• cümə, 29 Mart, 04:00
  • Baku Bakı 7°C

Xoş gəlmisiniz

11.12.14 10:49 1499
Xoş gəlmisiniz
Xoş gəlmisiniz... Əziz, köhnə sevgililərim. Bəzinizdən on il əvvəl axşamüstü, Dolmabaxçadadakı çay evlərindən birində ayrılmışam, bəzinizsə Bodrumda yayın cəhənnəm istisində dəli eləmisiniz məni. Sizinlə həm gözəl, həm də çətin günlərimiz olub. Hətta bəziləriniz sevgini “qəzəblə görülən bir iş” hesab edirdi (söyüşlər qadını necə də murdar bir varlığa çevirir). “Əgər məni tərk edəcəkdinsə, niyə özünə öyrətdin?” – deyə mənə sual eləmişdin. Mənsə susmuşdum. Ölülər danışa bilməzdim axı. Ağzıma su almışdım. Onsuz da, susmağın bütün yollarına yaxşı bələd idim. Ancaq sizin susmağımızdan zəhləm gedirdi.
Xoş gəlmisiniz...
Ad çəkmək istəmirəm, ancaq içinizdən bəzilərini elə çox sevmişdim ki, sevgimizin içində Böyük Eşqə yer tapmamışdıq. Bax, elə ən böyük müşkülümüz də bu idi. Münasibətimizi elə mənasız şeylər üstündə qurmuşduq ki... Qəzəb, qısqanclıq, liderlik yarışında insanı biz kimi deşən cümlələr, kiçik yalanlar, böyük yalanlar, orta boylu yalanlar, açılanda yataq olan yalanlar, aşkara çıxanda dərd-sər yalanlar... Sevgi münasibətimiz mənasız məsələlərlə ağızbağız doluydu. Eşqimizi qoymağa yer yox idi orda...
Xoş gəlmisiniz, əziz köhnə sevgililərim. İnkar eləmirəm, bəzilərinizə qarşı haqsızlıq eləmişəm. O, məni qadın kimi sevdi, mənsə onu uzaq qohum kimi əzizlədim. Susqun idi. Susqunluğunda poetik mətləblər aşkarladım. O isə öz ruhunu da mənim ruhuma qatmışdı. Onun mənim ruhumda əriyib yox olmasını görürdüm. Varlığım onun nəfəsiylə böyüdü, artıq həmin sevgidə tənha idim. Dostlarla oturanda yanımdakı masaya güdəkcəmi, eynəyimi və onun sevgisini qoyurdum. Sonra qalxıb gedirdim, gedəndə sevgimi və eynəyimi orda unudub gedirdim. Oturduğum restoranın müdiriyyəti də yaddan çıxan əşyalara görə məsuliyyət daşımırdı. Evə qayıdanda adi şeylər haqqında danışırdıq. Televizoru açmaq, qapıçının tapşırılan işləri yarıtmaması və səbəbi naməlum yorğunluq barədə çənə döyə-döyə bir-birimizi yorurduq. Mən artıq lətifələrimi başqa qadınlara danışırdım. Çünki o hamsını əzbər bilirdi. Və mən lətifə danışmağa başlayanda o, boş boşqabları götürüb mətbəxə keçirdi. Bir müddət sonra mən onunla yox, lətifələrimə gülən qadınılarla sevişmək istədim. Doğrusunu desəm, – ki çox vaxt doğrunu deməyə ehtiyac da yoxdur – bəzən beləcə başqa qadınlarla sevişirdim də. Amma belə vaxtlarda onu qucaqlayırdım. Ürkək quş qanadları kimi dodaqları titrəyirdi. Onu elə çox istəyirdim ki, aşiq olmağa ürəyim gəlmirdi. Aramızdakı mənəvi sərhəddi qorumaq istəyirdim. Çünki eşq, iki sevdalının pis niyyət sərhəddində ehtirasla qovuşmasıdır. Yorucudu, təhlükəlidi... Ancaq o çox küsəyən idi deyə, mənə aşiq olmurdu.
Və mən buna görə də həmişə başqa qadınların ağzında əritdim tütün qoxusunu...
Nə isə...
Xoş gəlmisiniz... Ouuu, Sən də gəlmisənmi? Sənin nə işin var bu yaxşı insanların arasında? Sənə deməyə çox sözüm yoxdur. Elə tez murdarlaşırdın ki, ilk dəfə görəndə ağlımı alan gözlərin sonralar iki dibsiz quyunu xatırladırdı. O quyunun içinə düşənlər bir də çıxa bilmirdilər. Qəlbindəki bataqlıqda neçə-neçə ölmüş sevgi uyuyurdu.
Nə isə... qanımızı qaraltmağa ehtiyac yoxdur. Əgər bura bu gecə hamınız məni görməyə gəlmisinizsə, sizə bir ömürə qonaq eləmişəm, xoş gəlmisiniz, əziz köhnə sevgililərim. Bilirəm hamınız əzizsiniz. Hamınızı əzizləmək, bilirəm ki, sizi əsəbləşdirir. Heç biriniz “köhnə sevgililər” kimi xatırlanmaq istəmirsiniz, ancaq hamınız bir yerdə gəlmisiniz də. Neynək, əlimdən nə gəlir ki, başqa.
Əlbəttə, bəzilərinizlə axmaq işlər də görmüşük. Məqam düşəndə bir-birimizə yersiz sözlər demişik. Ancaq heç birinizin üzünü yaddan çıxarmamışam. Heç birinizin şəkillərin tullamamışam. Yaşadığım günlərin xatirələrini sonrakı insanlara da qoruyub çatdırdım. Hamınızın adını ürəyimə həkk eləmişəm və həmişə sinəmin üstündə dua kimi gəzdirmişəm... Bircə səndən başqa. Ancaq burdakı bütün sevgililərim bilir ki, hamsından çox səni sevmişdim. Mən səninlə hər şeyi planlaşdırmışdım. Ancaq indi bəlkə də ilk dəfə kiminsə şəklini yandıracam. Bilirsən hansı şəkli? Bağ evindəkini... o şəkli ki, barmaqlarını barmaqlarıma keçirmişdin, tənin rəngi insanda şəhvət oyadırdı və bir-birimizə baxırdıq. Bax, indi həmin şəkli yandırmaq istəyirəm. Yox, yalan danışdığına görə yandırmıram. Xeyr, başqasıyla qucaqlaşmağa tələsdiyin üçün də yandırmıram. Yandıracam o şəkli, çünki başa düşdüm ki, o şəkildə mənə baxmırsan. Bax buna görə, – məndə yaşadığım günlərə aid olan hansısa əşyaya zərər vermək duyğusu oyandırdığın üçün yandıracam. İlk dəfə peşmanlıq hissi keçirdiyimə görə səndən qalan nə varsa hamsını yandırmaq istəyirəm.
Şəkillərini... gülüşünü...
Nə isə...
Xoş gəlmisiniz, əziz, köhnə sevgililərim...
Yılmaz ƏRDOĞAN
Türk dilindən uyğunlaşdıran:
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər