“Xocalı qətliamı necə gerçəkləşdi?”
Qardaş
Türkiyə və onun mətbuatı Ermənistanın Azərbaycana qarşı təcavüzü başlanandan
bəri obyektiv münasibəti ilə seçilib. Xüsusən də münaqişənin ilk illərində - Azərbaycan
informasiya blokadasında olduğu dövrdə qonşu ölkə mətbuatının oynadığı rol
əvəzsiz olub. Xocalı soyqırımı baş verən günlərdə bu, xüsusilə özünü göstərib.
Soyqırımından sonrakı illərdə qardaş ölkənin mətbuatı Türkiyə ictimaiyyətinə,
eləcə də türkdilli ölkələrdə olan çoxmilyonluq auditoriyasına faciəni obyektiv
şəkildə çatdırıb və indi də bu missiyanı daşımaqdadır.
Bu
günlərdə nüfuzlu "Milliyət” qəzeti ənənəsinə sadiq qalaraq "Xocalı qırğını necə
reallaşdı?” başlıqlı məqalə dərc edib və 25 il bundan əvvəl yaşanan faciəni
türk ictimaiyyətinə geniş şəkildə çatdırıb. Azərbaycanın İstanbuldakı konsulu
Məsim Hacıyev tərəfindən təqdim edilən materialda qeyd edilir ki, erməni
qüvvələri Xocalı qəsəbəsində, 83 uşaq, 106 qadın və 70-dən çox yaşlı daxil
olmaqla, 613 nəfəri qətlə yetiriblər. Məqalədə tarixə ekskurs edilərək
bildirilir ki, 1980-ci illərin ikinci yarısından etibarən Azərbaycan ilə
Ermənistan arasında gərgin bir dövr başladı: "Ermənistan Azərbaycana aid olan
Qarabağ bölgəsinin dağlıq hissəsində erməni əhalisinin çox olduğunu ifadə etdi.
Bölgədə erməni əhalisinin çox olmasının səbəbi Sovetlər Birliyinin illər boyu sürən
siyasəti ilə bağlı idi. Region beynəlxalq təşkilatların də qəbul etdiyi kimi,
tarixi və hüquqi olaraq Azərbaycana aiddir. O zaman Dağlıq Qarabağın ən
əhəmiyyətli ərazisi olan Xocalı qəsəbəsi erməni qüvvələri tərəfindən hərbi
hədəfdə idi. Qəsəbə aylarla top atəşinə tutuldu və nəticədə erməni qüvvələrinin
mühasirəsinə düşdü. Ətrafla əlaqəsi kəsildi. Qırğının reallaşdığı tarixlərdə 10
min əhalisi olan Xocalıda 3 min azərbaycanlı var idi. Yaşanan yalnız insanların
qətlə yetirilməsi deyildi. Cəsədlər üzərində edilən araşdırmalar onların bir
çoxunun yandırılmış olduğunu, gözlərinin oyulduğunu təsbit etdi. Hamilə
qadınlar və uşaqların da bu vəhşiliyə məruz qaldığı müəyyən olundu”.
Daha
sonra qeyd edilir ki, Xocalıda yaşanan bu qırğına Birləşmiş Millətlər Təşkilatı
və Qərb dövlətləri ciddi bir reaksiya göstərmədilər. "Qərb ölkələrinin bu mövqeyi
və rus dəstəyi ilə erməni qüvvələri qısa bir müddət ərzində Dağlıq Qarabağ
bölgəsini və ətraf torpaqları işğal etdilər. Ermənistan ilə Azərbaycan
arasındakı bu müharibə 1994-cü ilə qədər davam etdi. 1994-cü ildə iki tərəf
arasında atəşkəs təmin edildi. Ancaq atəşkəsin ardından başlayan sülh
danışıqlarında hər hansı bir nəticəyə gəlinmədi”, - deyə məqalədə vurğulanıb.
Bildirilir
ki, ulu öndər Heydər Əliyevin tapşırığıyla yaradılmış komissiya 2002-ci ildə
hesabatını açıqlayaraq Xocalı faciəsini soyqırımı elan edib. Prezident İlham
Əliyevin birbaşa təmasları nəticəsində ABŞ-ın 21 ştatı və dünyanın təxminən on
ölkəsi və parlamenti Xocalı faciəsini soyqırımı olaraq tanıyıb və o istiqamətdə
qərarlar qəbul edib. Konsul öz yazısında qeyd edir: "Bu məzmunda ən böyük
dəstəyi, əlbəttə ki, qardaş Türkiyədən gördük və görməkdəyik. Xocalı soyqırımı
baş verdiyi gündən bu yana Türkiyə ən böyük dəstəkçimiz və mənəvi təsəlli
yerimiz oldu. Hər il Xocalı həftəsində Türkiyə Böyük Millət Məclisində iqtidar
və müxalifət nümayəndələri bununla bağlı müzakirələr aparır, soyqırımını türk
cəmiyyətinə bir daha xatırladır. Başda Ankara olmaqla, Türkiyənin müxtəlif
şəhərlərində açılmış Xocalı soyqırımı abidələri, parklar, dərc edilən kitablar,
təşkil edilən yığıncaqlar soyqırımını törədənlərin iç üzünü bir daha ortaya
qoyur. Biz Xocalı soyqırımını törədənlərin cəzalandırılması faktıyla
torpaqlarımızın erməni işğalından şərtsiz azad edilməsini bir-birindən ayrı
tutmuruq. Çünki Xocalı soyqırımını edən canilər bizim torpaqlarımızı işğal
etmiş canilərin ya özləri, ya da yaxınları, qardaşlarıdır. Xocalı qatillərinin
beynəlxalq cəza məhkəməsinin önünə çıxmaları üçün bütün hüquqi addımları atırıq”.
Ümumiyyətlə,
qardaş ölkənin mətbuatı Azərbaycan üçün önəmli olan Qarabağ mövzusunda bütün
hadisələrə öz səhifələrində yer ayırır. Məsələn, son günlər medianın diqqəti
işğal altında olan Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cocuq
Mərcanlı kəndinə sakinlərin qayıtmasına yönəlib. Türkiyə mətbuatı bu hadisəni
Azərbaycanın böyük uğuru kimi qələmə verib. Nüfuzlu "Yeni Şafak” qəzetinin
"Azərbaycan Lələtəpəni geri aldı” başlıqlı məqaləsində vurğulanır ki, işğaldan azad
edilən Cocuq Mərcanlı kəndindən zorla qovulan insanların öz evlərinə qayıdışı həyata
keçirilir. Məqalədə, həmçinin xarici media mənsublarının iştirakı ilə kəndə
səfər təşkil edilməsindən bəhs olunub: "Öz torpaqlarına dönməyi dörd gözlə
gözləyən azərbaycanlılar üçün prezident İlham Əliyevin tapşırığıyla geri dönmə
layihəsi başlanıb. Qaçqın və məcburi köçkünlər üzrə Dövlət Komitəsinin nümayəndəsi
Fuad Hüseynov bildirib ki, ilkin mərhələdə 50 ev və məktəb təmir ediləcək”.
Bundan əlavə, "Timeturk” nəşri, "Anadolu”, "Arti 49” agentlikləri də Cocuq
Mərcanlıdan reportaj təqdim ediblər. "Dağlıq Qarabağa "Böyük Dönüş”ün başlangıcı:
Cocuq Mərcanlı” başlıqlı məqalələrdə Azərbaycanın işğal altında olan bütün
torpaqlarının azad ediləcəyi günün uzaqda olmadığı vurğulanıb.
Ölkəmiz
üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlərə də qardaş ölkənin mətbuatı yer
ayırıb. Məsələn, "Milliyət” qəzeti "Rus bloqger Lapşin Azərbaycana təslim
edildi” başlıqlı məqalədə Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz
səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur bloqgerin
Bakıya təhvil verilməsini işıqlandırıb: "Aleksandr Lapşinin ekstradisiyası Belarus
Ali Məhkəməsinin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib.
Artıq Lapşin Azərbaycandadır”. Qeyd edilib ki, Rusiya, İsrail və Ukrayna
vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci
ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər
edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi
bütövlüyünə qarşı çağırışlar edib. "DHA” agentliyi isə "Azərbaycan istədi,
Belarus saxlayaraq təhvil verdi” başlıqlı məqalə dərc edib. Məqalədə qeyd
edilib ki, "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə
qanunsuz səfərlər etmiş, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün
parçalanmasına açıq çağırışlar səsləndirmiş bloqger Aleksandr Lapşin Bakının
sorğusu ilə Belarusun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Azərbaycanın xüsusi təyinatlı polisləri rəsmi Bakı tərəfindən beynəlxalq
axtarışa verilmiş Lapşini təhvil almaq üçün xüsusi reyslə Belarusa yollanıb.
Belarus Respublikasının hüquq mühafizə orqanları tərəfindən Azərbaycanın xüsusi
xidmət əməkdaşlarına təhvil verilən Lapşin Bakıya gətirilib”.
Azər