AZE | RUS | ENG |


Xocalı soyqırımı - bu tarixi hər dəfə vərəqlədikcə...

Xocalı soyqırımı - bu tarixi hər dəfə vərəqlədikcə...
"Bütovlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Ümummilli lider Heydər Əliyev
 
Bəşəriyyət öz mövcudluğu ərzində saysız – hesabsız qanlı müharibələrin, basqınların və dəhşətli faciələrin şahidi olub. Bunlardan bəziləri kütləvi şəkildə dinc, silahsız əhalinin o cümlədən qocaların, uşaqların və qadınların məhv edilməsilə nəticələnib. Xalqımız da dəfələrlə erməni daşnaklarının etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb.
 
XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz olunmuş və soyqırım törədilmişdir. Ermənilərin 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri amansız soyqırım bunların ən dəhşətlisi oldu.
 
O soyuq fevral gecəsi Ermənistan silahlı qüvvələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə, Azərbaycanın gözəl diyarı olan Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı soyqırımını törətməklə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışdırmaq kimi çirkin niyyətlər güdürdülər. Azərbaycan xalqına qarşı misli gürünməmiş kütləvi və amansız qırğın aktı ermənilərin Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş , insanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət idi. Dinc, silahsız xocalılara bir gecənin içində böyük zərbələr vurulmuşdur. Soyqırım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, gənc, uşaq, körpə həlak oldu, yüzlərlə insan əsir düşdü, yaralandı və xəsarət aldı.
 
Bu faciə Ermənistan - Azərbaycan müharibəsi dövründə Azərbaycan xalqına qarşı vurulmuş ən ağır zərbələrdən biridir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla dəf etməyə çalışdılar lakin qəflətən edilən hücum nəticəsində silahlı bölmələrə qarşı silahsız insanların vuruşması mümkün olmadı. Öz evini, ailəsini, şəhərini qəhrəmancasına müdafiə edənlər həlak oldular. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin nəticəsində Xocalı ərazisi qana boyandı. Erməni vəhşiləri Xocalı şəhərini yerlə-yeksan edərək, qədim tarixi abidələri, ictimai binaları, xəstəxana və poliklinikaları, məktəbləri, fərdi mülkləri, dövlət idarələrini yandırıb dağıtdılar.
 
Erməni birləşmələrinin vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər öldürülmüş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Faciə nəticəsində 1000 nəfərdən artıq Xocalı sakini müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Onların 76 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qətlə yetirilənlərin 106 nəfəri qadın,83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl çağını yaşayan qocalar idi. Şəhidlərin 56 nəfəri diri-diri yandırılmış, başlarının kəsilmiş və dərisi soyulmuş, bədən əzaları  kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədəni süngü ilə dəlik-deşik edilmişdir. Erməni vandalizminin iç üzünü açan bu təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini , 130 uşaq isə valideynlərindən birini itirdi.
 
Xocalı erməni quldurlarının və Rusiyanın 366-cı atıcı alayının hücumu ilə beləcə viran qoyuldu. Halbuki Xocalı Qarabağda ən strateji əhəmiyyət daşıyan yer, yeganə təyyarə meydanına malik olan yaşayış məskəni, bütün bölgənon dayaq nöqtəsi idi. Xocalının mərd oğulları  aeroportu son nəfəslərinə qədər mərdliklə qoruyaraq, şəhid oldular.
 
Xocalı faciəsindən sonra bu qanlı olayın miqyasını xalqdan gizlətməyə çalışanlar 26 fevralda baş verən erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması yönümündə heç bir iş görmədi. Xocalı soyqırımı Azərbaycan parlamentinin 25 mart 1992-ci il tarixli iclasında müzakirə edilsə də, o vaxt hadisəyə münasibət birmənalı olmadığından və hakimiyyətə can atanların məqsədi başqa istiqamətə yönəldiyindən , bu qanlı hadisənin günahkarları bütövlükdə üzə çıxarılmamışdır. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində soyqırımla bağlı geniş müzakirələr aparıldı.1994-cü il 1 mart tarixində ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi qiymət verdi, belə ki,  Milli Məclisin qərarı ilə 26 fevral ölkə ərazisində "Milli Matəm Günü” elan olunmasını qərara aldı. 1997- cildə isə Xocalı soyqırımının qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında " Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalandı.
 
Nə qədər ağır hüzn və kədər içində olsaq da, düşünürük ki, xalqımız üçün həmin ağır o məqamda onun qorxmaz və fədakar oğlu unudulmaz  və dahi rəhbərimiz Heydər Əliyev hakimiyyətdə olsaydı , Xocalı faciəsidə baş verməyəcəkdi. Ulu öndərimiz hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymət verilməsində öz səylərini əsirgəmədi , bir çox həqiqətlər öz yerini tapdı , günahkarların kimliyi xalqa məlum oldu. Ulu öndərimizin layiqli davamçısı İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsinin əziz tutulması , onların ailələrinin və övladlarının təskinliyi üçün çox iş görür. Məhz buna görə də günahsız ruhlar hər ilin bu günü sevinə, şad ola bilərlər.
 
Bəli, bu gün Xocalı faciəsindən 25 il keçir. Xocalı faciəsi sadəcə olaraq tarixə çevrilməmişdir, bu tarixi hər dəfə vərəqlədikcə sanki yaralarımızın qaysağı qopur, qəlbimiz göynəyir. Amma bir təsəlimiz var ki, Azərbaycan xalqı  o zaman da sınmadı, əyilmədi, verdiyi şəhidləri üçün  heyifsilənmədi, məğrur dayandı, reallığın üzünə dik baxdı. Xocalı faciəsi xalqımızın qan yaddaşına yazılmış səhifədir, onu heç bir qüvvə pozmağa qadir deyildir. Bu torpağın çörəyini yeyib, suyunu içən hər bir Vətən övladı işğal altında olan torpaqlarımızın qaytarılması haqqında daim düşünməlidir. Xalqımız əmindir ki, dövlətimizin yürütdüyü uğurlu siyasət sayəsində bu tarixi ədalətsizliyə gec-tez son qoyulacaqdır.
 
Ülkər Həmidova 
Azərbaycan Respublikası Prezdentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Baş-mütəxəssis kitabxanaçısı  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025