• cümə, 26 Aprel, 21:50
  • Baku Bakı 22°C

Xəzəryanı dövlətləri əhatə edəcək dairəvi dəmir yolu inşa edilə bilər

10.09.14 12:04 2489
Xəzəryanı dövlətləri əhatə edəcək dairəvi dəmir yolu inşa edilə bilər
Bu günlərdə Həştərxanda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin növbəti iclası keçirilib. Xəzəryanı dövlət başçılarının bu ay baş tutmalı olan dördüncü sammiti ərəfəsində baş tutan iclasda bir sıra önəmli müzakirələr və qərarlar qəbul edilib. İclas zamanı ən önəmli məsələlərdən biri 2015-2018-ci illər ərzində Xəzər sahilləri boyu dairəvi dəmir yolu layihəsinin inşası barədə razılıq olub. Layihə Rusiya Federasiyası və regionun digər dövlətləri ilə ticarətin həcmini minimum 4 dəfə genişləndirməyə imkan verəcək. Bundan əlavə İran tərəfi iclasda Rusiyanın daxili su yollarının yenidənqurma işlərinin aparılmasını nəzərdə tutan layihələrdə iştirakını təklif edib. Qeyd edək ki, Xəzəryanı dövlətlər arasında ticarətin ümumi həcmi son 10 il ərzində ən azı 6 dəfə artıb. Lakin ekspert hesablamalarına görə, regionda yeni dəmir yolu xəttinin inkişafı bu rəqəmi 8-9 dəfə artıra bilər. Bundan əlavə Xəzəryanı dəmir yolu region ölkələr arasında yük daşımaları vaxtını minimum 48 saat azalda bilər. Xəzəryanı dövlətlər arasında dəmir yolunun inşasında problemli yer İranın şimal əraziləridir. Bununla da bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb. Ola bilsin, bu işlər Rusiya tərəfinə həvalə edilsin. İranın Rusiyadakı səfiri Mehdi Sanayi bu günlərdə bəyan edib ki, İran Rusiyadan iri həcmdə dəmir yolu relsləri almaqda, eləcə də gələcəkdə İran dəmir yollarının elektrikifikasiyasında maraqlıdır. Hələ ki, Xəzəryanı dövlətlər arasında yüklərin daşınması dəniz nəqliyyatı ilə aparılır. Xəzərböyu dairəvi magistral dəmir yolunun yaradılması isə yük daşımalarının həcmini iki dəfə artıracaq - indi mövcud olan 25 faizdən 35-40 faizə qalxa bilər. Bundan əlavə, bu magistral xətt regionun əsas dəniz limanlarını da bir-biri ilə birləşdirəcək. Bu da həmin limanların yük daşıma, yük buraxmaq qabiliyyətini yüksəltmiş olacaq. İranın limanlar və dəniz səfərləri departamentinin rəhbəri Məhəmməd Səidnecad bildirib ki, Xəzəryanı dəmir yolu halqası daxili regional ticarətin həcmini artırmağa və beynəlxalq əhəmiyyətli yüklərin daşınmasını artıra biləcək. İran tərəfinin qiymətləndirmələrinə görə, bu tranzit bütövlükdə 600-750 milyon dollar həcmində yüklərin sayını artacaq, yəni 2013-cü illə müqayisədə 25-30 artım ola bilər. Polad magistral yollar demək olar ki, Xəzəryanı dövlətlərin hamısını, Azərbaycan və İranın şimalı istisna olmaqla bir-biri ilə birləşdirmiş olacaq. 2015-2016-cı illərdə İran və Azərbaycan arasında birbaşa xəttin işə salınması da nəzərdə tutulur - Bu layihə Qəzvin-Rəşt-Astara adlanacaq. Lakin bu Xəzərin qərbi hissəsinə aiddir. İranın yolar və şəhər tikintisi naziri Abbas Axundi bu günlərdə bəyan edib ki, İran - Türkmənistan-Qazaxıstan magistralı ilə yüklərin daşınması bu ilin sentyabr-oktyabr aylarından başlayacaq. Onun uzunluğu isə 960 km-dir. Xəzər ətrafında magistral dəmir yolu halqasına sərf ediləcək vəsaitin 700 milyon dollar təşkil edəcəyi nəzərdə tutulur. Ekspertlər qeyd edir ki, Xəzər ətrafında dairəvi dəmir yolu xəttinin inşası Xəzəryanı dövlət başçılarının sentyabrda keçiriləcək sammitində müzakirə olunacaq. Yeri gəlmişkən, iclasda Xəzər dənizində yeni turizm marşrutunun təşkilinə dair də razılığa gəliblər. Rusiya mətbuatı Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinə istinadən yaydığı məlumatda qeyd edir ki, marşrut Xəzəryanı hövzənin bütün ölkələrini əhatə edəcək. “Kruiz gəmisi var, lakin təmir olunmalıdır. Əvvəllər şəhərimizi qonşu dövlətlərin sahilləri ilə birləşdirən turizm yolu olmayıb. Lakin Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin ikinci görüşündən sonra “Həştərxan” limanı yeni status alacaq” - deyə A.Jilkin qeyd edib. Məlumatda deyilir ki, Xəzər dairəsinin yaradılması ölkələr arasında müntəzəm dəniz gəmiçiliyinin ümumi inkişafına xidmət edəcək və sərnişin daşımalarına tələbatın artmasına səbəb olacaq. “Bu gün təkcə qonşu ölkələr deyil, həm də uzaq dövlətlərin sakinləri də Xəzəryanı regionlara səfər etmək, yerli mədəniyyətlə, diqqətəlayiq yerlərlə tanış olmaq istəyirlər”, - deyə A.Jilkin vurğulayıb. O da qeyd edilib ki, Həştərxan şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın nəqliyyat orqanlarının rəhbərləri beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində iri nəqliyyat-logistika layihələrinin reallaşdırılması üçün Xəzər regionun nəqliyyat potensialının inkişaf etdirilməsi ilə də bağlı razılıq əldə ediblər. Nazirlər Xəzəryanı ölkələr arasında birbaşa aviadaşımaların təşkil olunmasını da müzakirə ediblər. Həmçinin, təklif olunan nəqliyyat xidmətləri ilə bağlı prosedurların sadələşdirilməsi, Xəzər dənizi üzərindən su nəqliyyatının hüquqi aspektlərinin işlənməsi, təhlükəsiz dənizçilik və dənizin çirklənməsinə qarşı mübarizə məsələləri də müzakirə olunan mövzular arasındadır. Həştərxanda Azərbaycan və Rusiya arasında sərhəd çayı olan Samur üzərində avtomobil körpüsünün salınmasına dair layihə sənədlərinin hazırlanması üçün texniki tapşırıq da imzalanıb. Sənədi nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar. Körpünün tikintisi barədə saziş təxminən bir il bundan əvvəl – 2013-cü il avqustun 13-də imzalanıb, bu ilin yayında isə Qəbələdə beşinci Azərbaycan – Rusiya forumunda tərəflər layihənin “yol xəritəsini” qəbul ediblər. Samur çayı üzərindəki körpü çoxdan tikilib, artıq qəza vəziyyətindədir və daim artan nəqliyyat axınının öhdəsindən daha gələ bilmir. Yeni körpü isə yük və sərnişin daşımalarının bütün müasir tələblərinə cavab verəcək. Bu körpü ən yeni materiallardan, texnologiyalardan və konstruksiyalardan istifadə etməklə salınacaq. O, ikizolaqlı olacaq, körpünün özünün və giriş-çıxış yollarının uzunluğu 800 poqon metr təşkil edəcək. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib ki, yeni marşrutu Xəzəryanı dövlətləri bir-biri ilə birləşdirəcək. “Bununla bağlı Həştərxan viza üstünlüklərinə malik şəhərlərin siyahısına düşməlidir. Yeni marşrut Həştərxan vilayətinin, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın limanlarına sərnişinlərlə birgə daxil olmasını da nəzərdə tutur” - deyə nazir qeyd edib.
Onu da qeyd edək ki, Həştərxan artıq IV sammit üçün tam hazırdır. Bu günlərdə Rusiya baş naziri Dmitri Medvedyev bu məqsədlə Həştərxana səfər də edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər