• cümə, 29 Mart, 02:08
  • Baku Bakı 7°C

Xocalı soyqırımının tanınması ilə bağlı petisiyaya cəmi 19 min imza toplanıb

18.05.17 10:00 1306
Xocalı soyqırımının tanınması ilə bağlı petisiyaya cəmi 19 min imza toplanıb
Xeyli müddətdir rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Federasiya Şurasına ünvanlanan Xocalısoyqırımı ilə bağlı petisiya başlanılıb. Dünən bununla bağlı keçirilən tədbirdə çıxış edən rusiyalı tarixçi əvvəlcə bu petisiyaya qarşı laqeyd yanaşmadan bəhs edib. Onun sözlərinə görə, müəllifi olduğu təşəbbüs indiyə qədər cəmi 19 min imza yığıb. Politoloq bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb: "Onlar bir iş görəndə,40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu, aşağı rəqəmdir”. O. Kuznetsov bildirib ki, petisiyalar daha çox xarici ölkələrdən gəlir. O, imzaların az toplanmasının səbəblərinə də toxunub: "İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyini güman etmirlər. İnsanlar hesab edirlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə yaradırıq? Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar. Bu petisiyaya imza atmaq üçün poçt ünvanından qeydiyyata düşmək lazımdır. Yəqin ki, imzaların azlığı həm də insanların elektron media resurslarına çıxışının məhdud olması ilə əlaqədardır”.
Tarixçi bildirib ki, imzaların böyük hissəsi Lənkərandan gəlib. O, universitetlərdə tələbələrlə görüş keçirmək üçün Gəncə və Mingəçevirə gedəcəyini də bildirib."Çox təəssüf ki, bu proses o qədər də aktiv şəkildə davam etmir”, - deyən tarixçi alim əlavə edib ki, sənədin Dövlət Dumasının müzakirəsindən keçməsi üçün minimum 100 min imza gərəkdir. "100 min imza təqribən Azərbaycan əhalisinin bir faizi deməkdir. Əgər kifayət qədər imza toplanarsa, onda biz Xocalı soyqırımı ilə bağlı məsələnin Rusiya Dövlət Dumasının müzakirəsinə çıxara bilərik. Bunun özü böyük bir hadisə ola bilər. Bu, dünya boyu insanların daha çox bu qanlı hadisə barədə xəbər əldə etmələrinə, həqiqəti öyrənmələrinə səbəb ola bilər”, - deyə rusiyalı politoloq vurğulayıb. O bildirib ki, "bizim əsas məqsəd Dövlət Dumasının bu sənədi qəbul etməsidir. Bizim məqsədimiz parlamentdə soyqırımının baş verib vermədiyi barədə müzakirələrin keçirilməsidir. Məhz bundan sonra hüquqi arqumentasiya hazırlanacaq”.
Rusiyalı alim daha sonra o vaxtkı 366-cı alayın Rusiyaya heç bir aidiyyəti olmadığını dilə gətirib. "Rusiya ordusuna bu alayın heç bir aidiyyəti yoxdur. Formal olaraq bu hərbi birləşmə MDB Silahlı Qüvvələrinə aid olub. O zaman həmin hərbi birləşmə Rusiyanın yuridiksiyasına verilməli idi. 31 mart 1992-ci ildə onu Xankəndindən çıxarmalı və Orenburqa göndərməli idilər. 366-cı alayın dislokasiyası barədə qərar fevralın 25-də verilib. O zaman Seyran Ohanyan rəhbərlik etdiyi batalyonda digər erməni zabitləri ilə birlikdə silahlı qiyam qaldırdı. Yəni Rusiya ordusunun formal olaraq bu cinayətdə iştirakı yoxdur”, - deyə politoloq vurğulayıb. O, qeyd edib ki, 366-cı alay 1992-ci il martın 3-də Vazianidə ləğv edilib. Həmin alayın bayrağı qvardiya bayrağı olmasına baxmayaraq, məhv edilib. Politoloq onu da deyib ki, Rusiya ictimaiyyəti üçün Ermənistan-Azərbaycan münaqişəsi "Rusiya müharibəsi deyil”. Rusiya cəmiyyətində buna indifferent-neytral və heç bir məna kəsb etməyən münaqişə kimi baxırlar.
Qeyd edək ki, O. Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsinə çağırış olunur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər