• şənbə, 20 Aprel, 01:42
  • Baku Bakı 15°C

Xocalı qətliamından 25 il ötür – Cenevrədə musiqili xatirə gecəsi keçirilib

22.02.17 17:42 1551
Xocalı qətliamından 25 il ötür – Cenevrədə musiqili xatirə gecəsi keçirilib
Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və Cenevrədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlıq şəraitində bütün dünyada keçmiş və davam edən müharibələrin qurbanlarınıa həsr olunmuş anım konserti təşkil ediblər.
Tədbirdə 25 il bundan əvvəl 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsi xüsusilə yad edilib. Bu hadisə – 106 qadın, 63 uşaq və 70 ahıl da daxil olmaqla 613 nəfər mülki şəxsin vəhşicəsinə öldürüldüyü - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli kütləvi qırğın hadisəsi olub.
Anım konsertində azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və Almaniyanın "Rhein-Quartett” adlı kamera ansamblı çıxış edib. Konsert proqramı müxtəlif beynəlxalq təşkilatları, media, vətəndaş cəmiyyəti və diplomatiya ictimaiyyətinin 150-ə yaxın nümayəndəsi qarşısında təqdim olunub. Anım tədbirini Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov açıq elan edib. O, auditoriyaya silahlı münaqişələrin qarşısının alınmasında BMT-nin rolunu və beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında təşkilatın əhəmiyyətini vurğulayıb: "İkinci Dünya müharibəsindən sonra BMT-nin yaradıldığı zaman beynəlxalq ictimaiyyət düşünürdü ki, münaqişələrdən azad bir dünya qurmaq mümkündür. Təəssüf ki, bu baş verməyib. Xocalı qırğını Azərbaycanın yaxın tarixinin ən ağrılı səhifəsidir. Biz keçmişin dərslərini öyrənməliyik. Buna görə də biz, bu axşam bütün müharibə və münaqişələrin qurbanlarını anırıq ki, Xocalı qırğını kimi hadisələr bir daha təkrarlanmasın”.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter: "TEAS-ın direktoru olaraq Dağlıq Qarabağda gedən müharibəni qeyd etməsəm düzgün olmaz” deyə qeyd edib: "Düz 25 il bundan əvvəl erməni işğalçılarından xilas olmaq üçün evlərini qoyub qaçan 613 nəfər kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib. İki tamamilə eyni münaqişə olmur. Hər bir yeni müharibənin öz dəhşətli siması olur. Onları bir ortaq cəhət birləşdirir: bu da ən çox həmin müharibənin mərkəzində olan günahsız mülki vətəndaşların əzab çəkməsidir”.
Konsert "Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Özü Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun "Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal "Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin "Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.
Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən "Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşdırılıb.

banner

Oxşar Xəbərlər