• çərşənbə axşamı, 16 aprel, 09:27
  • Baku Bakı 14°C

“Zaman gələcək, şahid ifadələri ittiham aktına çevriləcək” - Fotolar

22.02.18 11:55 1533
“Zaman gələcək, şahid ifadələri ittiham aktına çevriləcək” - Fotolar
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. İdeya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov olan kitab Prezident yanında Bilik Fondunun dəstəyi ilə nəşr edilib.

"Xocalı şahidləri danışır" kitabı Ə.Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" adlı məqaləsi ilə başlayır. Məqalədə 20-ci əsr ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Prezidentin köməkçisi məqalədə yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ə.Həsənov vurğulayır ki, Azərbaycan prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiya, Heydər Əliyev Fondunun fəaliyyəti və "Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

Tədbirdə çıxış edən Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki, kitabda Xocalı soyqırımı şahidlərinin xatirələrindən məqamlar yer alıb. O, kitabda ermənilərin azərbaycanlılara, xüsusilə uşaqlara, qadınlara, yaşlı insanlara verdiyi işgəncələrin, dəhşətlərin əks olunduğunu diqqətə çatdırıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edərək deyib ki, 1805-ci ildə Dağlıq Qarabağ əhalisi 10 min 100 nəfər olub, onlardan 10 mini azərbaycanlı, 100-ü isə erməni olub: "1988-ci ildə Dağlıq Qarabağda əhali 189 min nəfər olub. Bunun 145 min nəfəri erməni, 40 min nəfəri azərbaycanlı, 4 min nəfəri digər millətlər olub. Böyük imperiyanın düşünülmüş siyasəti nəticəsində ermənilər İrandan Qarabağa və İrəvana gətirildi. Bizim faciələrimiz də elə o zamandan başladı. Ermənilər planlarını həyata keçirmək üçün yüzlərlə terror, kütləvi qətl həyata keçirdi. 1992-ci ildə 366-cı motoatıcı alayın zirehli texnikasının köməyi ilə Xocalı mühasirəyə alındı və azərbaycanlılara qarşı soyqırımı törədildi. Ermənilər deyir ki, bu, təsadüfi soyqırımıdır. Ancaq bu, planlı fəaliyyət idi və Xocalını tamamilə yer üzündən silmək məqsədi güdmüşdü. Təəssüflər olsun ki, bu vəhşilik XX əsrin sonunda, bəşəriyyətin gözü qarşısında baş verdi. Beynəlxalq ictimaiyyət bunun qarşısında susdu. Amma yaddan çıxarmayaq ki, bu, bəşəriyyət, insanlıq adına qara ləkədir".

G.Fərhadov xatırlatdı ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 20 min insan şəhid olub, 50 min insan isə yaralanıb: "Məhz bu münaqişə nəticəsində ölkəmizə 816 milyard dollardan çox zərər dəyib. Biz bir əsrdə 4 dəfə ərazi iddiası, soyqırımılarla üzləşmişik. Ona görə də Azərbaycanın və azərbaycanlıların başına gətirilən faciələrdən bəhs edən belə kitabların nəşr olunması vacibdir”.

Milli Məclisin sədr müavini Bahar Muradova Xocalı soyqırımını törədən cinayətkarların bu gün azadlıqda olduğunu söyləyib: "Ancaq zaman gələcək, Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcək, cinayətkar kimi hökm onların üzlərinə oxunacaq. Təqdimatına yığışdığımız bu kitaba ön söz yazan professor Əli Həsənovun bu böyük faciənin tarixi haqqında qələmə aldığı fikirlər, kitabda yer alan şahid ifadələri zaman gələcək ki, bu faciəni törədənlər üçün ittiham aktına çevriləcək. Ona görə də hesab edirəm ki, bu cür kitabların yazılması çox vacibdir. Şəhidlərin qurban getdiyi günün şahidləri nə qədər ki sağdılar, biz onların bu fikirlərini, xatirələrini qeydə almalı və tariximizin qan yaddaşına köçürməliyik. Çünki zaman-zaman nənə-babalarımız bu faciələri danışanda, elə bilirdik nağıldır, amma Xocalı soyqırımı bir daha bizə tarixi həqiqətləri göstərdi. Məhz bu səbəbdən biz şahidlərin ifadələri əsasında kitablar nəşr etməklə, bunları tarixi faktlara çeviririk. Hesab edirəm ki, bu kitablar tarixi məhkəmənin qurulması üçün bir mənbə rolunu oynayacaq”.

B.Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb: "Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində böyük işlər görülür. Azərbaycan diplomatları, millət vəkilləri də bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərirlər”.

Tədbirdə millət vəkilləri Rafael Hüseynov, Rafael Cəbrayılov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva və "Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər.

Bəxtiyar MƏMMƏDLİ


banner

Oxşar Xəbərlər