Xocalı həqiqətləri Çin dilində
Azərbaycan Dillər Universitetinin
(ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə
Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Konfutsi
İnstitutunun direktoru, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən
biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu faciə haqqında həqiqətlərin
dünyaya yayılmasının vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyət tərəfindən
Xocalı soyqırımının tanınması üçün Azərbaycan Respublikasının birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük
işlər gördüyünü qeyd edən professor Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın "Xocalıya ədalət”
kampaniyasından da danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər
Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı
şöbəsinin müdiri Fərda Əsədov Xocalı
soyqırımının tarixi haqqında məlumat verib və soyqırımının tanınması üçün beynəlxalq
ictimaiyyətin səylərinin intensivləşdirilməsinin
vacibliyini qeyd edib.
ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Xocalı hadisələrinin şahidi Vahid Əli oğlu müəllifi olduğu " Xocalı”
poemasından bir parça səsləndirib.
Sonda Çin dilində Xocalı soyqırımına həsr olunmuş
film nümayiş etdirilib.