• cümə, 19 Aprel, 07:07
  • Baku Bakı 13°C

XİN rəhbərlərinin görüşünə ümid etməyə dəyərmi?

20.03.14 08:25 1191
XİN rəhbərlərinin görüşünə ümid etməyə dəyərmi?
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Haaqada keçiriləcək nüvə təhlükəsizliyi sammitində görüşlərinin baş tuta biləcəyi ilə bağlı məlumat vermişdik. E.Məmmədyarov da görüşlə bağlı mətbuata açıqlama verərək əbədi olaraq danışıqlar aparılmasının qeyri-mümkün olduğunu, böyük sülh müqaviləsi danışıqlarına başlamağın vacibliyini qeyd edib. Planlaşdırılan görüşlə bağlı yerli politoloqların fikirlərini öyrəndik.
Politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fürsətdən istifadə edərək görüş təşkil etmələri biabırçılıqdır: “Haaqada nüvə sammitində əksər dövlətlərin prezidentləri və xarici işlər nazirləri iştirak edəcək. Həmçinin Azərbaycan və Ermənistanın prezident və nazirləri orada olacaq. Bu fürsətdən istifadə etməklə görüş təklif etmələri əslində, həmsədrlərin zəifliyinin göstəricisidir. Azərbaycan tərəfi görüş təklifini qəbul edib. Biz konkretlik istəyirik. Ümid edirik ki, böyük sülh müqaviləsinin hazırlanması prosesi başlayacaq. Amma hələ ki işğalçı ölkə planlaşdırılan görüşə razılıq verməyib. Dünən Ermənistan XİN mətbuat katibinin yaydığı məlumata baxanda onların bu görüşə razı olduqları qənaətinə gəlmək olmur. Görünən odur ki, Ermənistan hələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli addım atmağa hazır deyil və destruktiv mövqeyindən əl çəkmək istəmir. Halbuki hazırda gedən proseslər ermənilərin ziyanınadır və durum onlar üçün çox böyük risk yaradır”.
M.Əhmədoğlunun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri yerində olan adamlar deyil: “Onlar həm bir təşkilat kimi zəifdirlər, həm də diplomatların fəaliyyəti yetərli deyil. Kifayət qədər savadsız, düşünülməmiş addımlar atırlar. Həmçinin ölkəmizə qarşı dəfələrlə qərəzli münasibət sərgiləyiblər. Sadəcə özlərini, öz məqsədlərini düşünürlər. Düzünü desəm, görüşün alınacağına şübhə edirəm. Görüş baş tutsa belə, ciddi bir nəticə əldə olunacağına inanmıram. Amerikalı həmsədr Ceyms Uorlikin tvitlərinə gəldikdə isə, o, sübut etdi ki, diplomat adına savadsızlıqla ləkə gətirmək mümkündür. Mən onun bu qədər nadan, küt addım atacağını gözləmirdim. Qeyd edim ki, həmsədr narkoplantasiya mühitində yaşamış adamdır. Bu adam Ledi Qaqanın pərəstişkarıdır. Tvitterdəki səhifəsinə baxanda müxtəlif əyləncələrə meylli olduğunu görürük. Bir daha deyirəm, o, Ledi Qaqanı özünə kumir seçən adamdır”.
Politoloq Qabil Hüseynli isə əsas hədəfin prezidentlərin görüşünün baş tutması olduğunu dedi: “Təbii ki, prezidentlərdən öncə nazirlər görüşməlidir. Təəssüf ki, danışıqlarda ermənilər Dağlıq Qarabağın statusu məsələsini işğal edilmiş rayonların azad edilməsi ilə eyni zamanda masa üzərinə qoyurlar və danışıqların əsas predmetinə çevirməyə çalışırlar. Azərbaycan başqa fikirdədir. Mövqeyimiz budur ki, əvvəl böyük sülh sazişi imzalansın, sonra isə onun içi doldurulsun. Yəni, Dağlıq Qarabağın statusu, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, referendum keçirilməsi və s. sonra razılaşdırılsın. Ermənistan bunu qəbul etmir. Onlar üçün əsas məsələ Dalıq Qarabağda referendumun nə zaman keçirilməsi ilə bağlıdır. Azərbaycan Qarabağ öz tərkibində 20 il qaldıqdan sonra referendum keçirilməsini istəyirsə, Ermənistan bunun beş il sonra baş tutmasını arzulayır”.
Politoloq qeyd etdi ki, Ermənistan bir neçə il bundan əvvəl beş rayonun geri verilməsinə sanki razı idi. İndi isə heç iki rayonu azad etmək fikrində deyil: “Ermənistan özünü çox həyasız aparır. Qarabağda toponimlərin dəyişdirilməsi ilə məşğul olduqları da hamıya bəllidir. Bütün bunlar danışıq prosesinə ciddi əngəllər yaradır. Bu işdə həmsədrlərin bir qara qəpiyə dəyməyən fəaliyyətləri də göz qabağındadır. Amerikalı həmsədr tez-tez deyir ki, Azərbaycan kompromisə hazır olmalıdır. Biz onsuz da kifayət qədər kompromisə getmişik. Bundan artıq nə istədiklərini anlamıram. Biz nəyə görə güzəştə getməliyik ki? Razılaşdırılmamış problemləri nəzərə alaraq görüşlə bağlı çox da ümidli və pozitiv deyiləm. Əsas razılığa gəlinməyən məsələlər odur ki, Ermənistan tərəfi birinci referendum məsələsindən, Azərbaycan isə işğal edilmiş Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqların azad edilməsindən başlanılmasını istəyir. Ən təəccüblü məqam odur ki, həmsədrlər də, beynəlxalq qurumlar da işğal faktına siyasi qiymət vermirlər. Açıq deyim ki, Ermənistanı təkcə Rusiya müdafiə etmir. Ümid edirəm ki, bəlkə Krım hadisələrindən sonra Qərb dairələrinin ağlı başına gələr və onlar problemlərə daha açıq gözlə yanaşaraq Ermənistana təzyiq göstərərlər”.
Q.Hüseynli düşünür ki, Krım məsələsi çox pis nümunədir. Bir də görərsən ki, Rusiyanın Jirinovski tipli siyasətçilərinin təkidi ilə ATƏT-in sülhyaratma səylərinə əhəmiyyət vermədən ermənilər referendum təşkil edə bilərlər: “Saxta referendum keçirməyə nə var ki? Təbii ki, onlara bu səlahiyyət verilməyib. Məncə, belə bir hal baş verərsə, bu, Azərbaycana həm diplomatik, həm də siyasi üstünlük qazandıra bilər. Çünki referendumun nəticələri tanınmayacaq. Azərbaycan ərazisinin işğaldan azad edilməsi mövzusunu kənara qoyub sülhməramlı qüvvələrin gətirilməsini və ya referendumun keçirilməsini müzakirə edə bilməz. Heç olmasa, işğal faktının həcmi kiçildilməlidir. İndiki şəraitdə ermənilərin mövqeyini o qədər də möhkəm hesab etmirəm. Çünki Rusiyaya qarşı Qərbin qəzəbi artır. Onların belə şəraitdə hansısa məsələdə geri çəkilmək məcburiyyətində qalacağını düşünürəm. O zaman da Azərbaycan üçün indikindən qat-qat yaxşı şərait yaranacaq. Yəqin ki, biz o zamana qədər birtəhər dözməliyik və danışıqlar prosesinin aparılmasına göz yummalıyıq”.
Ceyms Uorlikin yazdığı tvitlər barədə də danışan müsahibimiz onun ölkəmizə qarşı açıq-aşkar qərəz nümayiş etdirdiyini söylədi: “Bu həmsədri çox təcrübəli diplomat kimi təqdim etmişdilər. O, Xocalı soyqırımı günü, bütün dünyada faciə ilə bağlı tədbirlər keçirildiyi zaman tvitter səhifəsində yazmışdı ki, azərbaycanlılar da Sumqayıt hadisələrini unutmamalıdırlar. Bu adam irimiqyaslı, rus qoşunlarının və ermənilərin iştirakı ilə həyata keçirilən kütləvi qırğınlarla başında erməninin durduğu və cəmi-cümlətanı 13 erməninin öldüyü faciəni eyniləşdirmək istəyir. Mənim onun səriştəli siyasətçi olmasına ciddi şübhəm var. Deyəsən, bu amerikalı həmsədr özündən əvvəlkilərə şükür oxutduracaq. O hətta bu məsələdə rusiyalı həmsədri kölgədə qoyur”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər