• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

Xortlayan erməni faşizmi

19.02.21 18:00 1418
Xortlayan erməni faşizmi
Rusiyalı tarixçi: "Bugünkü Ermənistan Rusiyanın onun üçün etdiklərini yaddan çıxarıb”
Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan bir neçə gün bundan əvvəl bəyan edib ki, Azərbaycan tərəfinin tələbi ilə faşist əlaltısı Qaregin Njdeyə Xocavənd rayonunda qoyulan abidə götürülüb. İkinci dünya müharibəsində faşistlərlə əməkdaşlığı sübuta yetirilən bu şəxsə işğal altında olan ərazidə abidə qoyulması, tək Azərbaycanda deyil, Rusiya da ciddi etiraz doğurub. Erməni deputat bildirib ki, abidə artıq sökülüb və Yerevandakı tarix muzeyinə gətirilib. Ona qədər isə başqa bir deputat Arman Bacanyan da faşist-daşnak əlaltısına qoyulan abidənin söküldüyünü parlamentin iclasında bildirib. Onun sözlərinə görə, abidənin götürülməsi barədə qərar Azərbaycan və Rusiya, o cümlədən Türkiyənin təzyiqi ilə qəbul edilib. Maraqlıdır ki, abidənin götürülməsini sübut edən heç bir fakt ortaya qoyulmayıb. Bundan əlavə, Xocavənddə yaşayan ermənilər də abidənin götürüldüyünü təkzib edib. Qeyd edək ki, Njdeyə abidə bu il yanvarın sonlarında Azərbaycanın Xocavənd rayonu ərazisində, Rusiya sülhməramlıların nəzarət etdiyi hissədə qoyulub. Təxribatçı addım qalmaqal doğurmaya bilməzdi. Bəllidir ki, erməni tərəfi Qaregin Njdeyə Xocavənddə hələ ötən il abidə qoyulmasını planlaşdırırdı. Lakin sonra Qarabağda müharibə başladı. Azərbaycan Ordusu Xocavənd rayonunun bir hissəsini azad etməyə müvəffəq oldu. Onun yerdə qalan hissəsi isə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sazişə uyğun olaraq Rusiya sülhməramlılarının nəzarəti altında qaldı. Əlavə edək ki, Ermənistan dəfələrlə faşist əlaltısının qəhrəmanlaşdırılması ilə bağlı qalmaqala imza atıb. Ölkədə Njdeni milli qəhrəman elan ediblər. Belə ki, 2016-cı ildə Yerevanda prezidentin iştirakı ilə Njdeyə altı metr hündürlüyündə abidə ucaldıldı. Njdenin şərəfinə Yerevanda küçə və metro stansiyası adlandırıldı.

Erməni nazirin etirafı

Bundan əlavə, erməni diaspora nümayəndələri Njdenin xaricdə təbliğ edilməsini gücləndirməyə çalışırlar. Rusiyada dəfələrlə Njdenin şəxsiyyətinin qəhrəmanlaşdırılması ilə bağlı təxribatlara yol verilib. Məsələn, Rusiyanın Armavir şəhərində 2012-ci ildə kilsənin həyətində Njdenin xatirə lövhəsi quraşdırıldı. Özü də faşist əlaltısı ilə bağlı lövhə Böyük Vətən müharibəsi iştirakçılarının abidəsi ilə yanaşı qoyulub. Uzun sürən araşdırmalardan, Baş Prokurorluğun və məmurların işə qarışmasından 2019-cu ildə lövhə götürüldü. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət” haqda hesabat dərc etdi və orada Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edən biri kimi göstərilib. Rusiya Müdafiə Nazirliyinin yaydığı hesabatda da Njdenin Üçüncü Reyxlə əməkdaşlığı əks olunub. Rəsmən təsdiq olunub ki, Qarejin Njde 1948-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin xüsusi iclasında antisovet fəaliyyəti və faşist Almaniyası ilə əməkdaşlığa görə məsuliyyətə cəlb olunub. Barəsində 25 illik həbs qərarı çıxarılıb. Rusiyada ekspert və deputatlar səviyyəsində BMT-də antifaşist qətnaməyə imza atan Ermənistanın nədən faşist əlaltılarına abidə ucaltması, eyni zamanda onların digər ölkələrdə təbliğatının aparılması mütəmadi olaraq qaldırılıb.
Maraqlıdır, Qaregin Njdenin qəhrəmanlaşdırılmasının yolverilməzliyini elə Ermənistanın özündə də etiraf etməyə başlayıblar. Məsələn, Ermənistanın elm, təhsil və idman nazirinin müavini Janna Anderasyan Njde ideologiyasını erməni xalqı üçün təhlükə adlandırıb.

