• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

Xocalıya həsr olunan “Dəhliz” filminin təqdimatı keçirildi

21.02.17 19:33 1293
Xocalıya həsr olunan “Dəhliz” filminin təqdimatı keçirildi
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Xocalı Soyqırımının 25-ci il dönümünə həsr olunmuş "Dəhliz” filminin təqdimat mərasimi keçirildi. Rejissor Elmar Məlikovun hazırladığı filmin təqdimatında millət vəkilləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Filmin təqdimatından öncə Xocalı faciəsində qətlə yetirilən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözləri ilə açan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocalı soyqırımı haqqında məlumat verdi: "Erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın dəstəyi ilə Xocalıda yüzlərlə heç bir günahı olmayan uşaqı, qadını, qocanı, əli yalın dinc sakinləri qətlə yetirdi. Artıq həmin dəhşətli faciədən 25 il keçir. Xocalı faciəsi ilə bağlı ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin imzaladığı çoxsaylı sənədlər qəbul olunub. Bu barədə Azərbaycan xalqı dünya ictimaiyyətinə, ayrı-ayrı təşkilatlara çoxsaylı müraciətlər edib. Həmin faciədə biz 613 qəhrəman oğul və qızımızı itirmişik. Xeyli sayda vətəndaş ağır yaralar alıb və itkin düşüb. Dünyanın 20-yə yaxın ölkəsi və ABŞ-ın 20-dən çox ştatı artıq Xocalı faciəsini soyqırımı kimi qəbul edib. Xocalı 20-ci əsrin ən ağır faciələrindən biridir”.
Ə.Amaşov bildirdi ki, bir gün bu işdə günahı olan hər bir insan öz layiqli cəzasını alacaq: "Azərbaycan rəhbərliyi, Prezident Administrasiyası və ayrı-ayrı əlaqədar qurumlar bu barədə çoxsaylı qərarlar qəbul edib. Hüquq-mühafizə orqanları Xocalı qətliamında əli olan insanların cəzalandırılması ilə bağlı ciddi addımlar atıb. Milli Məclis tərəfindən "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsi hazırlanıb və yaxın zamanda qəbul olunacaq. O, soyqırımın törədilməsində Xocalı qətliamında əli olanlar harada yaşamasından asılı olmayaraq, Azərbaycana gətirilərək mühakimə olunacaqlar”.
"Kaspi Təhsil Şirkəti” və "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva filmlə bağlı öz təəssüratlarını bildirərək qeyd etdi ki, hər kəs Xocalının təbliğ edilməsində əlindən gələni etməlidir: "Ermənilərin xarici ölkələrdə təbliğatı çox güclüdür. Xaricdə yaşayan ermənilər hətta Xocalıda öldürülən şəhidlərimizin fotoşəkillərini göstərərək, bütün bunları azərbaycanlıların törətdiyi vəhşilik kimi qələmə verirlər. Lakin bu gün faciənin canlı şahidləri var. Bu gün dünya yalana çox inanır. Əgər belə olmasaydı, bu qədər ədalətsizlik baş alıb getməzdi. Hesab edirəm ki, biz faciənin son şahidləri qalıncaya qədər əlimizdə olan imkanlardan istifadə etməliyik. Düşünürəm ki, bu təbliğat uşaq bağçalarından başlamalıdır. Evdə analar bu həqiqətləri dil açan uşağına deməlidir. Erməni qadını körpə beşiyində yatmayanda nifrətlə "yat, türk gəlib səni aparar” deyir. Amma biz övladlarımızı nifrətlə tərbiyə etməməliyik. Uşağımıza dostumuz, düşmənimiz kimdir, kimdən qorunmalıyıq, torpağımız nə qədərdir, nə qədər torpağımız işğal olunub, bizə üz tutub gələnə ocağımızın hansı hissəsində yer verməliyik kimi məsələləri öyrətməliyik. Bu gün Avropa bizim başımızı bəzi şeylərlə qatır. Avropa insan hüquqları məsələsini gündəmə gətirməzdən öncə də bu millət həmişə böyüyün, kiçiyin yerini gözəl bilib, mənəviyyat məsələsində öndə olub. Bizə səbir, gözləmə təlqin edənlər səhv fikirdədirlər. Əgər Qarabağdan çıxan körpənin bu gün 25 yaşı varsa, on ildən sonra 35 yaşı olacaq”.
S.Vəliyeva dedi ki, hər şey millətin milli yaddaşı ilə bağlıdır: "Məgər 1905-ci ildə, 1918-ci ildə faciə olmamışdımı? İrəvandan, Zəngəzur ellərindən köçürülən soydaşlarımız olmamışdımı? Əlbəttə, olmuşdu. Amma bizi neçə illər ermənilərə qardaş etməyə çalışdılar. Əgər ermənilər uşağa, qocaya, qadına rəhm etmədən hər kəsi öldürüblərsə, hansı qardaşlıqdan söhbət gedə bilər ki?”
S.Vəliyeva təqdim edilən film haqqında yüksək rəydə olduğunu bildirərək, təbliğatın vacibliyindən də söz açdı: "Düşünürəm ki, film mütləq ingilis, fransız və digər xarici dillərə tərcümə olunmalıdır ki, səsimizi dünyaya çatdıra bilək. Bu gün erməni lobbisi güclüdür, dünya da erməninin tərəfindədir. Lakin ilahinin ədaləti və səbrin sonu var. Biz haqq-ədalətin öz yerini tapmasını gözləyirik. Xocalı faciəsi soyqırımı statusunu Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra aldı”.
S.Vəliyeva əlavə etdi ki, Xocalı faciəsi yaşanan gün ermənilərin guya dinc sakinlərə şəhərdən çıxmaq üçün dəhliz vermələri haqqında iddiaların tam əsassız olduğunu da bildirdi: "Xocalıda dəhliz məsələsi olmayıb, əgər olsaydı bu qədər insan qırılmazdı. Əminəm ki, bir gün o torpaqlara qayıdacağıq”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Xocalı şahidlərinin hər birinin bir tarix, bir film olduğunu dedi: "Mətbuat Şurası olaraq artıq biz böyük qayıdışdan sonra nələr edəcəyimizi müzakirəyə çıxarmalıyıq. Hesab edirəm ki, hər bir kənd, hər bir abidə ilə bağlı yazılar, filmlər çəkilməlidir”.
Millət vəkili Hikmət Babaoğlu bu filmin Azərbaycan cəmiyyəti üçün çox lazımlı olduğunu dedi: "Bu kadrlara baxmaq çox ağır olsa da, milli yaddaş üçün baxılmalıdır. Milli yaddaşı qırılmış xalq özünü tanımamağa, düşmənlərini unutmağa məhkumdur. Bu yaddaşı itirməmək üçün bu filmlər lazımdır. Təxminən 200 ildir torpaqlarımız parçalanır, lakin bunları unuduruq. Görünür, müdrik tarix, unutduğumuza görə bizi cəzalandırır. Cənab prezidentin məhz bu məqsədlə Xocalı faciəsinin 25 illiyi ilə bağlı sərəncam imzalayıb”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev təəssüratlarını bölüşərək qeyd etdi ki, filmə emosiyasız baxmaq mümkün deyil: "Baxmayaraq ki, burada o dövrü əks etdirən bəzi kadrlara biz əvvəl də baxmışıq. 20-50 il sonra da bu kadrlara eyni emosiya ilə baxacağıq. Xocalı faciəsi yaddaşımızda dərin izlər buraxıb. Bu baxımdan hesab edirəm ki, filmin özünəməxsus dəyəri var”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Xocalı faciəsini şahidlərin dilindən eşitməyin sarsıdıcı olduğunu diqqətə çatdırdı: "Çox zaman belə faciələrlə bağlı məlumatlar verilərkən daha çox statistik rəqəmlər önə çıxır, insan amili unudulur. Lakin faciəni göstərmək üçün şahidlərin ifadələri vacib və çox təsirli metoddur. Ona görə də hər bir Xocalı şahidinə bir film həsr etmək olar. Gələcəkdə çəkiləcək filmlərdə, yazılarda məhz insan amili ön plana çəkilməlidir”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı istər filmdə şahidlərin çıxışı, istərsə də ad seçiminin çox uğurlu olduğunu vurğuladı: "Qısa zamanda, az maliyyə vəsaiti ilə belə təsirli filmin ortaya qoyulmasına görə əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Faciəni yaşayanların dilindən təqdim etmək çox təsirlidir. Bu film həm də Azərbaycan jurnalistlərinin Xocalıya münasibətini göstərdi. Çünki hər zaman yaşanan faciələrdə jurnalistlərimiz xalqın yanında olub və haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz xidmət göstəriblər”.
Qeyd edək ki, filmin rejissoru Elmar Məlikovdur. Onun ərsəyə gəlməsində Ceyhun Əsgərov, Vüsalə Məmmədova kimi Azərbaycanın tanınmış jurnalistləri çalışıblar. Filmin hazırlanmasına texniki dəstəyi CBS telekanalı verib.

Şəbnəm Mehdizadə







banner

Oxşar Xəbərlər