• cümə, 29 Mart, 05:35
  • Baku Bakı 7°C

XİN: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir

23.07.18 15:07 433
XİN: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə görə məsuliyyət daşıyan tərəfdir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd etdi:"Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir: işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması; Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti; iqtisadi və maliyyə fəaliyyətləri; infrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı; işğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi; işğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər".
XİN rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir: "Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Bu sıraya aşağıdakılar daxildir: BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə; bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması; işğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi; hərbi işğala dair hüququn, xüsusilə "Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il "Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması; işğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi; ərazinin mədəni irsinin dəyişdirilməsi".
O əlavə edib ki, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir: bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması; bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması; bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi; ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması".
H.Hacıyev deyib ki, beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır:"Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq".
banner

Oxşar Xəbərlər