AZE | RUS | ENG |


XİN rəhbərlərinin növbəti görüşü nə vəd edir?

XİN rəhbərlərinin növbəti görüşü nə vəd edir?
Politoloqların fikrincə, danışıqlar naminə danışıqların keçirilməsi Azərbaycana lazım deyil

İyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında qeyd edib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.
O bildirib ki, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək: "2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.
H.Hacıyevin sözlərinə görə, Məmmədyarov-Nalbandyan görüşündə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.
Göründüyü kimi, heç bir nəticə əldə olunmasa da, XİN rəhbərləri bir araya gələrək problemin həlli istiqamətində fakir mübadiləsi aparıblar. Ümumiyyətlə, indiki gərgin vəziyyətdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nə vəd edir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan Silahlı Qüvvələrinin son hərbi cinayətindən sonra belə bir görüşün keçirilməsi ehtimalı aşağı düşmüşdü: "Çünki həmsədrlər iyun ayının 10-da Ermənistana, 19-da isə Azərbaycana səfəri zamanı bəyan etmişdilər ki, xarici işlər nazirləri səviyyəsində görüş keçirmək niyyətləri var. O zaman erməni mətbuatı xəbər yaymışdı ki, görüşlər Vyanada olacaq, lakin bu onların dezinformasiyası oldu. Sonra məlum oldu ki, görüş Brüsseldə keçiriləcək. Həmsədrlər ciddi-cəhdlə çalışırdılar ki, bu görüş baş tutsun. Çünki Ermənistanın məlum hərbi cinayətindən sonra belə bir görüşün keçirilməsi ehtimalı aşağı idi və belə görüşlər keçirilmədikdə, heç şübhəsiz ki, münaqişənin müharibəyə çevrilməsi imkanları genişlənir. Bu səbəbdən də nazirlərin görüşünün keçirilməsi olduqca vacib məsələyə çevrilmişdi. Əslində bu görüşdən xüsusi bir nəticə gözləməyin mənası yox idi. Sadəcə, Azərbaycan tərəfi bu görüşdə öz mövqeyini bir daha ifadə etdi. Azərbaycan xarici işlər naziri bir daha bəyan etdi ki, regionda formlaşamış bu vəziyyətin, ümumiyyətlə münaqişənin dalana dirənməsinin yeganə səbəbi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində işğalçı statusunu qoruyub saxlamasıdır və onların burada mövcudluğu vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Nə qədər ki bu səbəb aradan qaldırılmayıb, heç bir sülhdən və regionda təhlükəsizlikdən söhbət gedə bilməz”.
E.Nəsirovun sözlərinə görə, həmsədrlər çalışacaq ki, prezidentlər səviyyəsində də görüşün keçirilməsinə nail olsunlar: "Azərbaycan sülhpərvər dövlət olduğundan belə görüşlərin keçirilməsində maraqlıdır, amma bir şətrlə. Danışıqlar mahiyyəti üzrə olsun, məzmunlu olsun. Danışıqlar naminə danışıqların keçirilməsi Azərbaycana lazım deyil. Bunu Prezident İlham Əliyev də dəfələrlə qeyd edib. Bizə substantiv danışıqlar lazımdır, bundan kənarda olan danışıqlar, sadəcə gözdən pərdə asmaq mənası və əhəmiyyəti kəsb edir”.     
Politoloq Fikrət Sadıxov bildirdi ki, XİN rəhbələrinin görüşü Minsk qrupu həmsədrlərinin təşəbbüsü idi: "Görünür ki, onlar regiondakı indiki mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq nazirləri bir masa arxasında əyləşdirmək istəyirdilər. Çünki bunların əsas məqsədi mövcud status-kvonu saxlamaqdır. Əminəm ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın mövqeyini prisipial şəkildə bildirib. Çünki onlar başa düşməlidirlər ki, Azərbaycan barışmaz bir mövqedə dayanacaq və bundan sonra da torpaqların azad edilməsi üçün əlindən gələni edəcək”.
F.Sadıxovun dediyinə görə, bizim bu görüşdə iştirakımız onu göstərir ki, Azərbaycan yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, bütün danışıqlara açıqdır: "Substantiv danışıqların baş tutması Azərbaycanın hər zaman başlıca məqsədi olub. Çünki biz həm danışıqlar yolu ilə, həm də digər vasitələrdən istifadə edərək Dağlıq Qarabağ məsələsini həll etmək fikrindəyik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən belə anlaşıldı ki, heç bir razılaşma əldə olunmayıb. Lakin Azərbaycanın bu görüş vasitəsilə qətiyyətli mövqeyi bir daha bildirilib. Mənə elə gəlir ki, biz artıq sözdən və bəyanatlardan bir sıra hallarda hərbi əməliyyatlara da keçməliyik. Torpaqlarımızın işğaldan azad olunması üçün real və konkret işlər aparmalıyıq”.  
 
Bəxtiyar MƏMMƏDLİ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002