• cümə axşamı, 25 aprel, 08:10
  • Baku Bakı 14°C

Xəzəryanı ölkələr arasında yüksək səviyyəli işçi qrup yaradılacaq

14.09.18 18:12 523
Xəzəryanı ölkələr arasında yüksək səviyyəli işçi qrup yaradılacaq
Xəzərin statusunun müəyyən edən Aktau sammitindən bir ay keçsə də, imzalanan yekun Konvensiya hələ də müzakirə mövzusu kimi qalır. Rusiya mediası yazır ki, gələn həftə Həştərxanda Xəzər mediaforumu start götürür. Bu, dənizin hüquqi statusunun müəyyən olunması ilə bağlı avqustun 12-də Aktauda imzalanan Konvensiyadan sonra keçiriləcək ilk nəhəng regional tədbir olacaq. Tədbirdə iştirak edəcək Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzərin statusu ilə bağlı danışıqlara məsul İqor Bratçikov "Kommersant” qəzetinə müsahibəsində dənizin hüquqi statusunun müəyyən olunmasından sonra proseslə bağlı gedən müzakirələrə toxunub. Xüsusi nümayəndə hesab edir ki, kimlərinsə ratifikasiya prosesini süni şəkildə uzadacağına inanmır. "Konvensiya - balanslaşdırılmış və bərabərhüquqlu sənəddir və tam şəkildə sahilyanı dövlətlərin hamısının milli maraqlarını ifadə edir. Onun tez bir zamanda qüvvəyə minməsi bütün tərəflərin maraqlarına cavab verir. Lakin bununla belə, mən istisna etmirəm ki, ratifikasiya prosesinə bir sıra ölkələrdə elektoral tsikllər təsir etsin. Əhəmiyyətli olan odur ki, Konvensiya seçkiqabağı diskussiyaların əsirinə çevrilmədi”, - deyə xüsusi nümayəndə bildirib. Onun sözlərinə görə, söhbət İrandan gedir. Belə ki, qonşu dövlətdə siyasi qüvvələr Konvensiya layihəsi ilə bağlı tənqidi münasibətlər ortaya qoyublar: "Digər Xəzəryanı dövlətlərdə də seçkilər keçirilməlidir və bəllidir ki, seçkiqabağı təbliğat kampaniyası səsverməyə xeyli qalmış başlayır və daxili, xarici siyasi proseslərə təsir edir. Ümid edirəm ki, konvensiyanın ratifikasiyası buna görə ləngiməyəcək”. İ.Bratçikov əlavə edib ki, Rusiya tərəfindən də ratifikasiya prosesində hər hansı problemin olmayacağına əmindir. "Ümid edirəm ki, bizim siyasi qüvvələr bu sənədi diqqətlə tədqiq edəcək və əgər hansısa bir sualları ortaya çıxsa, Xarici İşlər Nazirliyində ona məmnuniyyətlə cavab verəcəklər”, - deyə diplomat vurğulayıb.
Bəs görəsən 20 ildir ki, konvensiyanın qəbuluna mane olan əsas problem nə idi? XİN rəsmisi bildirir ki, bu barədə danışmaq istəmir. "Tərəflər qarşılıqlı anlaşmaya müvafiq olaraq, danışıqların detallarını məxfi saxlamaq qərarına gəlmişdilər. Və mövqelərini KİV vasitəsilə açıqlamağı düzgün hesab etməmişdilər. Bu praktika özünü tam doğrultdu. Açıq şəkildə deyim ki, indi vaxtilə aparılan bütün diskussiyaları açıqlamağı düzgün saymıram. Əsas olan odur ki, biz Xəzər məsələsi ilə bağlı ümumi fikrə gəldik. Xəzərin statusunun müəyyən olunması ilə bağlı əsas addım 2014-cü il Həştərxan sammitində əldə olundu. O zaman prezidentlər siyasi bəyanat verərək, faktiki olaraq konvensiyanın "karkas”ını formalaşdırdılar. Bu gələcək danışıqlar üçün güclü bir stimul oldu. İşlər sürətləndi və ötən dörd il ərzində mühüm nəticələr əldə etdik. 2017-ci il XİN rəhbərləri Moskvada toplaşanda isə yekun sənədi razılaşdıra bildilər”, - deyə o bildirib. Diplomat Konvensiya qüvvəyə mindikdən sonra 1921-1940-cı illərdə imzalanmış SSRİ-İran sazişlərinin ləğv olunmayacağını da bildirib.
Diplomat müsahibəsində onu da qeyd edib ki, Rusiya Xəzərin su səthinin sahilyanı ölkələr arasında bölünməsinə qarşı çıxıb. Moskva təklif edib ki, dənizin dibi bölünsə də, su səthi ümumi istifadədə qalmalıdır. "Danışıqların müəyyən mərhələsində biz partnyorlarımıza güzəştə getdik və razılaşdıq ki, bütün sahilyanı ölkələrin milli suverenliyi altında 15 mil enində sahilyanı zonası və ona bitişik balıqçılıq zonası olsun. Qalan su səthi isə bütün Xəzəryanı ölkələrin gəmiçilik və digər növ fəaliyyətləri üçün ümumi istifadəsində qalacaq” – İ.Bratçikov deyib. Diplomatın bildirdiyinə görə, Xəzərin statusuna dair Konvensiya hərbi-dəniz donanmalarının sahilyanı ölkələrin ərazisularının hüdudlarından kənarda sərbəst hərəkətinə imkan verir. İ.Bratçikov müsahibəsində onu da deyib ki, ABŞ son ana qədər Xəzərin hüquqi statusuna dair danışıqlara təsir göstərmək istəyirdi. "Regiondan kənar oyunçuların danışıqlara təsir etmək cəhdləri 20 illik danışıqların bütün gedişi ərzində müşahidə olunub, lap son məqama qədər” - diplomat vurğulayıb. Bratçikovun bildirdiyinə görə, Xəzərə bu regiondan kifayət qədər uzaqda olan ölkələr, o cümlədən Avropa İttifaqının hüdudlarından xaricdə olan ölkələr maraq göstəriblər. "Söhbət ABŞ-dan gedir?” sualına diplomat "O cümlədən” deyə cavab verib.
XİN rəsmisi daha sonra müsahibəsində Rusiyanın Xəzərin dibi ilə boru xətti inşa etmək planlarına da toxunub və deyib ki, belə bir plan yoxdur.
Rusiyalı diplomat hesab edir ki, sahilyanı dövlətlər arasında sammitlərin keçirilməsi praktikası saxlanılmalıdır. Əldə olunan razılaşmaya müvafiq olaraq XİN, nəqliyyat, iqtisadiyyat və Xəzəryanı liman rəhbərlərinin iştirakı ilə görüşlərin keçirilməsi mütəmadi hal alacaq. "Beş ölkənin xarici siyasət idarələrinin rəhbərliyi ilə yüksək səviyyəli işçi qrup yaradılacaq. İlk iclas noyabrda keçiriləcək və ilkin iş Xəzər dənizində birbaşa ilkin xətlərin quraşdırılması olacaq. Bunun əsasında suverenlik və balıqçılıq zonası həyata keçiriləcək”, - deyə o bildirib. Diplomat onu da bildirib ki, konvensiyada əks olunan razılaşmalar tərəflərdən hansısa birinə təzyiq yolu ilə imzalanmayıb. "Danışıqlar tam şəkildə bərabərhüquqlu və qarşılıqlı hörmət atmosferində keçib. Bəli, hər bir tərəfin məsələyə öz baxışları var idi. Lakin yekunda biz ümumi fikrə gəldik. Heç kim məğlub olmadı, hər kəs qalib vəziyyətindədir”, -deyə fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər