Xocalıya da qayıdacağıq!

Azərbaycan
Prezidenti Cənubi Qafqazda əbədi sülhün tərəfdarı olduğunu bir daha nümayiş
etdirdi
Ötən həftə Prezident İlham Əliyev yerli və xarici
KİV nümayəndələri üçün tamamilə yeni formatda geniş mətbuat konfransı keçirib.
4 saatdan artıq müddətdə 30-dan çox jurnalistin 50-yə yaxın sualını ətraflı
cavablandıran dövlət başçısının səsləndirdiyi fikirlər dünyada geniş rezonans
doğurub. Prezident İlham Əliyevin Azərbaycan, türk, rus və ingilis dillərində
verdiyi cavablar beynəlxalq ictimaiyyətə yönəlik aydın və birmənalı mesajlar
kimi də diqqət çəkib. Sualları cavablandıran dövlət başçısı deyib ki, bölgədə
davamlı, dayanıqlı sülh və təhlükəsizlik olması üçün yeganə yol əməkdaşlıqdır.
Onun sözlərinə görə, Azərbaycanın başlıca məqsədi artıq üçtərəfli qaydada -
Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur
dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələrin aradan
qaldırılmasıdır.

"Biz
özümüzə məxsus olanı qaytarmışıq”
Prezident söyləyib ki, əgər bu, baş tutsa, burada
Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər: "Biz əgər
təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya,
Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu
ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat
damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki,
icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq.
...Sülh üçün daha bir şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri
anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən
ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu
özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən
xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri
olmamalıdır. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki,
bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir. 10 noyabr Bəyanatı Ermənistan
tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.

"Bütün
lazımi infrastruktur qurulacaq”
Məcburi köçkünlərin öz dədə-baba yurdlarına
qaytarılacağı tarixdən söhbət açan Prezident İlham Əliyev vurğulayıb ki, bunun
üçün kompleks tədbirlər görülməlidir: "Minalardan təmizləmə prosesi başa
çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu
yaxınlarda "ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan
rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə
həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam
başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi
infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya
qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində
işləyərik. O ki qaldı, böyük şəhərlərə qayıdışa, əlbəttə ki, şəhərlərin baş
planları tərtib edilməlidir, infrastruktur yaratmalıyıq. Ondan sonra binalar
inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni, bu, böyük bir zaman
tələb edir. Yenə də deyirəm, bizim yarışacağımız əsas tərəf müqabili zamandır.
Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki,
öz haqqını diktə edir. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli
yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda, hazırda azad
edilmiş bütün ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı
tutulur. Biz bu məsələ üzərində də fəal çalışırıq”.

"Dağlıq
Qarabağ münaqişəsi həll olundu”
Dağlıq Qarabağ probleminin başa çatdığını
xatırladan dövlət başçısı bildirib ki, Azərbaycan bu münaqişənin bir tərəfi idi
və məsələni təkbaşına həll edib: "Dağlıq Qarabağ münaqişəsi həll olundu.
Noyabrın 10-da imzalanmış Bəyanat bunu təsdiqləyir. O ki qaldı, statusa, mən öz
çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq
istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və
erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar.
Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu
günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız
istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də
erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə
status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ
Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq
Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz
hissəsidir”.

"Sülhməramlıların
da fəaliyyətinə son veriləcək”
Prezident İlham Əliyev əminliklə bəyan edib ki,
Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlarına da
azərbaycanlılar qayıtmalıdırlar və qayıdacaqlar. Onun sözlərinə görə, noyabrın
10-da imzalanmış Bəyanatda bu, göstərilir: "Bəli, bu, bir qədər zaman və birgə
səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da
qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki,
süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar. ...Əcnəbi
əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi
müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi
baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı
missiyanı icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən
bir müəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətlə,
Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər.
Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən
sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki,
onların da fəaliyyətinə son veriləcək”.

"Başqa
xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”
Ölkə başçısı Türkiyə-Rusiya Birgə Monitorinq
Mərkəzinin fəaliyyətə başlamasının da çox önəmli addım olduğunu diqqətə
çatdırıb: "Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Onu da
bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı
missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli
sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad
edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol
oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara
göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki,
müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də
Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə
mövzusu deyil”.

Azərbaycanın
regionda yaratdığı yeni geosiyasi reallıqlar
Sözügedən mətbuat konfransı və orada səsləndirilən
fikirlərlə bağlı Milli Məclisin
deputatı, politoloq Hikmət Babaoğlu bildirib ki, indiyə qədər heç bir
siyasi lider "yumşaq güc” adlandırılan medianın imkanlarından bu qədər səmərəli
istifadə edə bilməyib. O qeyd edib ki, Prezident İlham Əliyev fevralın 26-da
keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qurumlarının
diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla, ölkəmiz haqqında
qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu: "Hər şeydən öncə,
bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük
müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla
bağlı idi. Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda
qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən
aparıcı media qurumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə
keçid o qədər rəvan baş verirdi ki, bu. media təmsilçilərinin də diqqətindən
yayınmır onların da yaxşı mənada təəccübünə səbəb olurdu. Əslində bu
hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin
imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması
idi”.

Mürəkkəb tarixi
mərhələdə ən doğru yol
Millət vəkilinin sözlərinə görə, Azərbaycan
Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında eyni zamanda bu vaxta
qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə
aydınlıq gətirib: "Onlardan biri, hazırda sülhməramlıların nəzarəti altında
olan ərazilərimizə qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya da,
digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci
məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və
hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq
və düşünülmüş planı var və bu, ardıcıllıqla, mərhələli şəkildə həyata
keçiriləcək. Başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi
reallığın regionumuza və vəd etdiyi mühüm perspektivlə bağlı idi. Bu kontekstdə
Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da, Ermənistana
da mühüm ismarıclar verdi. Bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni
reallıqlar regionda əməkdaşlıq üçün yeni, həm də tarixi fürsət yaradıb. Əgər bu
fürsətdən doğru istifadə olunarsa, bu, bütövlükdə regional və qlobal əməkdaşlıq
baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, Ermənistan yenə də
revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın
özünütəcridinə gətirib çıxara bilər və nəticədə bu ölkə öz səhvlərini təkrar
etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi
ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, kimsə Ermənistanın
olmayan ordusunu modernizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə
bilməz. Ona görə də, hazırkı mürəkkəb tarixi mərhələdə ən doğru yol yeni
əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur”.

"Əməkdaşlıq
regionun inkişafını təmin edən əsas amillərdəndir”
Milli Məclisin
deputatı Naqif Həmzəyev də
hesab edir ki, fevralın 26-da Prezident İlham Əliyevin beynəlxalq media
nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən Müharibəsindən sonra regionda
yaranmış reallıqlara, Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqının və
dövlətinin gələcəyinə dair aydın strateji planlarına baxış olub. Millət vəkili
söyləyib ki, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı gününə
təsadüf edən mətbuat konfransı Ermənistan hakimiyyətinin Azərbaycana qarşı
təcavüzkar siyasətinin dünyaya çatdırılmasına daha bir imkan yaradıb: "Ölkə
Başçımızın 4 saat ərzində 50 suala dəqiq, faktlara əsaslanan cavabları
Azərbaycanın mövqeyini, Cənubi Qafqazda əbədi sülhün, əmin-amanlığın bərqərar
olmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Beynəlxalq hüququn və
ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Azərbaycan dövlətinin
yeganə məqsədi tarixi ədalətin bərpa edilməsi, müharibə və onun gətirdiyi faciələrə
birdəfəlik son qoymaqdır. Davamlı sülhə nail olmaq hər zaman prioritet vəzifə
kimi Azərbaycan dövlətçiliyində öndə gəlib. İkinci Vətən müharibəsində
qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar
edilməsindədir. Mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz
davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün
yeganə yoldur. Sözsüz ki, davamlı, dayanıqlı sülhün və təhlükəsizliyin təmin
edilməsi, əməkdaşlıq regionun inkişafını təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda sülhün
qorunub saxlanması üçün əlindən gələni edir. Ölkə Prezidenti beynəlxalq
mətbuatın nümayəndələrinə Azərbaycanın məqsədinin üçtərəfli qaydada –
Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur
dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq
olduğunu açıq şəkildə vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar, öz növbəsində
bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edir”.
Rufik
İSMAYILOV
