• şənbə, 20 Aprel, 03:35
  • Baku Bakı 15°C

Xızı dağları – təsviri Qurani-Kərimdə əks olunmuş bəzəkli dağlar

18.09.14 14:03 14624
Xızı dağları – təsviri Qurani-Kərimdə əks olunmuş bəzəkli dağlar
Dağları çox sevirəm desəm, azdır, onların heyranıyam. Dağ “yanğımı” söndürmək üçün arabir, imkan düşəndə Altıağaca həftəsonu istirahətə gedirik. Əslində, istirahət üçün Bakıya, Abşerona ən yaxın dağlıq məkan da elə Xızı rayonudur. Bakıdan Xızı şəhərinə 100, oradan Altıağac qəsəbəsinə isə 20 kilometrdir, cəmi 120 km, təxminən iki saatlıq yoldur. Hətta, bir günə gedib, istirahət edib, qayıtmaq da olur. Amma yolun Xızı-Altıağac hissəsində xeyli vaxtdır təmir-tikinti işləri getdiyindən yol narahatdır. Bəlkə, bu səbəbdəndir ki, güclü turizm potensialına malik bölgədə sakitlik hökm sürür, elə bir canlanma hiss olunmur. Bir iş də var ki, yol təmir yox, demək olar ki, yenidən qurulur, özü də əsaslı şəkildə, suötürücüləri, körpüləri və digər atributları ilə birlikdə. Bunun üçün dövlət tərəfindən kifayət qədər vəsait də ayrılıb, qalır bu vəsaiti lazımi şəkildə xərcləyib, işi layiqli səviyyədə başa çatdırmaq. İşlər tamamlandıqdan sonra Altıağac Bakıya bir az da “yaxınlaşacaq”, o yerlərə uzağı saat yarıma yetişmək mümkün olacaqdır. Əminəm ki, yaxın zamanlarda Ataçayın sağ sahili boyunca, Altıağac Milli Parkının içərisi ilə yavaş-yavaş dağlara sarı uzanan bu əyri-üyrü yollar öz görkəmini tamamilə dəyişəcək və istirahətlərini təbiətin qoynunda - dağlarda, meşələrdə keçirtmək istəyənlər bu yollarla gedərkən ətraf gözəllikləri seyr etməkdən zövq alacaqlar.
Xeyli vaxt idi oralara yolum düşmürdü, bu yaxınlarda yenə Alltıağaca getdik. Bakı-Quba magistral yolunun Giləziyə qədər hissəsi yaman darıxdırıcıdır, hər yan düm-düz, bom-boz səhra, çöl. Nə bir yaşıllıq var, nə bir kölgəlik, nə də 5-10 dəqiqə dincəlmək üçün bir məkan... Bir azdan uzaqda Xızının yaşıl örtüklü dağları görünür. 70-ci km-də, Giləzi qəsəbəsində körpünün üstündən keçib, sola, dağlara sarı buruluruq. Daha 3-4 km-dən sonra asfalt yol geniş bir dərəyə daxil olur. Bu, suyu qurumuş Tıxlıçayın dərəsidir, o ancaq yağışlar yağanda sulu olur. Ətrafdakı susuz, çılpaq təpəliklər tədricən alçaq, boz rəngli dağlara çevrilir. Buralar əzəmətli Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağı, son nişanələridir. Dərənin solu Vərəftə, sağı isə Gədi silsiləsinin ətəkləridir, maksimal hündürlükləri 900-1500m arasında dəyişir (Boybəyim dağı – 935 m, Sərəku dağı – 958 m, Gədi dağı_- 1225 m və s.).
Dərə boyu yol yavaş-yavaş yuxarı qalxır. Zəif bitki örtüyünə malik bu çılpaq yamaclar çoxlarına xoş gəlməyə bilər. Şəhərin qələbəliyindən, səs-küyündən sonra, yolboyu maşınların seyrəkliyi, həyat əlaməti gözə dəyməyən, solğun rənglərlə boyanmış kimi görünən bu mənzərələr bəzilərində ola bilsin pessimist əhval-ruhiyyə yaratsın, tənhalıq hissi oyatsın. Amma bu, müvəqqətidir, tezliklə, təxminən Giləzi-Xızı yolunun 11-ci km-dən etibarən, dərənin sol sahilində öz qeyri-adi görkəmləri ilə adamı valeh edən, insana xoş ovqat bəxş edən bəzəkli dağlar görünməyə başlayır. Yadıma bir neçə illər öncə televiziyada “V mire jivotnıx” verilişinin aparıcısı, məşhur jurnalist, tədqiqatçı-bioloq Nikolay Drozdovun: “Ən çox səhraları sevirəm, orada genişlik var, sonsuzluq var” deməsi məni xeyli təəccübləndirmişdi. Doğrudur, zövq barədə mübahisə etməzlər, amma zövq üçün də tək forma, görünüş kifayət deyil, gərək məğzi, mənanı da anlayasan, duyasan. Təkrarlanmayan, özünəməxsus olan hər şey gözəldir, istər insan olsun, istər təbiət.
Yolboyu əsasən gillərdən ibarət üst-üstə laylanmış, bir-biri ilə növbələşən müxtəlif rəngli – ağımtıl, qırmızımtıl, sarımtıl və s. süxur təbəqələri yola paralel uzanaraq oniks mineralını xatırladan əsrarəngiz mənzərələr yaratmışlar (Şəkil 1). Bəzi yerlərdə sonrakı tektonik təsirlər və sualtı sürüşmə deformasiyaları nəticəsində əmələ gəlmiş mükəmməl, dishormonik qırışıqlıq formaları isə bu mənzərələrə ecazkar bir görkəm verir ki, baxıb heyran olmamaq mümkün deyildir (Şəkil 2). Sanki bu dağlar açıq səma altında böyük bir struktur geologiya dərsliyidir. Geologiyada köklü süxurların yer səthinə çıxmasına “təbii açılışlar” deyilir. Axtarış işlərində, geoloji xəritələrin tərtibində onların rolu əvəzsizdir. Burada isə hər yan təbii açılışlardan ibarətdir, tədqiq etmək üçün hər şey göz qabağındadır. Geoloqlarımız tərəfindən Dərəköhnəbinə kəsilişi adlandırılan bu yerlər faydalı qazıntılarla zəngin olmasa da qeyri-adi quruluşu və özünəməxsus görünüşü ilə ölkəmizin geoloji təbiət abidələri sırasında layiqli yerini tutmaqdadır. İndi susuz olan bu yerlərdə Mezozoy geoloji erasının Təbaşir dövründə, yəni təqribən yüz milyon il öncə qədim dənizin dalğaları cövlan edirdi. Sonralar dəniz çəkildi, onun dibinə çökmüş laylar, həm də tektonik qüvvələrin köməyi ilə yer üzünə çıxdılar, zamanın təsirindən dəyişib indiki hala düşdülər.
Bəs nədən bu dağlar belə alabəzəkdir? Bu suala aydınlıq gətirməzdən öncə Qurani-Kərimin iki ayəsinə (“Məaric” 70.9 və “Qariə” 101.5) diqqət edək. Eyni məzmunlu həmin ayələrdə belə deyilir: “Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.” Dağların didilmiş yuna bənzədilməsi olduqca maraqlı bənzətmədir, var olan elmi bir həqiqətin sadə xalq dili ilə dəqiq ifadəsidir! Allah-Təala bu ayələrdə sanki bəzəkli Xızı dağlarını təsvir etmişdir!
Biz bilirik ki, zaman-zaman hər şey aşınmaya məruz qalır, dağlar da həmçinin. Güclü ekzogen geoloji proseslər, yəni havanın, suyun, küləyin təsirindən dağ süxurları, mineralları parçalanır, dağılır, quma, torpağa çevrilirlər. Aşınmaya məruz qalmış dağlar yumşaq süxurlardan ibarətdirsə, bu halda onlar, həqiqətən, didilmiş yun topalarına bənzəyirlər. Yüksək sürətli aşınmanın və arid (quru) iqlimin təsirindən belə dağlarda adətən bitki örtüyü yarana bilmir və boz, yeknəsəq mənzərələr əmələ gəlir. Səhralara baxın, onlar səhra kimi “anadan doğulmayıblar”. Onların yerində vaxtı ilə, yəni min və milyonlarca il qabaq əzəmətli dağlar ucalırdı. Əgər, dağı təşkil edən laylar fərqli mineral tərkibə malik süxurlardan təşkil olunmuşsa, aşınmış dağlarda çox rəngbərəng, gözəl mənzərələr yaranır. Belə mənzərələrin - ala-bəzək dağların möhtəşəm nümunələrini dünyanın çox az yerlərində, o cümlədən Çinin Çjanye bölgəsində, Amerikanın Arizona ştatında və Qazaxıstanın “Altın-emel” milli parkında görmək olar. Və biz fəxrlə, qürurla qeyd etməliyik ki, Tanrının yaratdığı bu kimi təbiət möcüzələrindən biri də ölkəmizin ərazisində - Giləzi-Xızı yolundadır( Şəkil 3).
Təsadüfə bax! Xızı şəhərinə yaxınlaşarkən radioda Məmmədbağır Bağırzadə bəstəkar Ələkbər Tağıyevin məşhur “Xızı dağları” mahnısını oxuyurdu. Ritmik, oynaq musiqi və mərhum müğənnimizin şirin, şux ifası ovqatımızı xeyli şənləndirdi.
Ana təbiətin seyrinə dalıb,
Min dəfə gəzmişəm, azı dağları.
Könlümdə əbədi bir məşəl qalıb,
Məni heyran etdi Xızı dağları.
Bilmirəm, mahnının sözlərini yazmış rəhmətlik nəğməkar şairimiz Hafiz Baxışı heyran edən Xızının hansı dağları olub – yaşıl örtüyə bürünmüş meşəli, çəmənli dağları, yoxsa çılpaq, al-əlvan dağları?! Fərq etməz, yəqin hər ikisi, amma bir geoloq kimi məni heyran edən bəzəkli dağlardır, çünki onlarda özünəməxsus kalorit var, qeyri-adilik var, onları hər yerdə görmək olmur. Çünki onlar nadir təbiət abidələridir, Allahın yaratdığı sənət əsərləridir! Müqəddəs kitabımızın “Nəml” surəsinin 88-ci ayəsində buyurulur: “Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.”
Bir məsələni də qeyd etmək istərdim. Təzəkəndə çatmamış çayın sağ sahilində tərk edilmiş bir kəndin xarabalıqları qalıb. Bura unudulmaz şairimiz Mikayıl Müşfiqin ata-baba yurdudur. Buradan həm də bəzəkli dağlar daha baxımlı, daha əhatəli görünürlər (Şəkil 4). 1990-cı ildə Müşfiqsevər ziyalılarımızın dəstəyi ilə bu yerdə şairin kiçik xatirə muzeyi də yaradılıb, amma təəssüf ki, muzeyin binası, onun ətrafları heç də ürəkaçan deyil, baxımsız görünür.
Bəzəkli dağların Azərbaycanın geoloji irs – təbiət abidələri siyahısına salındığını nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi birlikdə burada kiçik, lakin müasir bir mərkəz yaratmaqla turistlərin diqqətini həm bu dağlara, həm də sevimli şairimizi xatirə muzeyinə cəlb etmək olar. Mərkəzdə istər şairin yaradıcılığı, istərsə də bəzəkli dağların təbliği və tanıdılması istiqamətində maraqlı tədbirlər keçirmək, məktəblilərin, tələbələrin ekskursiyalarını təşkil etmək, şeir, rəsm və foto müsabiqələri keçirmək və s. mümkündür. Nəticədə, bir qədər unudulmuş görünən bu yerlər azacıq da olsa canlanar və təsviri Qurani-Kərimdə əksini tapmış bu dağlardan vaxtı ilə ilham almış böyük dramaturq Cəfər Cabbarlının, nəğməkar şairlərimiz Mikayıl Müşfiqin, Cabir Novruzun ruhları şad olardı. Ulu Yaradanın heç də hamıya bəxş etmədiyi nadir təbiət abidələrini, o cümlədən bəzəkli Xızı dağlarını biz də lazımi səviyyədə öyrənməli, təbliğ etməli və tanıtmalıyıq.
Bakı, 30.08.2014-cü il.
Rəşid Fətəliyev
geologiya-mineralogiya
elmləri namizədi

banner

Oxşar Xəbərlər