• cümə, 26 Aprel, 14:33
  • Baku Bakı 23°C

Xəzərlə bağlı konsensus əldə etmək mümkün olmur

15.07.16 11:35 1090
Xəzərlə bağlı konsensus əldə etmək mümkün olmur
Srağagün Qazaxıstanda "Xəzər beşliyi” - Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan xarici işlər nazirlərinin toplantısı baş tutub. Nazirlərin bu görüşü sayca altıncı olsa da, dənizin statusu ilə bağlı danışıqlar artıq 20 ildir ki, davam edir. Rusiya nəşrləri nazirlərin görüşünün bəzi təfərrüatlarını açıqlayıb. Nəşrlərin yaydığı xəbərlərə görə, statusun müəyyən olunması ilə bağlı konvensiyanı bu il də imzalamaq mümkün olmayacaq – "beşlik” üzvlərinin mövqelərindəki fikir ayrılıqları hələ də qalmaqdadır.
Astanada keçirilən toplantıdan geniş reportaj verən "Kommersant”ın əməkdaşı yazır ki, nazirlərin qarşıya qoyduğu əsas məsələni Rusiya xarici işlər naziri Sergey Lavrov Astanaya gəlməmişdən əvvəl Bakıda bəyan etmişdi. Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdə o, bildirib ki, "Astanada Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı konvensiyanın qəbul olunacağına ümid edirik”. "Astanada gələcək konvensiya layihəsini müzakirə edən nazirlər bir sıra məsələlərlə bağlı irəliləyişə nail olsalar da, bütün detallarla bağlı razılıq əldə edə bilməyiblər. Bu isə o deməkdir ki, prezidentlərin görüşü nazirlərin növbəti toplantısından sonra baş tutacaq”, - deyə "Kommersant” yazır. Rusiyalı nazir bildirib ki, sammit ən tezi gələn ilin birinci yarısında baş tuta bilər. "Kommersant” yazır ki, sentyabrda Tehranda, noyabrda isə Aşqabadda "beşliy”in işçi qruplarının toplantısı keçiriləcək. Sonra isə XİN rəhbərlərinin görüşü, ardınca da dövlət başçılarının sammiti reallaşacaq. Bu da gələn ilin birinci yarısında mümkün olacaq.
Beləliklə, qayıdaq nazirlərin görüşündə müzakirə olunan məsələlərə. İclası açan Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov hamını inandırmağa çalışıb ki, tərəflər kompromisə yaxınlaşmaq üzrədir və həmkarlarını maksimal şəkildə əməkdaşlıq etməyə dəvət edib. Lakin danışıqların yekununda etiraf edib ki, dörd əsas prinsipial həllini tapmayan məsələ var. E.İdrisov həmin məsələlərin adlarını da çəkib - dənizin dibi ilə kommunikasiyaların çəkilişi, dənizin dibi ilə bağlı məhdudiyyətlərin texniki aspektləri, müxtəlif gəmilərlə naviqasiya məsələləri və tranzit. "Nazir ilk növbədə qazın nəqli ilə bağlı infrastrukturdan danışıb. Çünki tərəflərin bu məsələyə baxışı fərqlidir. Türkmənistan əmindir ki, infrastrukturun qoyulması hüququ boru xəttinin keçəcəyi ölkələrin müstəsna hüququ olmalıdır. Rusiya və İran isə israrla dənizlə bağlı qərarların qəbulunun bütün tərəflərin razılığı ilə həllinin tərəfdarıdırlar” – deyə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın tədqiqi Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin bildirib. "Tranzit” problemini şərh edən ekspert bildirib ki, Xəzər dənizinin Dünya Okeanı ilə əlaqəsi yalnız Rusiyanın daxili suları – Volqa-Don kanalı ilə mümkündür. Lakin onun yük buraxma qabiliyyəti məhduddur. Çünki Rusiya əvvəl digər iştirakçı dövlətlər üçün kanaldan keçid üzrə kvota tətbiq edib. İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif isə başqa bir problemi açıqlayıb. O, əsas mübahisə mövzusu kimi akvatoriyanın məhdudlaşdırılmasını göstərib. Nazir tərəfləri qane edəcək ədalətli nəticə üçün coğrafi vəziyyəti əsas sayıb. Bu isə o deməkdir ki, İran dəniz şelfi və akvatoriyanın bərabər qaydada bölünməsini istəyir. Rusiya isə buna qarşı çıxır - şelf və dəniz dibinin bölgüsü tərəfdarı olduğunu bəyan edir. Artıq Rusiya bununla bağlı Qazaxıstan və Azərbaycanla müvafiq sənəd də imzalayıb. Qazaxıstan isə artıq müvafiq sazişi Türkmənistanla da bağlayıb. Rusiya XİN rəhbəri bəyan edib ki, bu problem qonşular arasında həll olunacaq və sadəcə prinsiplərin bərabər bölgüsünü axtarıb tapmaq qalıb.
"Rossiyskaya qazeta” isə yazır ki, konvensiya layihəsinin 90 faizi ilə bağlı razılıq əldə olunub. "Ən ciddi məsələ Xəzərin sektorlarla bölgüsü ilə bağlı məhdudiyyətdir. Müxtəlif hesablamalara görə, dənizdə 10-40 mlrd. barel neft və 5,6 trln. kub metr qaz yataqları var. Problemli məsələlərdən biri də
dənizin dibi ilə boru xəttinin inşasıdır. Türkmən qazının nəqlini nəzərdə tutan Transxəzər boru xəttini də bu səbəbdən reallaşdırmaq mümkün deyil. Türkmən tərəfi digər iştirakçı dövlətlərin razılığı olmadan məsələni reallaşdırmaq istəyir. Avropa İttifaqı da Rusiyadan yan keçəcək və ondan asılılığı azaldacaq bu layihənin reallaşmasında maraqlıdır. Moskva isə məlum səbəblərdən bu layihəyə qarşı çıxır. Rusiya tərəfi iddia edir ki, iqtisadi məsələlərlə yanaşı, məsələnin ekoloji tərəfi var. Yəni qəza baş verəcəyi təqdirdə, Xəzərdə irimiqyaslı iqtisadi fəlakət yaşanacaq. Əksər ekspertlərin bununla bağlı fikirləri üst-üstə düşür” - deyə məqalə müəllifi yazır. Əlavə edilir ki, Xəzərin delimitasiyası ilə yanaşı, hərbi gəmilərin keçid problemi də var. Rusiya israrla tələb edir ki bu məsələdə hər bir üzv dövlət məlumatlandırılmalıdır. Digər üzv dövlətlər isə sadəcə icazəli hala üstünlük verirlər. Terrorizmlə mübarizənin gücləndiyi, eləcə də narkotrafikə qarşı tədbirlər fonunda Xəzər regionunda gəmiçilik xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Rusiya tərəfi hər vəchlə Xəzərin demilitarizasiyasına qarşı çıxır. Kreml iddia edir ki, belə hal regionda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Əsas da ondan ehtiyat edir ki, bu hal NATO-ya regionda mövqelərini gücləndirməyə imkan verə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər