“Xocalıda baş verən qətliamdan sonra böyük sarsıntı keçirdim” - Fotolar

Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin
366-cı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərini
işğal ediblər. İşğal zamanı şəhərin azərbaycanlı əhalisinə qarşı misli görülməmiş
soyqırımı törədilib. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində
613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər
girov götürülüb. 150 nəfər Xocalı sakininin taleyindən isə bu günə qədər məlumat
yoxdur. Faciə zamanı Xocalının 487 sakini əlil edilib. Yetkinlik yaşına
çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini, 130
uşaq valideynlərindən birini itirib. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla
öldürülüb. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən silahlı münaqişə zamanı törədilmiş
ən qanlı cinayətlərdən biri sayılır. Bu qanlı cinayətlərin törədildiyi ərəfədə
Xocalıda milis bölməsinin rəisi işləmiş Sabir Məmmədov "Kaspi”nin suallarını
cavablandırır.

- Sabir müəllim,
oxucularımızın sizi daha yaxından tanıması üçün, əvvəlcə özünüz barədə ətraflı
məlumat vermənizi istərdik. Nə zamandan Xocalıda milis bölməsinin rəisi işləməyə
başlamısınız?
- Mən 1945-ci ildə Ağdam rayonunun Göytəpə
sovetliyinin Kəngərli kəndində anadan olmuşam, ilk təhsilimi də elə bu kənddə
almışam. 1962-1966-cı illərdə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi
texnikumunda oxumuşam. Bunun ardınca isə Gəncədəki Həsən bəy Zərdabi adına
pedaqoji institutda ali təhsil almışam. Bir il hərbi xidmət çəkdikdən sonra
qardaşım Sadir Məmmədovun tövsiyəsi ilə 1982-ci ildə Özbəkistan Respublikasına
köçmüşəm, Buxara vilayətində milis orqanında işə düzəlmişəm. 1990-cı ilə qədər
Buxara vilayətində işlədiyim müddətdə nümunəvi xidmətimə görə dəfələrlə rəhbərlik
tərəfindən mükafatlara, təşəkkürnamələrə layiq görülmüşəm. Ötən əsrin 80-ci illərinin
sonundan etibarən Ermənistandakı soydaşlarımızın deportasiyası, 1990-cı ilin
Qanlı Yanvar hadisəsi, Dağlıq Qarabağda separatçılıq hallarının baş qaldırması
bir azərbaycanlı kimi məni də narahat edirdi. Məhz bu narahatlıqdan irəli gələrək,
1990-cı ildə növbəti dəfə məzuniyyət götürüb Bakıya gəldim, o vaxt daxili işlər
naziri işləyən Məhəmməd Əsədovun qəbuluna yazıldım. Qəti qərar qəbul edərək
nazirə dedim ki, Vətənimin çətin günlərində həmvətənlərimlə bir yerdə olmaq, öz
ölkəmdə, el-obamda düşmənə qarşı mübarizə aparmaq istəyirəm. Bu istəyimdən irəli
gələrək, nazirə raport da yazdım. Bu müraciətin, raportun, nazirlə görüşün nəticəsini
gözləmədən təkrar Buxara vilayətinə, öz iş yerimə qayıtdım. Çünki, məzuniyyətim
artıq bitmişdi. Ona görə də milis mayoru kimi öz işimin başına qayıtmalı idim.
Onu da qeyd edim ki, kiçik qardaşım Sadir Məmmədov Özbəkistandan qayıtdıqdan
sonra əvvəlcə Şuşa şəhər daxili işlər şöbəsinin rəisi, ardınca Dağlıq Qarabağ
Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdi.
Və mənim məqsədim heç də qardaşımın yanına getmək, yaxud onun tabeliyində işləmək
deyildi. Sadəcə öz Vətənimə qayıtmaq, bir qədər əvvəl qeyd etdiyim kimi, lazım
gələrsə düşmənə qarşı həmvətənlərimlə birgə mübarizə aparmaq idi. Daxili işlər
naziri Məhəmməd Əsədovla görüşdən bir müddət sonra işlədiyim Buxara vilayətinin
milis orqanına mənimlə bağlı məlumat daxil oldu. Həmin məlumatda mən Azərbaycana
– milis orqanına işə dəvət olunurdum. O vaxt Buxaradakı rəhbərliyim şəxsi söhbət
zamanı təklif etdi ki, Azərbaycana getməkdən imtina edim. Əgər onun şərtini qəbul
etsəydim Buxara vilayətində daha rəhbər vəzifəyə təyinat alacaq, rütbəmi də
artıracaqdılar. Bu, olduqca yaxşı təklif olsa da, mən öz Vətənimə qayıtmağa
üstünlük verdim. Azərbaycana gəldikdən sonra isə daxili işlər naziri Məhəmməd
Əsədov məni Əsgəran rayon daxili işlər şöbəsinin nəzdində yeni yaradılmış
Xocalı milis bölməsinin rəisi vəzifəsinə təyin etdi. Beləliklə də taleyim həmin
andan etibarən Xocalı yaşayış məntəqəsi ilə bağlandı.

- Azərbaycanda
milis bölməsinin rəisi vəzifəsinə təyin olunduğunuz vaxt Xocalı soyqırımından
xeyli öncəyə təsadüf edib. Maraqlıdır, həmin vaxt Xocalıda vəziyyət necə idi?
- Xocalı milis bölməsinə təyinatımı 1990-cı il iyun
ayının 5-də almışam. O vaxt işimi demək olar ki, sıfırdan başladım. Təsəvvür
edin, əmrim əlimdə, təyinatım var, ancaq milis bölməsinin binası, şəxsi heyəti
və zəruri avadanlıqları yox idi. Ən çətini də bu idi ki, rəhbərlik etdiyim
milis bölməsi Əsgəran rayon daxili işlər şöbəsinin tabeliyində olduğundan hər
bir işi ya Əsgəran, yaxud da Stepanakertin daxili işlər şöbələrinin razılığı ilə
etməli idim. O dövrdə vəziyyət çox çətin idi. Ermənilər hər vasitə ilə atacağım
hər bir addıma maneə yaradırdılar. Uzun-uzadı danışıqlardan, əsaslandırmalardan
sonra çox böyük çətinliklə iki vaqon əldə edib Xocalıya gətirməyə nail oldum.
Beləliklə də həmin iki vaqon Xocalı milis bölməsinin yerləşdiyi yer, inzibati
binası oldu. Bundan başqa, hər tərəfdən erməni kəndləri ilə əhatə olunan
Xocalıya cəmi 58 nəfərdən ibarət milis ştatı ayırmışdılar. Düşmənlə müqayisədə
ştat sayımız çox az idi. Üstəlik bu ştatı da yerli əhalidən toplamaq lazım idi.
Qapı-qapı düşüb cəsur, çevik, hərbi xidmət çəkmiş, Vətəninin müdafiəsinə hər
zaman hazır olan insanları topladıq, asayiş keşikçilərinin ştat üzrə sayını təmin
etdik. Bu insanların qarşısında duran əsas vəzifə ictimai asayişin təmin
olunması ilə bərabər, hər an düşmən təcavüzünə məruz qala biləcək rayonun və əhalinin
təhlükəsizliyini də qorumaq idi. Bütün çətinliklərə rəğmən işimizi qurmağı
bacardıq. Hətta az müddət sonra milis bölməsi üçün Xocalıda iki mərtəbəli, 52
otaqdan ibarət inzibati bina da tikdirə bildik. Bu işdə Azərbaycanın Milli Qəhrəmanları
Tofiq Hüseynovun, Aqil Quliyevin, Əlif Hacıyevin bizə çox böyük köməklikləri dəydi.
O vaxt Əlif Hacıyev Xocalı aeroportunu qoruyan milis dəstəsinin komandiri idi.
Adlarını çəkdiyim şəxslərlə birlikdə postları gəzib döyüşçülərlə vəziyyəti
müzakirə edib, qeydlər götürür, vəziyyətə uyğun qərarlar qəbul edirdik. Hətta
yadımdadır ki, o vaxt Ermənistandan Xocalı aeroportuna hər gün 30-32 təyyarə
reysi olurdu. Son dərəcə məxfi saxlanılsa da, hiss edirdik ki, bu reyslər sadəcə
insan daşımır, eyni zamanda ermənilərə silah-sursat gətirir. Məhz mənim təşəbbüsümlə
bu reyslər sonradan minimuma endirildi. Oradakı ümumi vəziyyətə dair Bakıda
yüksək vəzifə səlahiyyəti olan məmurlara müəyyən məlumatlar da ötürülürdü.
Ancaq təəssüflər olsun ki, bu məlumatlar ölkənin paytaxtında qiymətləndirilmir,
bizim həyəcanımıza əhəmiyyət verilmirdi. Mən DQMV daxili işlər idarəsinin rəis
müavini, polkovnik, qardaşım Sadir vasitəsi ilə də müvafiq dairələrə olduqca dəqiq
informasiyaların çatdırılmasına nail oldum. Ancaq bütün bu cəhdlər, verilən məlumatlar
nəticəsiz qaldı.

- Siz qeyd
etdiniz ki, müvafiq dairələrə olduqca dəqiq məlumatlar ötürmüsünüz, amma bunun
heç bir faydası olmayıb. O zaman cavab olaraq sizə nə isə deyilirdimi, yoxsa
ümumiyyətlə reaksiya vermirdilər?
- Həmin vaxt ölkədəki ictimai-siyasi vəziyyət çox gərgin
idi. Mərkəzdə AXC funksionerləri və Ayaz Mütəllibov komandası vəzifə kürsüsü
uğrunda mübarizə aparırdılar. Hökumətin başı öz kürsüsünü qorumağa, AXC-nin
başı isə bu kürsünü ələ keçirməyə qarışmışdı. Təsəvvür edin, o vaxt Dağlıq
Qarabağda olan rus hərbçiləri vasitəsilə əhalidən bütün silah-sursat
yığılmışdı. Adi ov tüfəngi nədir ki, onu da təhlükəsizlik tədbiri çərçivəsində
yeri əhalidən almışdılar. 58 nəfərlik Xocalı milis bölməsində 7-8 Makarov tipli
tapanca, elə bir o qədər də avtomat var idi. Silah-sursat, çörək, qida
lazımınca yox, nəqliyyat yolu bağlı, döyüş sursatı çatışmır. Ancaq vertolyotun
ümidinə qalmışdı hamı. Vertolyot isə hər zaman havaya qalxmırdı. Bizim həyəcan
dolu məlumatlarımıza, kömək tələb etməyimizə isə mərkəzdən biganə yanaşırdılar.
Deyirdilər ki, vəziyyəti şişirdir, əbəs yerə insanlar arasında təşviş
yaradırsınız. Tabeliyimdə olan iki milis nəfərini – Vəliyev Əli və Əhmədov
Natiqi xidməti maşında Əsgəran qalasının yanında güllələyib öldürmüşdülər.
Onlar səhər tezdən Ağdamdan gəlib Xocalıya daxil olmaq istəyərkən ermənilərin
silahlı hücumuna məruz qalmışdılar. Hadisə yerinin müayinəsi üçün Şuşadan gələn
istintaq qrupunu da Xankəndində ermənilər güllələyib geri qaytarmışdılar. Məcbur
qalıb mən və müavinim Hafiz Adilov hadisə yerinə getdik, müayinələr apardıq. Hətta
həlak olanların meyitini də çox əzab-əziyyətlə gətirib Ağdamda dəfn edə bildik.
Belə hadisələrlə dəfələrlə üzləşmişdik. Ağdamdan Şuşaya qədər 8 post var idi.
Bu postları sağ-salamat keçmək üçün mütləq rus hərbçilərinin müşayiəti olmalı
idi. Əks təqdirdə oradan sağ-salamat gedib-gəlmək olmurdu. Bu gərginliyin, hər
an ölüm təhlükəsinin altında işimizi görür, eyni zamanda vəziyyəti rəhbərliyə xəbər
verirdik.

- Xocalı
soyqırımı törədilən zaman Siz harada idiniz? Yerli əhalini bu qətliamdan xilas
etmək üçün hansı tədbirlər görüldü?
- Yüzlərlə hərbi texnikanın, iri çaplı silahların
müşayiəti ilə 3 mindən artıq təlim keçmiş erməni və rus hərbçilərinin Xocalıya
hücumu müqabilində oradan kiminsə sağ-salamat çıxması möcüzə idi. O gecə yalnız
özünü Ağdama çatdıra bilənlər sağ qalmağı bacardılar. AXC Ağdam rayon şöbəsinin
sədri, 845 saylı Eldar Bağırov adına Ağdam özünümüdafiə batalyonunun komandiri,
ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş Allahverdi Bağırovun şəxsi
təşəbbüsü sayəsində 1200-dən artıq Xocalı sakini də əsirlikdən xilas edildi,
sağ qaldı. Bundan başqa, Xocalı soyqırımından əvvəl belə bir faciənin
yaşanacağını hiss edib çox az sayda yerli əhalini də şəhərdən çıxara bilmişdik.
Hadisədən əvvəl yerli əhalini şəhərdən çıxarmaq üçün şəhər rəhbərliyi ilə bərabər
vertolyot əldə etməyə çalışırdıq. Həmin vaxt Xocalıya iki hərbi vertolyotun
müşayiəti ilə daha böyük tutuma malik bir vertolyot da gəlmişdi. Xocalıya un və
sair bu kimi şeylər gətirilmişdi. Biz fevralın 13-də bu vertolyota 300-dən
artıq qoca, qadın və uşağın mindirilməsinə nail olduq. O zaman müavinim
Xocalıya yeni qayıtdığı üçün həmin adamlar mənim müşayiətimlə əvvəlcə Gəncəyə,
oradan isə avtobuslarla Ağdama gətirildi. Sonrakı planımız bu idi ki, bu
vertolyot vasitəsilə əldə edə bildiyimiz silah-sursatı Xocalıya çatdıraq, şəhərin
özünümüdafiəsini daha da gücləndirək. Lakin uçuşun təhlükəli olduğu bəhanə edilərək
sonradan bizə vertolyot verilmədi. Beləliklə də 300-dən artıq Xocalı sakini və
mən Ağdamda qalası olduq. Xocalı ilə əlaqə yalnız hava nəqliyyatı vasitəsilə
mümkün olduğundan oraya təkrar qayıtmaq cəhdlərim də boşa çıxdı. Soyqırımının
baş verdiyi tarixdən sonra dövlət televiziyasında Xocalıda cəmi iki nəfərin həlak
olduğunu bildiriləndə biz bunun yalan olduğunu dərhal anladıq. Çünki, oradakı
real vəziyyəti, Xocalını gözləyən təhlükəni bilirdik. Hər bir Azərbaycan vətəndaşı
kimi mən də Xocalıda baş verən qətliamdan sonra böyük sarsıntı keçirdim. İndi də
həmin hadisənin kadrlarını izləyəndə dəhşətə gəlirəm.
Rufik
İSMAYILOV
