• cümə axşamı, 25 aprel, 11:31
  • Baku Bakı 14°C

Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində

27.02.14 09:15 1628
Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində
Ermənistanın Azərbaycanda – Xocalıda törətdiyi soyqırım tarixin ən vəhşi və ən dəhşətli faktı kimi göz qabağındadır və bu dəhşətli faciəni dünyaya, bəşəriyyətə çatdırmaq, onu törədənləri beynəlxalq ictimaiyyət qarşısında cavab verməyə məcbur etmək bizim xalq, vətən qarşısında vətəndaşlıq borcumuzdur. Xüsusilə bu hadisənin mahiyyətini və onu törədənlərin insanlıqdan uzaq xislətini gənclərimizə, intiqama hazırlanmaqda olan cavan qüvvələrimizə daha dərindən bildirməyə borcluyuq.
Bakı Dövlət Universiteti çoxsaylı cavan nəslin təhsil və tərbiyə aldığı, milli ruhda böyüdüyü, faktlara və hadisələrə elmi yanaşma, nəticə çıxarma ruhunda fəaliyyət göstərdiyi müqəddəs bir məbəddir. Bu məbəddə millətin vətəndaş qeyrətinə bürünmüş 20 mindən çox gənc qüvvəsi böyüyür. Universitet auditoriyalarının hamısında bu gənclər iki istiqamətdə tərbiyə alırlar: birincisi vətəndaşlıq ruhu, ikincisi elmi biliklərin mənimsənilməsi.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tələbələrin bu iki fundamental ruhda böyümələri, həyata məhz bu ruhda vəsiqə almaları üçün müəssisənin Elmi Şurasında ciddi problemlər qoyur və onların həllinə şəxsən nəzarət edir. Azərbaycanın milli bayramlarından tutmuş gənclərə örnək olacaq klassik ziyalılarımızın yubiley tədbirlərinədək, milli – tarixi qürur faktlarımızdan tutmuş milli – tarixi faciələrimizədək hər bir məqamın anım günlərinin elmi səviyyədə qeyd olunması rektorun bu sahədə müntəzəmlik xarakteri almış təşəbbüsləri sırasındadır. Xüsusilə 28 May Müstəqillik Günü, 20 Yanvar və Xocalı faciələri universitet tələbələrinin milli and faktı kimi daim qeyd olunmaqdadır.
Artıq uzun müddətdir ki, universitet alimləri Xocalı faciəsi kimi bir hadisənin beynəlxalq aləmə çatdırılması istiqamətində təbliğat fəaliyyəti göstərirlər. Alimlər dünyanın bir sıra elmi nəşrlərində bu faciənin soyqırım statusunu qəbul etdirməkdədirlər. Həmin sırada BDU-nun hüquq fakültəsinin əməkdaşları xeyli iş görmüşlər. Beynəlxalq hüququn müxtəlif aspektləri ətrafında tədris və elmi - tədqiqat işi aparan bu alimlər qarşıya belə bir məqsəd qoymuşlar: Ermənistanın Azərbaycanlılara qarşı tətbiq etdikləri soyqırım beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməli və cinayətkarlar məhz bu hüquqi aspektdə öz cəzalarını almalıdır. Fakültə əməkdaşları 2005-ci ildən nəşr etdikləri “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi – analitik və praktiki jurnalın xüsusi buraxılışını məhz Xocalı faciəsinə həsr etmişlər. Əlbəttə, ilk baxışdan bu bir vətəndaşlıq işidir və yenə də ilk baxışdan kiməsə sıradan bir iş kimi də görünə bilər. Lakin məsələ burasındadır ki, jurnalın bu xüsusi buraxılışı Xocalı faciəsinin beynəlxalq hüquq aspektindən qiymətləndirilməsinin elmi – hüquqi əsaslarını təqdim edir. Jurnalın xüsusi buraxılışına akademik Abel Məhərrəmovun ön sözündə deyilir: “Əlbəttə, Ermənistanın təcavüzkarlıq siyasəti beynəlxalq cəmiyyət qarşısında daim qaldırılmalı, siyasi-hüquqi təhlillər aparılmalıdır. Bu istiqamətdə Azərbaycan hüquqşünas, tarixçi və siyasətçiləri tərəfindən geniş tədqiqatların aparılması və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutmalıdır. Bu cəhətdən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 2013-cü ildən yaradılan “İnsan hüquqları” kafedrasının bu ilk layihəsini (“Xocalı faciəsinin beynəlxalq hüquq müstəvisində soyqırım kimi qəbul edilməsi” – C.M.) çox yüksək qiymətləndirirəm. Əcnəbi alimlərin də iştirak etdiyi bu elmi əməkdaşlıq layihəsi gələcəkdə müxtəlif dillərə çap edilməli və geniş yayılmalıdır”.
Maraqlı bir cəhəti vurğulamaq istərdim: “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının redaksiya heyəti sırasında elmi-ictimai mühitdə özünü təsdiqləmiş Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir çox tanınmış universitetlərinin – Tbilisi Dövlət Universitetinin professoru L.A.Aleksidze, Moskva Dövlət Universitetinin professoru K.A.Xubiyev, almaniyalı professor Q.İ.Xubia, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor V.N.Denisov, Kazan Dövlət Universitetinin professoru R.M.Valeyev, ukraynalı professor L.D.Timçenko, İsveçin Lund Universitetinin professoru Karl Novak, Krakov Universitetinin professoru A.A.Merejko kimi hüquq alimləri vardır. Əlbəttə, o da heç kimə sirr deyil ki, bəzən bir sıra elmi jurnalların nüfuzunu süni surətdə qaldırmaq üçün formal olaraq beynəlxalq aləmdən alimləri redaksiya heyətinə daxil edirlər. Lakin bu jurnalda təmsil olunan ünlü alimlərin əməkdaşı olduqları bütün universitetlərlə Bakı Dövlət Universiteti arasında imzalanan memorandumlar həmin mütəxəssislərin bura cəlb olunmasına hətta hüquqi əsaslar vermişdir. Dünyanın adlarını çəkdiyim universitetlərinin akademik və professorlarının haqqında danışdığımız xüsusi buraxılışdakı məqalələri sübut edir ki, BDU-nun hüquq fakültəsi Xocalı soyqırımının beynəlxalq hüquqla qiymətləndirilməsi sahəsində böyük praktik iş görmüş, xalqa milli xidmət missiyası göstərmişdir. Məsələn, yuxarıda adını çəkdiyimiz Krakov Universitetinin professoru A.A.Merejkonun jurnalda dərc olunmuş “Beynəlxalq hüquqda sesessiya haqqında məsələ və Dağlıq Qarabağ problemi”, ukraynalı professor L.D.Timçenkonun “Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası” və s. məqalələr Qarabağ məsələsi ətrafında hüquqi aspektlərin elmi əsaslarını təqdim edir.
Xüsusi buraxılışda Azərbaycanın tanınmış alimləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi vasitələrlə həlli məsələləri, Ermənistanın müharibə strategiyası və Xocalı soyqırımı, Xocalı soyqırımı: beynəlxalq hüquqi aspektlər, bu cinayətin tarixi kökləri, Xocalı soyqırımının beynəlxalq hüquqi tanınması və s. kimi neçə-neçə elmi-praktik məqalə yer almışdır. Həm də bu məqalələrin hamısının ingilis və rus dillərində xülasələri problemin beynəlxalq miqyasda təbliğinə xüsusi imkan yaradır.
Hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın “Xocalı soyqırımı cinayətdir və onu törədənlər mühakimə edilməlidirlər” adlı məqaləsində müəllif faciənin baş verməsi tarixinə qısa ekskurs etdikdən sonra, nəzərdə tutulan hadisənin bir neçə hüquqi məsələlərini izah edir. Xüsusilə, bu əməlin cinayət-hüquqi məsələlərinə diqqət yetirir, faciədə cinayətkarlar tərəfindən pozulmuş beynəlxalq hüquq normalarının sistemini təqdim edir və bu faciə üçün soyqırım statusunun formalaşması prosedurunun yollarını göstərir.
Jurnalın xüsusi buraxılışının nəşrə hazırlanması işində onun həmredaktorları – hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin və İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru A.M.Məhərrəmovun əməyi ayrıca qeyd olunmalıdır. Fakültənin dekanı və jurnalın həmredaktoru Əmir müəllim BDU-nun memorandum imzaladığı xarici universitetlərin bir çoxu ilə tələbə, magistr mübadiləsi səviyyəsində göstərdiyi fəaliyyəti çərçivəsində Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında əməli iş görməkdədir.
Xocalı soyqırımının beynəlxalq cinayət statusunda dünya ictimaiyyətinə çatdırılması işində atdığımız hər addım millətə, xalqa xidmət faktıdır. “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnalın bu məsələyə həsr olunmuş xüsusi buraxılışı təkcə Azərbaycanda deyil, dünyanın əlimiz çatan hər yerində təbliğ olunmağa layiqdir.
Cahangir Məmmədli
banner

Oxşar Xəbərlər