəyişdirir.
Məsələn, serotonin və dopamin beynimizin xoşbəxt və coşqulu anlarda ifraz
etdiyi hormonlardır.
Mənfi düşüncələr bizi daha sağlıqlı hala gətirmək
yerinə, ağrıya və özümüzü pis hiss etməyimizə səbəb olur. İnsanın yaşadığı pis
hadisələr və içində olduğu psixoloji vəziyyət onun sağlamlığında birbaşa özünü
göstərir. Məsələn, boyun ağrısı, insan psixoloji gərgin, özünü ağır məsuliyyət
altında hiss etdiyi hallarda onu narahat edir. Kürək nahiyəsindəki ağrılar qəlb
qırıqlığı, keçmişlə bağlı həll edilməyən üzücü hadisələrin varlığından xəbər
verir. Beldəki ağrı maddi sıxıntılarla bağlı ola bilir. Dizlərdəki ağrı, qorxu,
insanın özünəinam problemi ilə bağlıdır. Davamlı kədərli halda olmaq insanın
motivasiyasını, enerjisini aşağı salır. Bununla əlaqədar insan özünü daim
yorğun, enerjisiz hiss edir”.
Müsahibimizdən mənfi düşüncələrlə necə mübarizə
aparmalı olduğumuzu soruşduq: "Müsbət olmayan duyğu və düşüncələr insanın
birbaşa immun sisteminə təsir edir. Tez-tez xəstələnən və baş ağrısından
əziyyət çəkən insanlar neqativ duyğuları özlərinə dost seçənlərdir. Həyatımızda
xoşbəxt anlar olduğu qədər, üzücü və çətin anlar da vardır. Bizim nə qədər
güclü, dayanıqlı olduğumuz, duyğularımızı idarə edə bilmək bacarığımız məhz bu
anlarda sınaqdan keçər. Mənfi düşüncələrin öhdəsindən gəlmək üçün yeganə yol,
nə qədər çətin görünsə də, müsbət düşünməkdir. Sevincli və sağlıqlı qalmaq üçün
hər səhər oyandıqda zehnimizi və bədənimizi yeni günə və məsuliyyətlərə
hazırlamalıyıq. Beynimiz inanılmaz gücə malikdir və çox işin öhdəsindən
rahatlıqla gələ bilər. Çətin bir dövrdə olsanız belə, hadisələrə yaxşı tərəfindən
baxmağa çalışmaq və beyninizi müsbət istiqamətli düşüncəyə yönəltmək sizin üçün
ən faydalı yoldur”.
Psixoloq deyir ki, pozitivliyiniz ilə daim
axtarılan insan olmaq daha gözəldir: " Neqativ düşüncələr sizi psixoloji və
fiziki narahat etməyə başlayanda, dayanın, düşünün və "sağlığımı və enerjimi
bunun üçün xərcləməyə dəyərmi” sualını verin. Görəcəksiniz ki, hadisələrin
müsbət tərəfini görmək, şikayət edib üzülmək və ya aqressiv olub insanlara
neqativ enerji ötürməkdən daha yaxşı və rahatladıcıdır. İnsanlarla bölüşməkdən
çəkinməyin. Çünki məsələlərə fərqli yanaşma tərzini onların sayəsində öyrənə
bilərsiniz. Pozitiv insan olmaq bizim öz əlimizdədir. Verəcəyiniz mənfi enerji
ilə insanları özünüzdən uzaqlaşdırmaq əvəzinə, pozitivliyinizlə daim axtarılan
insan olmaq daha gözəldir”.
Günel Azadə