• çərşənbə axşamı, 19 mart, 08:25
  • Baku Bakı 8°C

“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri”

23.02.18 17:24 964
“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri”
AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə faciə zamanı vəhşicəsinə qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində iştirak edərək qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının dünya tarixində misli görünməmiş bir faciə olduğunu bildirib. Akademik faciənin səbəblərindən və bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin, eyni zamanda ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb. İsmayıl Hacıyev həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət!” kampaniyası, eləcə də digər həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən də bəhs edib.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov "Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosentlər-Emin Şıxəliyev "Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımların tərkib hissəsi kimi”, Zeynəb Quliyeva "Xocalı faciəsinin azərbaycanlıların milli şüuruna təsiri, nəticə və dərsləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov "Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, Xocalı şəhəri dünyanın ziddiyyətli talelər yaşamış az saylı şəhərlərindən biridir. Bu şəhər 4 min il bundan əvvəl formalaşmış qədim bir mədəniyyətin beşiyi olub, hansı ki, elmi ədəbiyyatlarda "Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti” kimi adından çox söz etdirilib. Vurğulanıb ki, 1992-ci ilin 26 fevral tarixində bu qədim və gözəl şəhərdə bir gecədə 1275 sakin əsir aparılıb, 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfər sakin qətl edilib.
Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla bağlı məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə dediyi kimi-"Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək”. Bu isə o deməkdir ki, Xocalı digər torpaqlarımızla birlikdə əsirlikdə çox qalmayacaq. Azərbaycana qovuşduğu gün Xocalının taleyinin yeni səhifəsi yazılacaq.
Konfransda Xocalı soyqırımını əks etdirən kitab sərgisi də nümayiş olunub.
banner

Oxşar Xəbərlər