• cümə, 29 Mart, 19:35
  • Baku Bakı 14°C

“Xocalıya ədalət!” çağırışına dünya qoşulur - Araşdırma

19.02.14 08:37 1729
“Xocalıya ədalət!” çağırışına dünya qoşulur - Araşdırma
“Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik, hələ çox işlər görəcəyik və mən inanıram ki, tezliklə dünyanın bir çox ölkəsi bu soyqırımını tanıyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bütün qaçqınlar və məcburi köçkünlər doğma torpaqlarına, evlərinə qayıdacaqlar”. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində səsləndirdiyi bu fikirlərə artıq dünyanın bir çox sülhsevər xalqları səs verib. Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən olan “Xocalıya ədalət” kompaniyası soyqırımın tanınması üçün dünya xalqlarını birliyə çağırır.
Heydər Əliyev Fondu bir neçə ildir Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu gün etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır” - deyə Leyla Əliyeva bildirib.
22 il bundan əvvəl törədilən Xocalı faciəsi əsrlər boyu xarici istilalara, qəsblərə məruz qalmış xalqımızın qan yaddaşında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində ermənilər tərəfindən törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri kimi anılır. Ermənistanın bu gün də davam edən hərbi təcavüzü ilə üz-üzə qalmış Azərbaycan ermənilər tərəfindən uydurulmuş “Dağlıq Qarabağ problemi”, o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsi ümummilli liderimiz Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur.
“Leyla Əliyeva: “Xocalıya ədalət!”

Yazıçı-publisist, Əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" ikicildliyi də “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr olunub.
Nəşrlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrin son illərində Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilir.
İkicildlikdə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaqdır.
AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynov ikicildliyə "Ön söz"ündə qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünya boyu gerçəkləşdirdiyi və çox uğurlu bəhrələr verən “Xocalıya ədalət!” hərəkatı həm içdən gələn vətənpərvərlik duyğularının hökmü, həm də damarlarında axan qanın diktəsi kimi qavranılmalıdır. Xocalı faciəsini dünya boyunca bir soyqırımı olaraq tanıtmaq həqiqətdə dünya erməniçiliyinin Vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasını açmaqdır. Kitablarda ortaya qoyulan bir-birindən ifşaedici, danılmaz sübutlar, məntiqi dəlillər bir daha isbat edir ki, Xocalı faciəsi ermənilərin və erməniçiliyin Azərbaycan xalqına qarşı sistemli soyqırımı siyasətinin bariz ifadəsi olmaqla yanaşı, beynəlxalq terrorizmin insanlığa qarşı indiyədək törədilmiş cinayətlərinin ən ağırlarındandır.
Hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayeva qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” çağırışına münasibət əvvəlki illərdən tam fərqlidir: “Heç kəs şübhə etməsin ki, yaşadığımız yüzillikdə yaranmış bu strategiya tarixdə məhz “Leyla Əliyeva strategiyası” kimi qalacaq, təhlil olunacaqdır”.
Kitabın mahiyyəti göstərir ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Şübhəsiz, təqdim edilən kitabları oxuyan və obyektiv təhlil edən hər kəs bu modelin böyüklüyünü və əhəmiyyətini dərk edəcək və gələcək mübarizəmiz, qələbəmiz üçün lazımi nəticələr çıxaracaqdır.
Müəlliflərin məqsədləri Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
Nəşrin birinci cildində yer alan “Xocalıya ədalət!” yeni yüzilliyin strateji modeli kimi... və ya “Xocalıya ədalət!” azərbaycanlılar üçün yeni ideologiya” başlıqlı yazıda qeyd edirlər ki, ideoloji çağırış çərçivəsində biz beynəlxalq terror təşkilatlarının, erməni silahlı birləşmələrinin Dağlıq Qarabağı necə dağıdıb viran qoyduqlarını təhlil etməyi bacarmalıyıq. Belə bir yanaşma metodunu verən "Xocalıya ədalət!" çağırışı imkan yaradır ki, terrora məruz qalmış insanlarımız və ayrı-ayrı yaşayış məntəqələrimiz haqqında ictimaiyyəti, eləcə də bəşəriyyəti, demokratik institutları məlumatlandıraq. “Xocalıya ədalət!”in siyasi uğurlarından biri də budur.
Qeyd edilir ki, strateji model olaraq “Xocalıya ədalət!” çağırışı düzgün seçilib. Böyük əzmkarlıqla yuxusuz gecələr, gərgin zəhmət hesabına dünya miqyasında hazırlanıb keçirilən tədbirlər, görülən işlər, cəsarətli gedişlər, düşünülmüş siyasi kurs öz bəhrəsini verib. Artıq erməni təbliğat maşını “Xocalıya ədalət!”in qarşısında duruş gətirə bilmir.
Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanların taleyi uğrunda mübarizəyə çağıran "Xocalıya ədalət!" adlı mənəvi bir cəbhə mövcuddur. Nə qədər ki, terror və amansızlıq, müharibə var, bu ideoloji cəbhə də həmişə yaşayacaqdır.
İkinci cilddə Xocalı soyqırımı qurbanlarının, ümumilikdə, həmçinin azyaşlı, yetkinlik yaşına çatmayanların, rayonun qəsəbə və kəndləri üzrə qətlə yetirilənlərin, diri-diri yandırılanların, faciədən sonra indiyədək itkin düşənlərin və digər istiqamətlərdə konkret siyahılar da yer alıb.
Kitablarda Azərbaycan, ingilis, türk və digər dillərdən olmaqla yüzlərlə mənbələrdən, eləcə də internet resursları da daxil olmaqla, ümumilikdə 350-dək mənbədən istifadə edilib.
Soyqırımın tanınması üçün

