• cümə axşamı, 25 aprel, 18:03
  • Baku Bakı 21°C

Xocalı soyqırımı ilə bağlı qanun Azərbaycana nə verəcək?

30.11.16 12:51 2091
Xocalı soyqırımı ilə bağlı qanun Azərbaycana nə verəcək?
Xocalısoyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisdə keçirilən "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında Milli Məclisin vitse-spikeriBahar Muradovabildirib. Onun sözlərinə görə, Qarabağda bəzi cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır: "Qanun layihəsiXocalısoyqırımının 25 illiyi ərəfəsində açıqlanacaq. LayihəXocalısoyqırımına məruz qalanların hüquqlarının tapdalanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq”.

B.Muradovanın sözlərinə görə, "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq,Xocalıilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.

Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, bu yolla erməni işğalını dəstəkləyənlərə məsuliyyət nəzərdə tutulur: "Milli Məclisdə Xocalı faciəsinin nəticələri, onun dünyada tanıdılması ilə bağlı böyük bir tədbir keçirildi. Həmin tədbirdə işğal olunmuş torpaqlar haqda danışıldı, Xocalı faciəsinin günahkarlarının cəzalandırılması, qanun layihəsinin hazırlanması təklifi irəli sürüldü. Qeyd edim ki, belə bir praktika dünyanın müxtəlif ölkələrində var. Azərbaycan ilk növbədə, işğal edilmiş torpaqlarının sahibi olduğunu və onu heç zaman düşmənə güzəştə getməyəcəyini, belə bir fikirdə olmadığını qanunvericilik səviyyəsində dünyaya elan edir. İkincisi, məsuliyyət məsələsi önə çəkilir”.

A.Mirzəzadə qeyd etdi ki, Xocalı faciəsi ilə bağlı erməniləri müdafiə edəcək şəxslərə çox ciddi xəbərdarlıq ola bilər: "Xocalı faciəsi ilə bağlı illərdir, işlər görülür, təbliğat aparılır. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün hüquqi sahədə bir çox vacib sənədlər var. Ulu öndər Heydər Əliyev tərəfindən 94-98-ci illər sərəncamların imzalanması, Xocalı faciəsinin 10 və 20 illik ildönümü ilə bağlı parlamentdə dinləmələrin keçirilməsi, qəbul olunan ayrı-ayrı qərarlarda ərazi bütövlüyünün önə çəkilməsi və s. Yəni bu məsələ həmişə diqqətdə olub. Ancaq bunların təkmilləşdirilməsi və dünyada real qiymətini alması üçün zaman yetişib”.

Millət vəkili Elman Nəsirov isə fərqli düşünür və bu cür qanunun qəbul edilməsi zamanının yetişmədiyi qənaətindədir: "Azərbaycan parlamentində Xocalı faciəsi ilə bağlı 10-dan artıq qərar qəbul olunub. İndi söhbət qərar deyil, konkret qanun layihəsinin hazırlanmasından gedir. Bu istiqamətdə işlər görülməkdədir və o, Xocalı soyqırımının 25 illik ildönümünə təsadüf edir. Parlamentdə bu haqda müzakirələr, dinləmələr keçirildi. Həm millət vəkilləri, həm QHT təmsilçiləri, həm də media nümayəndələri tədbirdə iştirak edirdilər. Mən də orada mövqeyimi bildirdim. Hesab edirəm ki, hazırda Xocalı faciəsi ilə bağlı beynəlxalq tribunalın yaradılması ideyası bugünkü reallığa adekvat deyil. Ən azı ona görə ki, bu cür tribunal yaradılmasına başlasaq, bu bəşəri cinayəti törədənlərin siyahısını təqdim edəndə ilk olaraq, Ermənistan prezident Serj Sarkisyanın adını yazmalıyıq. Biz onun cinayətkar olduğu məsələsini ortaya qoyanda onunla bütün danışıqları kəsməli olacağıq, Sarkisyanla heç bir danışıqdan söhbət gedə bilməz. Amma hələ ki, Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə sadiqdir. Hesab edirik ki, münaqişənin dinc yolla həlli yolları hələ tükənməyib”.

Millət vəkili qeyd etdi ki, doğrudan da, həll yolları tükənərsə, münaqişənin həlli ilə bağlı bütün imkanlar səmərə verməzsə, ölkənin ali baş komandanı danışıqları dayandırmaq qərarı alarsa, o zaman beynəlxalq tribunalın yaradılması daha böyük aktuallıq kəsb edə bilər, vacib məsələyə çevrilər: "Bu gün bütün beynəlxalq təşkilatlar, BMT-nin subyektləri olan ölkələr, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin yalnız dinc yolla həllini mümkün hesab edirlər və alternativ görmürlər. Bu baxımdan, həmin o tribunalın yaradılmasına imkan verməyəcəklər. Nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı 4 qətnaməsi icra edilmir, belə olan vəziyyətdə, beynəlxalq tribunalın yaradılması ideyasının reallaşmasına imkan verməyəcəklər. Həm də beynəlxalq praktika göstərir ki, soyqırımı etmiş istənilən dövlət və siyasi rejim yalnız hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ona qarşı cinayət işi açılması, müttəhim kürsüsünə əyləşdirilməsi baş verir. Bu həm Almaniya faşizmi ilə bağlı Nürnberq prosesində belə olub, həm Bosniya prosesində, həm də digərlərində. Hakimiyyətdən uzaqlaşdırılan siyasi rejimlə bağlı cinayət işi açılır. Hələ ki, Sarkisyan hakimiyyətdədir. Bununla bağlı beynəlxalq qurumlar bu ideyanın reallaşmasına imkan verməyəcəklər. Ona görə də indiki halda hüquqi bazamızı gücləndirib xarici ölkələrdə bu məsələyə, soyqırımı cinayətinə hüquqi və siyasi qiymət verilməsinə çalışmalıyıq. Tribunalın yaradılması bir qədər sonrakı perspektivin məsələsidir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər