Xocalı gəzişmələri
Yəhudi xalqı almanlar kimi
pedant, praqmatik bir xalqı soyqırımı məsələsində yerində oturda bildi. Almanlar
törətdikləri bu məşum olayı boyunlarına aldılar
və dünyanın gözü qarşısında yəhudilərdən üzr istədilər. Ən azı XX əsrin ortalarında
artıq çoxdan yetkinlik yaşına çatmış kino texnikasının, fotoqrafiya sənətinin ortaya
qoyduğu faktlardan qaça bilmədilər. Üstəlik də, faşizmin tüğyan elədiyi o illərdə
və ondan sonrakı dövrlərdə Alman torpağında bir nəfər belə yəhudinin qalmaması
"nemeslərin”" dilini-ağzını qapadı…
"Qanlı
illər" və "Qarabağnamə" kitablarında daşdan keçən məlumatlar bəs
deyincədir
Ermənilərin üzüdönüklüyü səbəbindən 1915-ci ildən başlayaraq
Türkiyədə ermənidən iki-üç dəfə artıq türk övladı şəhid oldu. Sonradan dünyanın
hansısa bucağında kino lentlərini (istər
bədii, istərsə də sənədli kino lentlər) erməni soyqırımının göstəriciləri kimi hər
tərəfə yayan da erməni oldu. Yüz ildən bəri Türkiyə ərazisində əmin-arxayın yaşayıb
türkün bütün mənəvi və maddi nemətlərindən bəhrələnən, kinosunda, şou-biznesində,
ticarət işlərində at oynadan da, 1918-ci ildə Osmanlı türkündən canında qalmış hikkəsini
Azərbaycan türkünün başında çatladan da erməni oldu və bütün tarixi boyu "məni qırmısan,
"genosid”" eləmisən" deyib bu gün də türkün boynundan şəlpə kimi sallanan
da odur. Vallah-billah, bütün bu illər, qərinələr ərzində türk bir bu qədər susub,
başısoyuqluq edib, qorxuram sonda onlar da almanların yolunu gedələr. Dilim-ağzım
qurusun, işdir-şayəd ,belə bir fikrə düşsələr, unutmasınlar ki, alman almandır,
türksə türkdür. Nə qələt yapsa da alman avropalıdır, bir arqument tapıb onun işini
yola verəcəklər. Amma dünya bina olandan türkün daşı həmişə ağır olub, Böyük Pyotrun
da vəsiyyətini nəzərə alsaq ("…Türkiyə və İran arasında fitnə-fəsad törətmək, dava-dalaş
yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasında ixtilaflar böyük, kəskin
silah və basılmaz ordudur. Türkiyə və İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla
elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də
Türkiyənin Avropa xalqları ilə təmas tapmasına imkan verməmək…" "Dirilik”"
jurnalı, 1916-cı il), türkü gözü götürməyənlər
bütün dövrlərdə olduğu kimi bundan sonra da bu daşdan xilas olmağa can atacaqlar.
Və əyər türk erməni "soyqırımını" etiraf eləsə, bunun yəhudi soyqırımı ilə
fərqi o saat özünü göstərəcək. Çünki erməni ermənidir, yəhudi deyil. Və mənim narahatçılığım
ondan yana deyil ki, türk xalqı "soyqırım”" faktını etiraf eləyə bilər, məsələ
burasındadır ki, boşluq eləsə, gönü suya versə, bir ləhzə avropalı soyuqqanlığı
göstərsə (təəssüf ki, bəzi hallarda türkün xislətində bu hal özünü göstərir), bunu
fakt kimi ona sırıya, boynuna qoya bilərlər! Halbuki istər Türkiyənin, istərsə də
ona qardaş olan Azərbaycanın keşməkeşli tarixində bir dəfə yox, dəfələrlə soyqırımı
hadisəsi baş verib və bu barədə ən azı M.S.Ordubadinin,
Mir Möhsün Nəvvabın real faktlar əsasında qələmə aldıqları "Qanlı illər" və
"Qarabağnamə" kitablarında daşdan keçən məlumatlar bəs deyincədir.
Bəs
indilərə nə sözünüz var, cənablar?!
İndi gəlin görək, başqalarını demirəm, elə təkcə "Qanlı
illər"lə "Qarabağnamə"ləri dünyanın aparıcı dillərinə çevirib yaya bilmişikmi?
Sovet dönəminin öz qanunları vardı - buna mən razı. Tərcüməçilər sarıdan da axsayırdıq
- burası da bəlli. Bəs indilərə nə sözünüz var, cənablar?! Az qala Bakımızda hər
beş nəfərdən biri ingiliscə danışıb gap eləyə bilir. Şəhərdə gur-gur yanan işıq
reklamlarının dilinə fikir verəndə, deyərsən ki, bura şərq şəhəri deyil, Monte-Karlodur.
Yüz min nüsxələrlə bivec-bivec kitaba sponsorluq
edib nəşr etdirir, sonra da utanmadan yar-yoldaşın, qohum-əqrəbanın iştirakı
ilə araq-çaxırlı təqdimat mərasimləri keçirirlər, amma "Qanlı illər"ə "Qarabağnamə”"lərə
yiyə duran yoxdur. Bilirsiniz nəyə görə, çünki onların arxasında dayanacaq "papaşaları"
yoxdur. "Adamın adamı" məsələsi… Qarşıdan Xocalı soyqırımının il dönümü gəlir.
Bu münasibətlə istər Azərbaycan mətbuatında, istərsə də radio-televiziyada təbliğat
kompaniyası gündən-günə qızışır, geniş vüsət alır. Amma… Çox təəssüf ki, bu təbliğat
kompaniyası yalnız ildə bir kərə yada düşür. Sonra yenə unudulur, növbəti ilə qədər
necə deyərlər, qatlanıb qoyulur arxiv rəfinin bir küncünə. İkincisi, çox təəssüf
ki, Xocalı soyqırımı haqqında ildə bir kərə ərşə bülənd olan hay-küyümüzü, vay-şivənimizi
yalnız özümüz deyib, özümüz eşidirik. Üçüncüsü və ən əhəmiyyətlisi də odur ki, biz
bu faciəvi reallığı hələ də dünyaya sübut eləyə bilməmişik. Bir anlıq təsəvvür edin
ki, (təkrar eləmək məcburiyyətindəyəm), ötən əsrin əvvəllərində - maşının, texnikanın,
kinonun tam intişar tapmadığı 1915-ci ildə baş vermiş türk-erməni münaqişəsini demək
olar heç bir maddi sübuta malik olmayan ermənilər dünya ilə bir eləyiblər. Özü də
bu sahədəki məqsədlərinə hər il bir pillə yaxınlaşırlar. Amma Xocalı faciəsi
ilə bağlı əlimizdə onlarla video material olduğu halda, başlıcası isə bu faciənin
minlərlə canlı şahidi, yüzlərlə şəhidimiz, yaralımız, əsirlikdə olanımız varkən,
əlimizdən heç bir şey gəlmir. Axır vaxtlar dilimizdə bir siyasi istilah peyda olub
- "ikili standart". Yəni ki, bizlər qeyri-avropalı olduğumuza görə, türklüyümüz,
müsəlmançılığımız ucbatından qapı arxasında saxlanırıq, ikinci dərəcəli millət kimi
baxırlar bizə. Bununla hardasa razılaşmaq olar. Amma burası da var ki, heç bir dövlət,
yaxud heç bir Avropalı siyasi xadim bizə öz tariximizi, öz milli kinomuzu, romanımızı,
poemamızı yaratmağı qadağan edə bilməz.
Di gəl ki,
eləcə baxa-baxa qaldıq
Seyidağa Mövsümzadə adlı bir dostumuz var. İstedadlı,
cəfakeş kinooperatordur. Söyləyirdi ki, Xocalı faciəsi baş verdiyi günlərdə Ağdamda
cəbhə bölgəsində çəkiliş aparırdım. Meyitlər, yaralılar daşınır, Xocalıdan ölüm-zülüm
xilas olub qaçanlar Ağdama yığışırdılar. Görünməmiş bir fəlakətin ilk saatlarını
yaşayırdıq. Mənim bir gözüm Bakıdan Ağdama gələn yollarda qalmışdı. Hələ də inanırdım
ki, bu faciə Qarabağa ümumxalq axınına səbəb olacaq, bu boyda qisası yerdə qoymayacaq
xalqımız. Amma di gəl ki, eləcə baxa-baxa
qaldıq. Bəli, o zaman başıboş, cəsarətsiz rəhbərlərin kəməndinə düşmüş xalqımız
Xocalının intiqamını ala bilmədi. Gücü yalnız bayatılara, ağılara, qəmli şikəstələrə
çatdı. Bu gün Xocalı adlı bir şəhərin, bir dirriyin yalnız adı qalıb. Xalqından
qırılanı qırıldı, əsir düşəni əsir düşdü, qalanı da bu günlərimizdə köçgünlük həyatını
yaşamağa məhkumdur. Bizlərsə hələ də "Xocalım vay" deyib şivən qoparırıq. Yadımdadır,
2001-ci ildə İstanbulda belə bir rəyə gəlmişdilər ki, dırnaqarası erməni soyqırımının
öyrənilməsinə həsr olunmuş konfrans keçirilsin. O zaman prezidentimiz Heydər Əliyev
bu təklifi ürəkdən bəyənib dəstəkləmiş, çox qiymətli təkliflər də irəli sürmüşdü.
Heydər Əliyevlə görüşündə Türkiyənin Azərbaycandakı o zamankı səfiri Qədri Ecvet
Tezcan demişdi ki, bu işə Rusiyanın, İranın və Gürcüstanın da tarixçələrini cəlb
etmək niyyətləri var. Əlbəttə, ideya əla idi, ancaq yaxşı olardı ki, qardaş Türkiyə
bu sayaq adekvat tədbirlər barədə çoxdan düşünəydi. Bəlkə də lap elə 1915-ci ildən
başlayaraq. Və bu yerdə eyni iradı özümüzə də tutmağı lazım bilirəm. Nə qədər gec deyil Xocalı faciəsinin tarixini
bütün detallarınacan öyrənməli, onu bütün dəhşətləri ilə təsvir edən tutarlı sənədlər
ortaya qoymalıyıq.
Mən "sənədlər" ona görə deyirəm ki, bunlar yalnız bir faktlı,
bir ricətli, bir tonlu kağız nəsnələrindən ibarət olmamalıdır. Burda ingilis, fransız,
alman dili bilənlərimiz qollarını çırmalamalıdır. Klassiklərimizdən tutmuş bu günlərimizdə
yaşayıb yaradan söz ustalarının, Qarabağ faciəsini öz üzərində bilavasitə hiss eləmiş
Elçin, Mövlud Süleymanlı, Ramiz Rövşən, Afaq Məsud, Yusif Kərimov kimi istedadlı
qələm yiyələrinin bu vaxtacan yazdıqları dünyanın aparıcı dilləri vasitəsilə hər
tərəfə yayılmalı, onlardan yeni-yeni əsərlər tələb edilməlidir. Azərbaycan Yazıçılar
birliyi özlüyündə isbatlı bir mərkəz olsa da, yaxşı olardı onun nəzdində Azərbaycan
xalqının soyqırımına məruz qalması barədə yazılmış və bundan sonra yazılacaq əsərləri
koordinasiya edəcək bir qrupmu deyim, yaxud bir mərkəz yaradılsın. Və bir daha təkrar
eləyirəm ki, hələlik bu xəyali mərkəzdə toplanacaq, əldə ediləcək bədii və sənədli
materiallar dövlətimizin digər siyasi qurumları, eləcə də qeyri hökumət təşkilatlarının
xətti ilə dünya dillərinə mükəmməl tərcümə edilmiş şəkildə xarici dövlətlərə – ATƏT-dən
tutmuş BMT-yəcən, NATO-dan tutmuş Avropa Parlament Assambleyasınacan yayılmalıdır.
Və bunun üçün Azərbaycan teleməkanında meydan
sulayan, xalqımızın milli ləyaqətinə yaraşmayan vulqar şou-biznesə rəvac verən,
millətinin kasıb təbəqəsinin, qaçqınının, atasız-anasız yetimlərinin boğazından
kəsib abırsız manısların yolunda kapital qoyan bir-iki milli sponsorumuzun özünü
silkələməsi yetər. Gərək şəhid teleoperatorumuz Çingiz Mustafayein hönkürə-hönkürə
lentə aldığı o məşum mənzərələr; əsası yanına düşüb qalmış ixtiyar, nurani Allahverdi
kişinin görüntüsü təkcə onun oğlu, jurnalist həmkarımız, şair qəlbli Ələmdar Quluzadənin
yox, bizim hər birimizin vicdanını rahat buraxmaya, ürəyimizi didib parçalaya. Çingizin
dərin iztirabla qucağına alıb vertolyota sarı apararkən başını sinəsinə söykəyib
ağladığı o donmuş, zərif təni güllələrdən didilmiş o məsum tifili öz balamız bilməsək,
onun qisasını qiyamətə saxlasaq, yatanda yuxularımızda belə görməsək, bizdən millət
olmayacaq...
Və bizlər elliklə elə işləməliyik ki, günlərin birində heç olmazsa Xocalı soyqırımının
böyük dövlətlərin konqresində rəsmən qəbul edilməsinə nail olaq. Bəsdir «viran qalmış
Xocalım vay» deyib şivən qoparmağımız.
İntiqam Mehdizadə