• çərşənbə, 08 May, 05:02
  • Baku Bakı 13°C

Xocavənddə müharibədən qalan odsaçan tapıldı

14.02.14 10:49 1389
Xocavənddə müharibədən qalan odsaçan tapıldı
Xocavənd rayonu ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) dəstəyi ilə təmizləmə əməliyyatları keçirən "Dayaq" Humanitar Təşkilatının əməkdaşları 8 ədəd partlamamış döyüş sursatı zərərsizləşdiriblər.
APA-nın məlumatına görə, rayon ərazisindəki yataqlardan birində aparılan əməliyyatlar zamanı 3 ədəd 125 mm çaplı tank mərmisi, 3 ədəd PQ-7 mərmisi, 1 ədəd üzərində mərmisi olan RPQ-7 əl qumbaraatanı, həmçinin 1 ədəd «Şmel» tipli piyada reaktiv odsaçanı tapılıb.
Tapılmış sursatlar təhlükəsiz qaydada zərərsizləşdirilib.
"Dayaq" Humanitar Təşkilatının əməliyyatçısı Ehtiram Cəfərov APA-ya açıqlamasında bildirib ki, «Şmel» odsaçanı Azərbaycan ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı ilk dəfədir aşkarlanır. Böyük dağıdıcı qüvvəyə malik olan bu odsaçan bağlı müdafiə mövqelərini və texnikaları məhv etmək üçündür. Bir odsaçan 80 kvadratmetr sahədə 1000 dərəcə Selsi istilik yaradır.
E. Cəfərov qeyd edib ki, ərazidə 1993-1994-cü illərdə Ermənistan Ordusunun səngəri olub. Sursatlar da məhz həmin səngərlərdən tapılıb.
Qeyd edək ki, dünya ölkələrinin hərbi imkanları barədə ildə bir dəfə nəşr olunan «The Military Balance» nəşrinin son 2012-ci il sayında yer alan məlumata görə Ermənistan Ordusunun arsenalında «Şmel» odsaçanları mövcud olub.
banner

Oxşar Xəbərlər