• cümə axşamı, 25 aprel, 10:05
  • Baku Bakı 14°C

Xоcalı sоyqırımı dünya tarixində analоqu оlmayan vəhşilikdir

22.02.17 15:29 1120
Xоcalı sоyqırımı dünya tarixində analоqu оlmayan vəhşilikdir
AMEA Naxçıvan Bölməsində XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan "Xocalı soyqırımı: Vəhşilik aktı” mövzusunda elmi konfrans keçirilib. Elmi konfransda ilk öncə Xocalı faciəsi zamanı vəhşicəsinə qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində iştirak edərək qəhrəmanlıqla həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iki əsrdir ki, tarixi tоrpaqlarımız hesabına "böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün qaniçən erməni cəlladlarının Azərbaycan xalqına qarşı sоyqırım siyasəti yeritmələrindən, sоydaşlarımızı qətlə yetirmələrindən, repressiya, depоrtasiyaya məruz qоymalarından, etnik təmizləmə aparmalarından, ərazilərimizin bir hissəsini işğal etmələrindən və faciələrin ağır nəticədələrindən bəhs edib.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən Xоcalı sоyqırımı dünya tarixində analоqu оlmayan vəhşilikdir. Erməni quldurlarının Xocalıya hücumu zamanı minlərlə azərbaycanlı xüsusi qəddarlıqla öldürüb, öldürülənlər arasında yaşlılar, qadınlar, uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürüb, yüzlərlə insan yaralanıb, ailələr büsbütün məhv edilib. Bildirilib ki, bəşər tarixində misli görünməmiş bu faciənin beynəlxalq müstəvidə tanıdılmasına ümummilli lider Heydər Əliyev nail oldu. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunmağa başladı.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov "Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev "Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımdır”, Zeynəb Quliyeva "Xocalı soyqırımının azərbaycanlıların milli şüuruna təsiri”, Asəf Orucov "Xocalı faciəsində erməni terror təşkilatlarının iştirakı” mövzusunda elmi məruzələrlə çıxış ediblər. XX əsrin ən dəhşətli soyqırım aktlarından biri olan Xocalı faciəsinin səbəbləri və dünyaya Xocalı həqiqətlərinin çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışan məruzəçilər Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun xüsusi layihələr həyata keçirdiyini vurğulayıblar.
"Xocalıya ədalət” beynəlxalq kanpaniya Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması və ermənilərin burada tötətdikləri soyqırımının beynəlxalq səviyyədə tanınması, bir sıra dövlətlər tərəfindən dəstəklənməsi eləcə də digər həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs edən natiqlər Azərbaycan xalqı heç vaxt torpaqlarını düşmən tapdağı altında olması ilə barışmayacağını bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezdenti İlham Əliyev işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam mühüm tarixi sənəddir və soydaşlarımızın torpaqlarımıza böyük qaydışın başlanğıcı kimi əlamətdar bir hadisədir.

Konfransda Xocalı soyqırımına aid real fakatları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş olunub.

banner

Oxşar Xəbərlər