Bu gün "Xocalıya ədalət!" dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır.
Türkiyə parlamentində Xocalı soyqırımının tanınması üçün Türkiyə-Azərbaycan dərnəyi qardaş ölkənin parlament üzvlərinə müraciət ünvanlayıb. Sənəddə erməni vəhşiliyinin pisləyən qanun layihəsinin qəbul olunması öz əksini tapıb. Türkiyə-Azərbaycan dərnəyinin hazırladığı müraciətdə bildirilir ki, bir çox ölkələr və müxtəlif beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. Belə ki, 2012-ci ildə Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasını nəzərdə tutan qərar layihəsinin müzakirəyə çıxarılmasını təklif edib. Müraciətdə həmin qərar layihəsinin yenidən parlamentarilərin müzakirəsinə çıxarılması və dəstəklənməsi tələb olunur. Qərar layihəsinin müəllifi, millət vəkili Sinan Oğan isə həmkarlarının Xocalı soyqırımı ilə bağlı təşəbbüsə dəstək verəcəklərinə inandığını bildirib.
Xocalı soyqırımının Türkiyə Parlamenti tərəfindən tanınması üçün qardaş ölkədə fəaliyyət göstərən soydaşlarımız da səylərini davam etdirir.
“İslahatçı Gənclər” İctimai Birliyi İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” həftəsi keçirəcək. Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı qeyd edib ki, artıq ikinci ildir ki, “İslahatçı Gənclər” İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyə ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək üçün silsilə tədbirlər həyata keçirir: “Bu həftəlik çərçivəsində müxtəlif konfrans salonları və universitetlərdə Türkiyənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının, fəal gənclərinin, eyni zamanda Azərbaycandan gələn qonaqların iştirakı ilə Xocalı dəhşətlərindən bəhs edən çoxsaylı müzakirələr, panellər və görüşlər baş tutacaq. Bununla yanaşı, Türkiyə mediasının diqqətini Xocalı soyqırımı və onun acı nəticələrinə daha çox yönəltmək üçün KİV-lərdə çoxsaylı çıxışlar nəzərdə tutulub. Yaxın günlərdə isə “Xocalıya ədalət” həftəsi ilə bağlı təbliğat xarakterli elanlar İstanbulun bütün mərkəzi ünvanlarında yerləşdiriləcək. Həftəlik çərçivəsində təbliğat xarakterli bir sıra digər mühüm addımların da atılması nəzərdə tutulub. Biz Türkiyədəki tərəfdaşlarımızla birgə qardaş ölkə ictimaiyyətinin diqqətini bir insanlıq cinayəti olan Xocalı soyqrımı və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına yönəltmək üçün əlimizdən gələni edəcəyik”. Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, dünyanın bir çox ölkələrində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: “Düşünürəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Xocalı dəhşətlərinin yaşadıqları ölkənin ictimaiyyətinə çatdırılması üçün bacardığını əsirgəməməlidir”.
“Khojaly Genocide”

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyətə başlayıb. Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının yaratdığı “Khojaly Genocide” adlı internet və Facebook səhifəsi (www.khojaly.or.kr; www.facebook.com/KhojalyKR) Koreya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq məqsədi daşıyır. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımına aid məlumatlar, foto və videomateriallar yerləşdirilib. Saytda bir neçə ölkənin parlamenti və beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı hadisələrin soyqırımı kimi tanınması, “Xocalıya ədalət!” kampaniyası haqqında məlumatlar da yer alıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər