Xilaskarlıq missiyası - Fotolar

Xilaskarlıq missiyası - Fotolar

Siyasət
10 İyun 2019, 19:15 8763
XX əsrin sonuna doğru – 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda ilk vaxtlar dərin böhran yaşanıb. AXC-Müsavat hakimiyyətinin təcrübəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması səbəbindən idarəetmədə ciddi səhvlərə yol verilib. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi həmin dönəmdə ölkə daxilində vəzifə kürsüsü uğrunda mübarizə kəskin xarakter alıb. Bununla yanaşı, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirib. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlayıb. Hətta 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını təklif ediblər. 1993-cü ilin 4 iyun hadisələrindən – Gəncədə qardaş qanı axıdılandan sonra o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olub. O vaxtkı prezident Əbülfəz Elçibəy və siyasi hakimiyyətdə təmsil olunan digər şəxslər tərəfindən ulu öndər Heydər Əliyev Bakıya dəvət olunub. İyunun 9-da Bakıya gələn Heydər Əliyev ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tədbirlərə əl atıb, tarixi missiyasını həyata keçirib. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Milli Məclisin sədri seçilib və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşüb.
 
 

Milli dövlət və modern cəmiyyət quruculuğu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlumövzuya dair "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə ümummilli lider Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub. Onun fikrincə, ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün olub. Millət vəkili deyib ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olunub: "Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu”.
 


Ulu öndərin sistematik tədbirlər planı

H.Babaoğlu bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alınıb: "Əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışıblar. Lakin ölkədəki situasiya əvvəlki kimi deyildi. Belə ki, ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu. Yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Bu kritik tarixi hadisədən sonra Azərbaycan etnik və regional seperatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu, ölkəmizdə ən yeni siyasi tariximizin fundamental təməlləri yaradıldı və Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxarıldı. Bu gün də həmin yol inamla davam etdirilir. Heç şübhəsiz ki, bu Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb bir regionda hazırkı inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı”.
 


Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı da qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şərəfli səhifələrindəndir. Millət vəkili bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası heç də asan olmayıb. Onun sözlərinə görə, hansı sistemdə və rejimdə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqı daim müstəqilliyə can atıb: "Dövlət müstəqilliyinin bərpası çox ağır şəraitdə olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, vətəndaş müharibəsi və ölkənin parçalanmaq təhlükəsi onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu təhlükələrin qarşısı alındı. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu öndər müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində zəruri addımlar atdı, "Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1993-cü ildən ötən 10 il ərzində həm daxili həm də xarici siyasət tarazlaşdırıldı, dövlətimizin dünya siyasətində rolu artdı, Azərbaycan rəqabətədavamlı ölkə oldu. Azərbaycan xalqının sabaha ümidi yarandı, nikbinliyi artdı. 2003-cü ildən sonrakı illərdə isə ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
 


Müasir tariximizdə dönüş nöqtəsi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə deyib ki, ulu öndər Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə onun əməyi özünü göstərir. "Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur” söyləyən millət vəkili vurğulayıb ki, onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır: "Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi, ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən, cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir çətin vəziyyətdə xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi oldu”.
 


"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”

A.Hüseynov qeyd edib ki, Heydər Əliyevin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoyub: "Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin dövrdə ulu öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Məhz buna görə də o, ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkdi. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib”.
 

 
Böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də hesab edir ki, Azərbaycan xalqının tələbi ilə 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Onun sözlərinə görə, məhz bu baxımdan 15 iyun Azərbaycanın müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Millət vəkili bildirib ki, haqlı olaraq sonralar xalqın istəyi ilə Milli Məclis ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun tarixini 1997-ci ilin 27 iyununda Milli Qurtuluş Günü kimi rəsmiləşdirib: "Milli Məclisin həmin tarixi qərarında deyilir ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” – deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
 


Möhkəm və sarsılmaz inam

Sonda bir daha vurğulayaq ki, Milli Qurtuluş Günü xalqımızın Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ulu öndər Heydər Əliyevin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub. Bunlar xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, onun şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, ulu öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız sevgisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub və olacaqdır.

Rufik İSMAYILOV