• çərşənbə axşamı, 16 aprel, 10:08
  • Baku Bakı 14°C

Xocalı hava limanı ilə bağlı növbəti təxribat

26.05.17 09:30 1484
Xocalı hava limanı ilə bağlı növbəti təxribat
Ermənilər növbəti dəfə Azərbaycanı təxribata çəkmək niyyəti ilə bəyan ediblər ki, işğal altındakı Xocalı hava limanından Şuşa və Kəlbəcərə kiçik tutumlu təyyarələrlə turistik uçuşlar həyata keçiriləcək. Xatırladaq ki, bir neçə il öncə də həmin hava limandan uçuşlar həyata keçirmək istəyən Ermənistana təyyarələrin vurulacağı ilə bağlı Azərbaycan xəbərdarlıq etmişdi. O zaman bu xəbərdalıqdan çəkinən ermənilərin indi birdən-birə Xocalıdan uçuşlar həyata keçirmək xəyalına düşməsi heç də təsadüfi görünmür.
Artıq bu məsələ ilə bağlı Azərbaycanını xarici siyasət idarəsi münasibət bildirib. Belə ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevbəyan edib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır. Onun sözlərinə görə, Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir: "İşğal olunmuş ərazilər üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit olunub. Azərbaycan işğal olunmuş ərazilər üzərindəki hava məkanını uçuşlar üçün qadağan edib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Dövlətimizin bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir”.
XİN sözçüsü bildirib ki, Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycanın "Aviasiya haqqında” Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, "Mülki Aviasiya haqqında” Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır: "Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirdi ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın Cənubi Qafqaz regionunda öz nüfuzunu saxlamaq, siyasətini həyata keçirməsi üçün bir alətidir: "Ermənistan hər zaman bölgədə baş verən münasibətlərdən, gərgin vəziyyətlərdən istifadə edib. Bu gün də ermənilərin bu məkrli siyasəti davam edir. Onlar belə təxribatlara hər zaman hazırdırlar. Elə ona görədir ki, ermənilər bir əlaltı kimi nifrətə, təxribata köklənmiş siyasəti həyata keçirirlər. Xocalı hava limanı ilə bağlı məsələnin gündəmə gəlməsi heç də ermənilərin düşündüyü bir məsələ deyil”.
Politoloq Fikrət Sadıxov söylədi ki, Ermənistan hər zaman geosiyasi qarşıdurmadan istifadə edib: "Hansısa dövlətlərin bir-birilə soyuq münasibətlərinin ermənilər tərəfindən istifadə edilməsi məqamları hər zaman olub. Bu, birinci dəfə deyil və biz hər zaman bunu müşahidə etmişik. Xocalı hava limanından ermənilərin uçuşlar həyata keçirməsinə gəlincə, guya onlar dünyaya bəyan edirlər ki, turistləri qəbul edə bilərlər və sair. Lakin bu gülünc məsələdir. Çünki turistlərin orada baxması üçün ermənilərin hansısa obyektləri yoxdur. Bütün tarix və mədəniyyət ocaqları, məscidlər, evlər dağıdılıb. Özünə hörmət edən turist işğal olunmuş torpaqlara heç vaxt gəlməz”.
Politoloqun sözlərinə görə, ermənilərin atdıqları bu addım tam təxribatdır: "Bu təxribatın arxasında təbii ki, müəyyən səbəblər var. Həmin səbəblərdən biri ondan ibarətdir ki, guya ermənilər işğal etdikləri torpaqlara tam nəzarət edirlər və bundan irəli gələrək istədikləri addımları ata bilərlər. Amma məsələ orasındadır ki, istər mülki, istərsə də hərbi təyyarə olsun, fərqi yoxdur, Azərbaycan Ermənistanla hərbi vəziyyətdə olduğu üçün belə addımlara reaksiya verəcək. Buna qarşı hətta biz lazımi cavab da verə bilərik. Təbii ki, Azərbaycan ilk növbədə diplomatik addımlar atacaq. Artıq ATƏT-in Minsk qrupu həmsədrlərinə məsələ ilə bağlı bəyanat verilib. Eyni zamanda Azərbaycan dövləti aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına mövcud vəziyyətlə bağlı ölçü götürmələri və cavab addımı atılması üçün də müraciət edib. Hesab edirəm ki, Azərbaycan işğal altındakı ərazilərin hava məkanında hansısa obyektlə bağlı cavab addımı atacaq və Ermənistan bunu bilməlidir”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər