• cümə, 29 Mart, 03:13
  • Baku Bakı 7°C

Dövlət Dumasının deputatı Xocalıda törədilənləri soyqırımı adlandırdı

21.10.18 12:00 739
Dövlət Dumasının deputatı Xocalıda törədilənləri soyqırımı adlandırdı
Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar.

"Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”,-deyə rusiyalı deputat əlavə edib.

Azərbaycanlı millət vəkili Elman Məmmədov bu açıqlamanı publika.az-a şərh edərkən bildirib ki, artıq Rusiya Dövlət Dumasında Azərbaycanın ədalətli mövqeyini müdafiə edənlərin sayı artır: "Təbii ki, yalnız dumada yox, Rusiya siyasi rəhbərliyi, siyasətçiləri arasında da fərqi müşahidə edirik”.

E.Məmmədov bildirib ki, bütün bunlar hamısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Biz tədricən onun bəhrəsini görürük: "Dmitri Savelyev Rusiya-Azərbaycan dostluq qrupunun Rusiya tərəfindən rəhbəridir. Bir neçə ay öncə də Aleksandr Duqinin rəhbərliyi ilə Azərbaycana 7 nəfərlik nümayəndə heyəti gəlmişdi, Dmitri Savelyev də onların tərkibində idi. Onlarla birlikdə Cocuq Mərcanlıya getdik, Lələ Təpəyə çıxdıq, Azərbaycan əsgəri ilə görüşdülər. Savelyev əsgərimizi qucaqlayıb "Qarabağ sizindir, möhkəm olun, ürəkli olun”, - dedi. Bu səfərdən sonra ermənilər və ermənipərəst deputat, siyasətçilər Dmitri Savelyevin üzərinə hücuma keçdilər. Lakin o, haqq-ədalət tərəfdarı kimi çıxış etməkdə davam edir. Dmitri Savelyev bu təpkilərin heç birindən çəkinmədi. Türkiyəyə, Kayseri şəhərinə biz onunla birlikdə getmişdik. Xocalı şəhidlərinin soyqırımı abidəsinin açılışından əvvəl 70 min nəfər tələbəsi olan Ərciyəz Universitetində böyük bir konfrans keçirdik. Dialoq, dostluq, tərəfdaşlığa həsr olunmuş bu konfransda Rusiya Dövlət Dumasının 8 nəfər üzvü iştirak edirdi. Onlar dumadakı müxtəlif komissiyaların və 6 siyasi partiyanın üzvləri idi. Həmin deputatların hamısı tədbirdə ədalətli mövqedən danışdılar. Xocalı parkı və Soyqırımı abidəsi önündə Savelyevdən başqa iki deputat çıxış etdi. Onların hər biri Azərbaycanın haqlı olduğunu, Xocalıda soyqırımı törədildiyini, eyni zamanda soyqırımı həyata keçirənlərin cəzasız qaldığını dedilər”.
Millət vəkili bildirib ki, hətta Savelyev tədbirdə Orta Asiya, Afrika və bir çox ölkələrdən olan nümayəndələrin iştirakına diqqət çəkdi. Onlara Xocalı Soyqırımı ilə bağlı gerçəkliyi öz ölkələrində yaymağı, parlament tərəfindən tanınmasını tövsiyə etdi: "Hesab edirəm ki, deputatlar Rusiya Dövlət Dumasında da bu məsələləri qaldıracaqlar. Ancaq unutmayaq ki, Rusiya böyük dövlətdir, orada çox sayda partiyalar, cəmiyyətlər, cərəyanlar, təşkilatlar var. Dostlarımız olduğu kimi düşmənimizin ədalətsiz mövqeyini müdafiə edənlər də var. Bu məsələdə üstünlük əldə etməyə çalışmalıyıq”.
banner

Oxşar Xəbərlər