• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Xoş havanın kənd təsərrüfatına bəd “müjdə”si

08.02.19 18:32 1382
Xoş havanın kənd təsərrüfatına bəd “müjdə”si
Hər il olduğu kimi, bu il də qış gəlməmişdən əvvəl "son yüz ilin ən soyuq qışı gəlir” xəbərlərini eşitdik. Amma az qala bir aydan sonra qış bitir, hələ ortada nə soyuq var, nə də qar. Havaların bu dərəcə anomal isti keçməsi, təbii ki, heç də yaxşı əlamət deyil. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərir. Çünki isti havalarda zərərvericilərin sayı durmadan artır. Belə olan təqdirdə, məhsul qıtlığının yaşanması təhlükəsi yaranır. Bəs görəsən kənd təsərrüfatı sahəsində bununla bağlı hansı işlər görülür? Ümumiyyətlə, havaların xoş keçməsini nəzərə alsaq, bunun fəsadlarını önləmək üçün fermerlər hansısa qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər?

Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlıdeyir ki, təbiət hadisələrinin aqrar sahəyə vurduğu ziyanın qarşısını almaq imkanları əslində çox məhduddur: "Son iki il ərzində qış aylarının həddən artıq isti keçməsi kənd təsərrüfatı sahəsinə xeyli ziyan vurub. Bu, əslində qlobal istiləşmənin nəticələridir və dünyada əksər alimlər tərəfindən araşdırılır. Çünki sözügedən problem təkcə Azərbaycanda yaşanmır. Aqrar sahə anomal hava şəraitinin ən çox zərər verdiyi sektordur. Çünki digər sahələrdən fərqli olaraq kənd təsərrüfatı birbaşa olaraq iqlimdən asılıdır. Havaların həddən artıq isti keçməsi müəyyən məhsulların yetişdirilməsi və istehsalına ciddi təsir edir. Bu təsirləri keçən il də müşahidə etdik. Məsələ burasındadır ki, fəsadların aradan qaldırılması bir qədər çətin məsələdir. Biz yalnız kənd təsərrüfatı məhsulları üçün zəruri olan aqrotexniki məsələləri həll etməklə dəyən ziyanları bir qədər azalda bilərik. Bunun üçün isə kompleks tədbirlər həyata keçirilməlidir. Bölgələrdə bununla bağlı müəyyən işlər aparıla bilər. Həddən artıq isti havalar meyvə və tərəvəzlərin keyfiyyətinə də mənfi təsir edir. Xüsusilə son iki ildə bunu daha qabarıq müşahidə etdik. Bu fəsadların aradan qaldırılması üçün yeni elmi metodlara ehtiyac var. Biz bunun qarşısına keçə bilmərik. Çünki qlobal istiləşmə insanın əlində olan bir şey deyil. Amma fəsadları bir qədər yüngülləşdirə bilərik. Kənd təsərrüfatı müasir tələblər səviyyəsində qurulmalıdır. Artıq bu məsələyə yanaşma tərzi dəyişməlidir. Müasir avadanlıqlar və yeni elmi metodlar tətbiq olunmalıdır. Sovet dövründən qalma yanaşma ilə bu problemi aradan qaldıra bilmərik. Hesab edirəm ki, ümumilikdə aqrar sahəyə baxış tərzini dəyişmək lazımdır. Torpaqların su ehtiyatının və digər resursların inventarizasiyasına ehtiyac var. Yalnız bu halda biz fəsadların bir qismini aradan qaldıra bilərik. Dünya təcrübəsinə müraciət etmək lazımdır. Bu mənada düşünürəm ki, xüsusi proqram hazırlanmalı və kənd təsərrüfatının bütün sahələrini əhatə etməlidir. Torpaq və su ehtiyatlarından istifadə, məhsul tədarükü, bazarlara çıxış imkanları artırılmalıdır. Yəni bu, kompleks tədbirlər sistemi tələb edir. Amma təəssüflər olsun ki, yerlərdə bu məsələ yetəri qədər araşdırılmır”.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli söylədi ki, son illər ərzində aparılan təhlillər onu göstərir ki, kənd təsərrüfatı sahəsində risk faktorları artmaqdadır: "Bu risklərin əsasında isə iqlim anomaliyaları dayanır. Bu problem təkcə Azərbaycanda aktual deyil, dünyanın əksər ölkələrində iqlimlə bağlı müxtəlif problemlər yaşanır. Əksər ölkələrdə sel, daşqınlar, dolu və digər təbiət hadisələri kənd təsərrüfatına ciddi ziyan vurur. Azərbaycanda isə bu anomaliya daha çox özünü qış fəslinin isti keçməsi ilə göstərir. Qış aylarının isti keçməsi kənd təsərrüfatının bitkiçilik, bağçılıq sahəsində ciddi problemlərə səbəb olur. Burada əsas məsələ əkinçiliklə bağlıdır. Azərbaycanda hər il 980 min hektar torpaq əkilir. Buraya taxıl və taxıl məhsulları daxildir. Bu əkinlərin böyük hissəsi düzən rayonlarında yerləşir. Qış aylarının mülayim keçməsi nəticəsində aran rayonlarında ziyanvericilər əkilən sahələrə ziyan vurur. Zərərvericilər isti havalarda torpağın altından üstünə çıxır və taxılı məhv edirlər. Həmin zərərvericilər eyni vaxtda bir neçə hektar ərazini məhv edə bilmək gücünə malikdir. Nəticədə məhsuldarlıq ciddi səviyyədə aşağı düşür. Demək olar ki, məhsulun 50 faizi qış mövsümündə məhv olur. Bağçılığa gəlincə, qışın isti keçməsi daha çox xəstəlik yayan mikroorqanizmlərin hərəkətə başlaması ilə müşahidə olunur. Bu mikroorqanizmlər hərəkətə başlayır və ağaclarda yuva qurur. Başqa bir məsələ isə havaların isti keçməsi nəticəsində məhsulun tez yetişməsi ilə bağlıdır. Taxıl elə bir məhsuldur ki, optimal vaxtda yetişməli, vegetasiya prosesi normal keçməlidir. Qış aylarının isti keçdiyi zaman bu proses təqribən bir ay əvvələ keçir. Nəticədə vegetasiya prosesi sürətlənir və məhsuldarlığa böyük ziyan dəyir. Yəni belə demək olarsa, məhsulun 50 faizi ziyanvericilər tərəfindən məhv olur, 30 faizi isə vaxtından əvvəl yetişdiyinə görə, öz məhsuldarlığını itirir. Başqa bir fəsad isə ölkənin su ehtiyatına dəyən ziyandır. Bildiyiniz kimi, Azərbaycanın əsas su mənbələri Kür və Araz çaylarıdır. Əgər qış mülayim keçərsə, torpaq qatlarında quraqlıq yaranır, bitkilərin suya böyük ehtiyacı yaranır. Suvarma imkanları məhdud olduğu zaman aqrar sahəyə ciddi ziyan dəyir. Qışın isti keçməsi artıq bir neçə mövsümdür ki, müşahidə olunur. Nəticədə ölkədə nəzərdə tutulan qədər su resursları formalaşmır. Bu isə ilkin yazdan sonrakı dövrdə əkinlərin suvarılmasına ciddi təsir göstərir. Azərbaycan dünya ölkələri arasında ən az su ehtiyatına malik olan ölkələr sırasındadır. İldən-ilə istilərin artması ciddi bir təhlükədən xəbər verir. Hesab edirəm ki, Azərbaycanda yaxın onillik metroloji data-bazalar hazırlanmalıdır. Yaxın illər ərzində qış mövsümündə iqlim amillərinin hansı tendensiya üzrə inkişaf edəcəyini bilməliyik. Bu barədə ciddi məlumat bazası yaradılmalıdır. Dünya təcrübəsində bundan geniş istifadə olunur. Başqa bir çıxış yolu isə suvarılan ərazilərdə müasir texnologiyaların tətbiqidir. Bununla bağlı, elmi-tədqiqat işi aparılmalıdır. İqlim anomaliyaları ildən-ilə artır. Bu məsələdə fermerin və dövlətin üzərinə bir sıra öhdəliklər düşür. Ölkədə suvarma sistemlərinə güzəştlər tətbiq olunur və subsidiyalaşdırılır. Əkinçiliklə məşğul olan sahibkarlarımız bu sahəyə maraq göstərməlidir. Fermerlər bilməlidir ki, ciddi risklər formalaşır. Hesab edirəm ki, bu problemlər yalnız elmi yanaşma tətbiq etməklə aradan qaldırıla bilər.
Şəbnəm

banner

Oxşar Xəbərlər