“Xocalı soyqırımı hamımızın faciəsidir”
Azərbaycan
Türkiyə Vizyon Teatrı
Xocalı hadisələrinə həsr olunmuş tamaşa hazırlayıb
28 il bundan öncə fevralın 25-dən
26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi vəhşiliklər dünya tarixində ən dəhşətli soyqırımı hadisələrindən
biri kimi yaddaşlara həkk olundu. Bu hadisədən 28 il keçsə də, hər il bu günü
unutmur və unutdurmuruq. Bu illər ərzində Xocalı soyqırımının dünyaya
tanıdılması istiqamətində müəyyən işlər görülüb və hələ də görülməkdədir.
Türkiyədə fəaliyyət göstərən
Azərbaycan Türkiyə Vizyon Teatrı öz ənənəsinə
sadiq qalaraq, İstanbulda bu günü yada salan tamaşa ilə çıxış etdi. Xocalı faciəsi
zamanı yaşanmış hadisələr nümayiş olundu. İstanbuldamüstəqil teatr şəklində
fəaliyyət göstərən teatrın rəhbəri və
tamaşanın baş rol ifaçısı Kəmalə Nəbibəyli bildirir ki, tamaşada Xocalı dəhşətini
yaşamış Dürdanə Ağayevanın obrazını yaradır. Məşq prosesi 2 aydan çox gedən
tamaşaya Bakıdan qonaqlar da dəvət olunmuşdu.
Ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran
Dadaşzadə olan "Cəhənnəmdə 8 gün” tamaşası müharibə və terrorun qurbanı olmuş
insanların yaşantılarını əks etdirir. Tamaşada Xocalıda hücuma məruz qalan
insanlara qarşı münasibət və insanlıq duyğusu ön plana çəkilib. Kəmalə xanım
deyir ki, 1992-ci ildə Xocalıda yaşanan hadisələri anmaq insanlıq borcudur.
Çünki insan haqları bu qədər pozularsa, nəticədə soyqırımları geniş meydanı əhatə
edəcək: "Bu layihədə Xocalı soyqırımında bir gənc qızın – Dürdanə Ağayevanın
yaşadığı hadisələr əsasında ssenari yazıldı. Rejissorumuz Kamran bəy ssenariyə
uyğun tamaşaçıların diqqətini cəlb edə biləcək bir tamaşa hazırladı. Tamaşada
sadə insanların həyatlarına, psixologiyasına vurulmuş zərbələri, sarsıntıları
göstərməyə çalışdıq. "Cəhənnəmdə 8 gün” vasitəsilə olanları olduğu kimi göstəririk.
Tamaşa kimisə hədəfə almaq deyil, sadəcə məlumat xarakterlidir. Layihənin önəmli
tərəflərindən biri də Azərbaycan və Türkiyə aktyorlarının birlikdə tamaşa
hazırlamalarıdır”.
Xocalı faciəsi ərəfəsində yeni layihələrlə türk
auditoriyası qarşısına çıxan Kəmalə xanım deyir ki, millətini, xalqını sevən
insan heç bir maddi təmənnası olmadan vətən yolunda hər şeyə hazır olmalıdır:
"Xocalı, Vətən mövzusu mənim üçün aktualdır. Mən bu mövzuda çox həssasam. Ona
görə hər zaman Xocalı mövzusuna toxunmuşam, toxunacam da”.
Aktyorlar isə bizimlə söhbətlərində bildirdilər ki,
"bir millət, iki dövlət” prinsipi gündəlik həyatımızda da bu isbat olunmalıdır.
Sözügedən tamaşa isə bunun ən bariz nümunəsidir. Və onun vasitəsilə müharibəyə,
qətliama "yox” deyilir.
"Cəhənnəmdə 8
gün” tamaşasının administratoru Ayhan Ünlü söylədi ki,
bu tamaşa onların yaradıcılığında xüsusi önəm kəsb edir: "İstərdik ki,
qarşınıza bir komediya ilə çıxaq və tamaşaçıları əyləndirək. Ancaq bir həqiqət
var ki, biz onu unutmamalıyıq. Çünki keçmişini dananın gələcəyi olmaz, deyirlər.
Bu dəfə teatrımızın pərdəsini Xocalı faciəsini özündə ehtiva edən tamaşa ilə
açırıq. Ümid oyunu aktyorları Azərbaycan Türkiyə
Vizyon Teatrı olaraq biz bu qətliamı qınayır və savaşa "yox” deyirik”.
Teatrın
aktyoru Musa Çakır bildirir ki, amalımız belə bir tamaşa
ilə Türkiyə və Türkiyədə yaşayan xarici vətəndaşlara Xocalı faciəsində
yaşananları xatırlatmaq və qardaş Azərbaycanın acısını təqdim etməkdir: "Sözügedən
tamaşada rol almaqdan qürur duyuram. Bu tamaşada qanlı terrorçu olan Monte
obrazını canlandırıram. 1992-ci ildə qardaşlarımıza qarşı törədilən qətliamda
bu qanlı terrorçunun rolunu oynamaq, əlbəttə ki, bir o qədər də xoş deyil.
Lakin mənə görə, bir aktyor hər cür obrazın öhdəsindən haqqı ilə gəlməyi
bacarmalıdır. Xocalı qətliamında qardaşlarımızın uşaqlarını, qadınlarını,
yaşlıları amansızcasına qətl etmiş Monte adlı terrorçunun obrazı ilə düşmənin
necə qəddar olduğunu göstərməyə çalışıram. Bu tamaşa vasitəsilə dünyaya səslənmək
və hər kəsə terrorun gətirdiyi bəlaları göstərmək istəyirik. Qardaşlarımızın dərdini
unutmadığımızı göstərməklə yanaşı, Xocalı faciəsini törədənləri lənətləyir,
Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik”.
Teatrın
aktrisası Şelale Coşkuntuna deyir ki, Xocalı faciəsi dünyanın üz
qarasıdır: "Əslində, müharibə insanlığın dünya üzərindəki vicdan tərəzisidir. Uşaq,
qadın, yaşlı demədən 613 nəfər Azərbaycan vətəndaşının ölümünə səbəb olan o dəhşətli
hadisənin üzərindən 28 il keçir. Günahsız insanlara qarşı edilən bu qətliam
vicdanı olan hər kəsdə dərin izlər buraxıb. Mən "Cəhənnəmdə 8 gün” tamaşasında
Narxanım obrazını canlandırıram. Narxanım bütün bu hadisələrə şahid olan, hətta
onu yaşayan bir qadındır. Əlbəttə ki, bu xarakteri oynamaq çox çətindir. Çünki
bu yaşanmışları bir aktrisa olaraq ruhuna qəbul etmək, onu mənimsəmək, özününkü
kimi təqdim, o qətliamı hiss etmək çox çətindir. O günləri, insanlığın ayıbını bu
gün zehinlərdə təkrar canlandırmaq üçün burdayam”.
Aktyor Sait
Vardar Xocalıda yaşanan hadisələrin bir qismini teatrın səhnəsində
nümayiş etdirəcəklərini və bu tamaşa vasitəsi ilə cəmiyyətə mesajlarının
olduğunu vurğuladı: "Xocalı qətliamı Türkiyədə mətbuatda yer almışdı. Bu
teatrdakı tamaşa ilə bağlı araşdırdıqda, daha böyük bilgiyə sahib oldum. Bu
tamaşada erməni nəzarətçisini canlandırıram. Nəzarətçi türklərlə iç-içə
böyüdüyü üçün barış və köməksevər bir xarakterdir. Bu kiçik dünyada və qısa
yaşamımızda savaş olmadan, barış içində yaşamağı arzulayırıq”.
Tamaşada Karo
adlı vəhşi terrorçunu canlandıran aktyor Bülənt Altayerməni qatillərinin Xocalıda törətdikləri vəhşi qətliamı səhnədə göstərməyə
çalışdıqlarını bildirdi: "Mənim üçün çətin də olsa, bu rolu səhnədə yamsılamağa
çalışıram. Xocalıda qətl olunan bacı-qardaşlarımızın ruhu şad olsun”.
Son olaraq isə Kəmalə xanımdan sözügedən tamaşanın
təşkilatçı tərəfini xəbər aldıq. Türkiyədə yaşayan azərbaycanlı iş adamlarının
bu işdə dəstəyini soruşduq. Aldığımız cavab bizi məyus etdi: "Azərbaycanlı iş
adamlarına müraciət olundu. Lakin Xocalı ilə bağlı tamaşanı hazırlamaq üçün heç
kim bizə dəstək olmadı. Başqa tamaşalar üçün heç kimdən nə sponsor, nə dəstək
istəmişik. Ancaq bunu anım günü kimi ortaya gətirib çıxarmağımız üçün bizə dəstək
lazım idi. Ancaq heç bir azərbaycanlı iş adamı bizə cavab vermədi. Halbuki, Xocalı
soyqırımı hamımızın faciəsidir”.
Xəyalə Rəis