• cümə, 19 Aprel, 16:14
  • Baku Bakı 25°C

Xocalı soyqırımını unutma!

22.02.17 13:00 2876
Xocalı soyqırımını unutma!
Bəşər tarixinə vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 25 il keçir. Xalqımıza qarşı törədilən bu vandalizm aktı tariximizdə ən qanlı, ən böyük, ən ağır yaralardan biridir Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Qəddarlığı ilə seçilən Xocalı faciəsi özlərini qədim, mədəni xalq kimi qələmə verməyə çalışan erməni vəhşiliyinin, vandalizminin, faşizminin bir nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək, insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta erməni xisləti ilə meyitləri belə təhqir etməkdən çəkinməmişlər. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq deyirdi: "Bu, amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı bir neçə yüz il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək üçün "Xocalıya ədalət" beynəlxalq kampaniyası2008-ci ildəHeydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisiLeyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina, Peru, Honduras parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın 16 ştatı bu soyqırımı tanıyıb. Ali Baş komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında verdiyi Sərəncam dünyaya bir mesaj idi. Bu, gələcəkdə işğal altında olan bütün torpaqlarımızın da azad ediləcəyi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun, böyük qayıdışın başlanğıcıdır.
Azərbaycanın ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan Xocalıda baş verən soyqırımı elə bu şəhərdə ucaldılacaq böyük bir abidənin önündə yad edəcəkləri günü Xocalılar səbirsizliklə gözləyirlər.
Hüseyn Vəliyev
YAP Qaradağ rayon İdarə Heyətinin üzvü
banner

Oxşar Xəbərlər