“Xocalı həqiqətləri Çin dilində” adlı tədbir keçirilib
Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda
Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən
Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov XX əsrin ən faciəvi hadisələrindən olan Xocalı qətliamının ağır nəticələrindən
söz açıb. O, dünyada bu qanlı hadisələr barədə həqiqətlərin yayılmasının, faciənin
soyqırımı kimi tanınmasına nail olmağın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən ADU-nun
Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov Xocalı
soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri
olduğunu qeyd edib. Xatırladıb ki, 1992-ci il fevral
ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı
motoatıcı hərbi alayının köməkliyi ilə Xocalı şəhərində dinc əhaliyə
amansızcasına divan tutub, nəticədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın,
70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər
yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Bu dəhşətli hadisələr Azərbaycan
tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olub.
Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini
əks etdirən sənədli filmlər nümayiş olunub.