• bazar ertəsi, 23 dekabr, 01:45
  • Baku Bakı 9°C

“Xocalı harayı” adlı tədbir keçirilib - Fotolar

24.02.17 18:47 1358
“Xocalı harayı” adlı tədbir keçirilib - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Xocalı harayı” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitabların sərgisi ilə tanış olublar. Ardınca Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Xocalı harayı” adlı kompozisiyanın nümayişi olub.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Natiq qeyd edib ki, ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. R.Göyüşov bildirib ki, Prezident İlham Əliyev də hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğulayıb. O, qeyd edib ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov və digər çıxışçılar Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildiriblər.

Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva vurğulayıb ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. A.Əliyeva bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır. Bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza atması, tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.

Sonra tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş "Müharibə uşaqları” adlı filmin nümayişi ilə davam etdirilib.

banner

Oxşar Xəbərlər