• çərşənbə axşamı, 23 aprel, 16:23
  • Baku Bakı 24°C

Xocalı Ayı ilə bağlı tədbirlərə Odessadan start verildi

15.02.14 12:15 1090
Xocalı Ayı ilə bağlı tədbirlərə Odessadan start verildi
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin , Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in Xocalıya Ədalət kompaniyası çərçivəsində Ukraynada elan etdiyi Xocalı Ayı ilə bağlı tədbirlərə Odessa şəhərindən start verilib. Anım mərasimində iştirak edən azərbaycanlı və ukraynalı gənclər, diplomatlar və bir sıra xalqların diaspora təmsilçiləri öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. UAGB mətbuat xidmətindən Kaspi.az-a verilən məlumata görə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva tədbirdə çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər şəxslər aradan 22 il keçməsinə baxmayaraq, dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqrımına hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.
Mərasimə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı harayı” filminə baxmaqla ermənilərin 22 il bundan öncə azərbaycanlılara qarşı həyata keçirtdikləri bəşəri cinayətlə tanış olublar. Filmi izlədikdən sonra “Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir!” müraciəti ilə çıxış edən Odessa meri yanında Gənclər təşkilatının sədri İnna Tımçik və digər ukraynalı gənclər indiyədək belə bir bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyiblər. “Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir. Biz təəssüflənirik ki, indiyədək beynəlxalq təşkilatlar belə bir bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyiblər. Əminik ki, gec-tez dünya birliyi Xocalı faciəsini “soyqırım aktı” kimi tanımaq məcburiyyətində qalacaq” deyə gənclər bildiriblər.
Tədbirdə Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
T.Məhərrəmova
banner

Oxşar Xəbərlər