• cümə axşamı, 28 mart, 21:09
  • Baku Bakı 13°C

XİN: "Euronews kanalının çəkiliş qrupu Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib"

17.09.16 15:14 963
XİN: "Euronews kanalının çəkiliş qrupu Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib"
Euronews kanalının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar İnsider proqramında hazırladığı verilişi və işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
Açıqlamada bildirilir: "Verilişdə bir sıra təhriflərə və yanlışlıqlara yol verilsə də, qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin vəziyyəti və münaqişə ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının da baxışları öz əksini tapıb. Jurnalist Xocalı soyqırımını yaşamış məcburi köçkünlərlə görüşsə də, təəssüf ki, verilişdə onların baxışlarına yer verilməyib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, proqramın hazırlanması prosesində Euronews kanalının beynəlxalq məsələlər üzrə müxbiri Valerie Gauriat və operatoru Bruno Lappierre Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini və ölkəmizin qanun və qaydalarına hörmət və riayət etdiklərini bildiriblər. Euronews nümayəndələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər niyyətinin separatizmin hər hansı formasının və ya işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin təbliğinə və ya qanuniləşdirilməsinə xidmət etmədiyini ifadə ediblər. Bu minvalla, onlar Euronews kanalının İnsider proqramı üzrə çəkiliş aparmaq üçün işğal olunmuş Azərbaycan ərazilərinə səfər məqsədilə ölkəmizin icazəsini və müvafiq akkreditasiyasını xahiş ediblər.
Euronews kanalının çəkiliş qrupu ölkəmizdə yerli və xarici KİV nümayəndələri üçün təmin olunmuş azad mətbuat mühitindən istifadə edərək XİN-nin xarici media nümayəndələri üçün verdiyi akkreditasiya sənədi əsasında ölkəmizin ərazisində, o cümlədən işğal olunmuş torpaqlarda peşəkar fəaliyyətini həyata keçirib”.
XİN rəsmisi, həmçinin qeyd edib ki, verilişin mahiyyətində Azərbaycan tərəfinin razılaşmadığı bir sıra məqamlar olsa da, Euronews kanalının çəkiliş qrupu işğal altındakı ərazilərimizə Azərbaycanın qanunlarına və qaydalarına uyğun olaraq səfər edib. Son aylar ərzində Aljazeera Arabic, Polşanın İctimai Televiziyası, Ukraynanın İCTV kanalı və digər beynəlxalq media nümayəndələrinin də işğal olunmuş Azərbaycan ərazilərinə səfərləri məhz Azərbaycanın icazəsi və müvafiq akkreditasiya sənədi əsasında həyata keçirilib.
banner

Oxşar Xəbərlər