Rusiyalı deputat: "Njdeyə abidə qoyulması təxribatdır”

Njdeyə abidə qoyulmasını təxribat adlandıran Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bunu yolverilməz hal adlandırıb. "Məsələ ondadır ki, Rusiya sülhməramlıları qarşısında müəyyən məsələlər var və onlar da ondan kənara çıxa bilməzlər. Ərazilərdə abidələrin peyda olması məsələsi onların səlahiyyətində olan məsələ deyil. Lakin təəssüf ki, bir təxribatçı qrup belə bir abidə qoyur, digərləri isə təbliğat şouları təşkil edir. Bununla da ümid edirlər ki, digər tərəf buna əsəbi reaksiya verəcək. Belə təxribatların hələ çox olacağı sözsüzdür. Onlar Rusiyada da var. Njdeyə abidənin qoyulması millətçiliyə, millətçi mübarizəyə işarədir. Mən Rusiyada bu faşist əlaltısının təbliğatı problemi ilə məşğul olmuşam. Xatırladaq ki, bir neçə il bundan əvvəl Njdenin Krasnodar vilayətinin Armavir şəhərində xatirə lövhəsi qoyulmuşdu. Bəlli oldu ki, bu abidə, hətta yerli administrasiyanın icazəsi olmadan quraşdırılıb. Bu faktı eşidəndə, şəxsən özüm bu problemlə məşğul oldum, sorğularla çıxış etdim, yerli yoldaşlar da prosesə qoşuldu. Və birlikdə onun götürülməsinə nail olduq. Demək istəyirəm ki, bizdə belə bir şəxslərə mütəmadi olaraq abidələr qoymağa cəhdlər edilir. Yadıma düşür ki, bir dədə vlasovçular da belə cəhd ediblər. Üçüncü Reyxlə əməkdaşlığı hamı rədd edir. Njdenin fəaliyyəti də dağıdıcı olub. O, hər zaman Ermənistanı ayırmağa, regionu öz mübarizəsi ilə partlatmağa cəhd göstərib. Nəticədə məhz belə millətçilər SSRİ kimi bir dövləti "partlatdılar”. Bu səbəbdən də Qarabağda belə bir abidənin qoyulmasını təxribat adlandırardım. İnanıram ki, gec-tez, onu ləğv edəcəklər. Belə təxribatlar kömək etmir, əksinə, vəziyyəti ağırlaşdırır. Regionda yavaş-yavaş nizamlanan sülh prosesini kölgə altına almaq olmaz”, - deyə fikrini tamamlayıb.

Rusiyalı tarixçi alimdən etiraz

Tarixçi, REA Sankt-Peterburq Tarix İnstitutunun aparıcı elmi işçisi, İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq edən şəxslər problemi üzrə ixtisaslaşmış Boris Kovalyov da hesab edir ki, Njdenin Ermənistanda ermənilik üçün nə qədər xidmətləri olursa-olsun, nə ona, nə də düşmənlə əməkdaşlıq edən digər şəxslərə heç yerdə abidə qoyula bilməz. Bu cür təbliğatlar münaqişə yaradır və hər yerdə pislənilir: "Sözsüz ki, İkinci dünya müharibəsinin reallıqlarını analiz edəndə, nasist strukturlarının yüksək peşəkarlığını, fəaliyyət göstərmək qabiliyyətini, Gebbelsin rəhbərlik etdiyi Üçüncü Reyxin təbliğat strukturunu qiymətləndirməmək olmur. Onun əsas prinsipi "parçala və hökm sür” idi. Bu səbəbdən də, onlar hamıya, o cümlədən millətçi qüvvələrə dövlət müstəqilliyi vəd edirdilər. İstənilən xəyanətkar hərəkat, istənilən əməkdaşlıq hitlerçilərə ideologiyanı yeritmək üçün lazım idi. Belə məqamlarda əsas dayaq da millətçilər idi. Əgər Qaregin Njde barədə danışsaq - burada bir dəyənəyin iki sonluğu var. Onun əli qana batıbmı? Bu suala həm "hə”, həm də "yox” cavabı vermək olar. Lakin onun təbliğatı qan tökülməsini təşviq edirdi. Bu, o zaman sovetlərə qarşı mübarizə, Böyük Ermənistan ideyası idi. İdeya "Almaniya uğrunda ölən, Ermənistan uğrunda ölür” idi. Başa düşmək lazımdır ki, nasist təbliğatı peşəkar və inkişaf etmiş, təkmil idi. Onu həyata keçirən insanlar müharibələrin illərlə uzanmasına səbəb olurdular. Bəli, biz bu insanları tanımalı və tədqiq etməliyik və heç bir halda onları təbliğ etməli deyilik. Bu və ya digər formada nasizmlə bağlı olan insan Rusiya ərazisində qəhrəman ola bilməz. Qarabağ münaqişəsi zonasında, Qaregin Njdeyə abidə qoyulması isə sadəcə təəccüb doğurur”.

"Rusiya öz sözünü qəti şəkildə deməlidir”

Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov isə xatırladır ki, Qaregin Njde çexakronizm - erməni millətçi ideologiyasının əsasını qoyub. "Sözsüz ki, milli ideya - yaxşıdır. Lakin o, heç bir halda radikalizm forması, digər xalqların əzilməsi, digər dövlətlərə qarşı ərazi iddiaları halını almamalıdır. Xatırladım ki, çexakronizm Ermənistan Respublika Partiyasının ideoloji platforması olub. Ümumermənilik, panermənilik son illər Ermənistan xarici siyasətinin əsas istiqamətlərindən biri olaraq adlandırılıb. Sirr deyil ki, milli tendensiyalar, digər xalqlara qarşı iddialar Ermənistanda əvvəlcə separatizm, sonra isə SSRİ-nin dağılmasına gətirib çıxaran Dağlıq Qarabağ münaqişəsinə səbəb oldu. Bildiyimiz kimi, Ermənistan monoetnik dövlətdir və millətçilik orada güclüdür. Təsadüfi deyil ki, bütün bu illərdə Qarabağı işğal altında saxlayıb, "Qarabağ kartı” hər zaman daxili siyasətdə istifadə olunub. İndi qonşularla sülh şəraitində yaşamaq kimi gözəl imkanlar ələ düşdüyü vaxt, millətçi şarlar, revanşizm fikirlərin yayılması da təsadüfi deyil”, - deyə əlavə edib. O bildirir ki, panermənizm çağırışları mütəmadi olaraq postsovet məkanında baş qaldırır. "Qaregin Njde şəxsiyyətinin Rusiya ərazisində təbliğ olunması halları olub. Bununla yanaşı, çoxları üçün erməni lobbistlərinin yeritməyə çalışdığı yalanlar faş olur, həqiqət bəlli olur. Mən Rusiyanın cənubunda yaşayıram və orada ermənilərin mili tendensiyalarla bağlı müxtəlif fikirlər var. Bir qisim bunu müdafiə edir, digərləri üçün isə bu hisslər yaddır. Rusiya sülhməramlılarının nəzarət altında olan ərazilərdə abidənin qoyulması, Rusiyanı qulaqardına vurmaq deməkdir. Özü də, abidə müharibənin dayandırılmasından sonra qoyulub. Bu, açıq çağırışdır. Ruslar daxil olubsa, demək, hər şey olar. Bu, heç də belə deyil. Rusiya siyasi isteblişmentinin mövqeyi tamam fərqlidir. Postsovet məkanında, Rusiyaya loyal ölkələrdə faşizmi qəhrəmanlaşdırmaq olmaz. Bəllidir ki, ermənilərin öz tarixi var. Əgər bizim ümumi tariximiz vacib deyilsə, onda öz yolunuz ilə gedin və Rusiyadan dəstək istəməyin. Rusiyadan tam asılısansa, əgər sizin babalarınız digər xalqlarla yanaşı, birlikdə faşizmə qarşı döyüşüblərsə, o zaman tarixi oyun qaydalarına əməl edin. Faşistlər tam unudulmalıdır. Lakin hələ ki, belə deyil və Yerevan hesab edir ki, ona hər şey olar. Oyun oynayır və hamıya qarşı çıxır. Bugünkü Ermənistan, mənim qənaətimcə, ümumi tarixdən imtina etmək fikrinə düşüb, Rusiyanın onun üçün etdiklərini yaddan çıxarıb. Ermənistanın bu hərəkətləri barədə ucadan danışmamaq, nasizmin qəhrəmanlaşdırılmasına yol vermək olmaz. Bu nə deməkdir – faşist əlaltısına Rusiya məsuliyyəti altında olan ərazidə abidə ucaltmaq? Rusiya öz sözünü qəti şəkildə deməlidir”, - deyə ekspert fikrini tamamlayıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər