• şənbə, 20 Aprel, 01:41
  • Baku Bakı 15°C

Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir

11.07.18 18:32 1422
Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir
İyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Rəsmi məlumata görə, cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bu hadisələri şərh edən millət vəkili Musa Quliyev deyib ki, Gəncədə baş verənlər Azərbaycan dövlətçiliyinə qəsddir. Onun sözlərinə görə, dini radikal qrupların müxtəlif mənbələrdən maliyyələşməsi və istiqamətlənməsi nəticəsində Gəncədə iğtişaş törətmək respublikada əmin-amanlığı, asayişi pozmaq, xof yaratmaq məqsədi güdür. Deputat qeyd edib ki, həmin insanlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar: "Artıq Gəncədə asayiş bərpa olunub. Hüquq-mühafizə orqanları günahkar şəxslərin istintaqını aparır. Onlara dəstək verən, hər hansı şəkildə sosial şəbəkələrdə, saytlarda onların tərəfində duran şəxslərin araşdırılması və daşıdığı cinayətə uyğun məsuliyyətə cəlb olunması işi gedir. Sevindirici haldır ki, bütün Gəncə əhalisi bu terror, iğtişaş aktını pisləyir, lənətləyir. Son bir həftədə bütün Azərbaycan əhalisi cənab Prezidenti dəstəklədi, onun yanında olduqlarını nümayiş etdirdilər. Bu terroru törədən və onlara dəstək verən insanlar da bilməlidir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli prezidenti var, Azərbaycan xalqı öz prezidentinin yanındadır. Azərbaycanda heç vaxt sabitliyi, asayişi pozmaq olmaz. Azərbaycan öz yolu ilə irəliləyəcək”.

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli də bildirib ki, vətəndaşlarımız hər zaman dövlətin, milli-dövlətçilik maraqlarının tərəfində olmalı, onu müdafiə etməlidir. Deputatın sözlərinə görə, üzərində dövlət gerbi gəzdirən polisə qarşı zorakılıq dövlətə qarşı olan zorakılıq kimi qiymətləndirilir ki, bu da qəti şəkildə pislənilməlidir: "İnsanlar polisin dövləti təmsil etdiyini unutmamalıdırlar. Bu hadisələr baş verəndə insanları ehtiyatlı olmağa çağırdım. Çox təəssüf edirəm ki, belə hadisə baş verdi. Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış xalqıq. Həmin vaxtlarda Milli Məclisdə aclıq aksiyası edərkən Moskvanın hərbi qüvvələri ilə Azərbaycan milisi bizim toxunulmazlıq hüququmuzu pozub bizi oradan aparanda belə, polisə qarşı heç zaman silah işlədilməmişdi. Bu, Azərbaycan xalqının mentaliletindən xəbər verir. Biz humanist xalqıq. Mən Ali Məhkəmədə işləyəndə ən yüksək ali hakim dərəcəsi daşımışam, lakin ən sıravi polisə belə hörmətlə yanaşmışam. Bu təbiidir, çünki polis dövləti təmsil edir. Bu hadisələri qəti şəkildə pisləyirik”.

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev də vurğulayıb ki, iyulun 10-u axşam saatlarında Gəncə şəhərində təxminən 200 nəfərə yaxın pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd göstərib. Lakin polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb, şübhəli bilinən iğtişaş iştirakçıları saxlanılıb, cəmisi 30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edilib. Deputat deyib ki, hazırda hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir: Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq şəhərin baş meydanında pozucu aksiyalara cəhd göstərmək, təxribat törətmək xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Son bir həftə ərzində baş verən hadisələr ölkədə xaos yaratmaq, sabitliyi, ictimai asayişi pozmaq məqsədilə Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır. Baş verənlərin xronoloji ardıcıllığına fikir versək görərik ki, bu, ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır: "Hadisələr mərhələli şəkildə davam etdi. Əvvəlcə cəmiyyətin kövrək hisslərindən istifadə etməyə çalışan radikal qrup terrorçudan qəhrəman yaratmağa çalışdı. Lakin bu məqsədlərinə çata bilmədilər. İnsanlar qəhrəmana çevirmək istədikləri terrorçunu araşdırmağa başladılar”.

R.İSMAYILOV
banner

Oxşar Xəbərlər