• çərşənbə, 24 Aprel, 22:57
  • Baku Bakı 23°C

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22.02.19 14:38 346
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən agentliyin direktoru Aydın İbadov bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırım siyasətinin ən qanlı səhifəsidir. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilib. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Prezident cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Daha sonra Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri çıxış edərək qeyd edib ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilib. Cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.
Tədbirdə çıxış edən Dövlət Reklam Agentliyinin Monitorinq və Nəzarət şöbəsinin Analitik təhlil sektorunun müdiri Soltan Məmmədov isə vurğulayıb ki, Xocalı soyqırımı xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı zəruri cəza tədbirləri tətbiq edilməlidir. Bu soyqırımı aktına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.
banner

Oxşar Xəbərlər