Xəzərin statusunu müəyyən edən Konvensiyanın böyük bir hissəsi razılaşdırılıb
Ötən gün Rusiyanın Həştərxan
şəhərində Xəzərətrafı ərazidə yerləşən dövlətlərdəki Rusiya səfirlərinin
iştirakı ilə geniş tərkibli iclas baş tutub. "Kommersant” yazır ki, Xəzər
məsələsi Xarici İşlər Nazirliyi yanında Rusiya subyektləri rəhbərlərinin
iştirakı ilə gələn həftə keçiriləcək toplantıda müzakirəyə çıxarılacaq. Bu
tədbirlərdə əsas müzakirə mövzusu isə Xəzəryanı dövlət başçılarının görüşünə
hazırlıq məqsədi daşıyır. Rusiya hakimiyyət orqanları ümid edirlər ki, həmin
toplantıda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Konvensiya
nəhayət ki, qəbul olunacaq. Moskvanın 20 ildən artıq həllini tapmayan problemin
yaxın vaxtlarda həllinə nail olunacağına nədən belə bir ümidlə yanaşdığını
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin aydınlıq gətirməyə
çalışıb. Diplomat "ötən il Xəzəryanı XİN rəhbərlərinin iclasında tez bir
zamanda dənizin statusunun müəyyən edilməsi üzrə Konvensiyaya imza atıldı.
Lakin birdən-birə sakitlik hökm sürdü. Bunu nə ilə izah edərdiniz” sualına
"çoxtərəfli danışıqlar, xüsusən də konvensiya kimi məsələlərlə bağlı razılıq
tez həllini tapmır. Xəzərin hüquqi rejimini qurmaq üçün uzunmüddətli
perspektivə söykənmək gərəkdir. Beş ölkənin müxtəlif idarələri dənizin müasir
tələblərinə cavab verən beynəlxalq hüquqi rejiminin müəyyən edilməsinin bütün
nüanslarını işləyib hazırlayırlar. Və sakitlik kimi qeyd edilən dövrdə intensiv,
bir çox hallarda bəzi məsələlər üzrə konfedesial məsləhətləşmələr aparılır”, -
deyə nazir müavini vurğulayıb. Onun sözlərinə görə, ötən il XİN rəhbərlərinin
görüşündə həqiqətən də yekun mətnə yaxınlaşmaq mümkün olub. "Buna da
prezidentlərin 2014-cü ildə Həştərxan görüşündən sonra mümkün oldu. Həmin
görüşdə Xəzəryanı dövlətlərin rəhbərləri, o cümlədən Rusiya maksimal şəkildə
qarşılıqlı güzəştlərə getməyə razılıq verdilər”.
Q.Karasin bildirib ki,
Konvensiyanın yekun mətnində tərəflərin qəbul etdiyi təkliflər sahilyanı
dövlətlərin hamısının milli maraqları qorunmaqla nəzərə alınıb: "Konvensiya
Xəzərdə təhlükəsizlik zonalarının yaradılmasına, mehriban qonşuluq
münasibətlərinin qorunub saxlanılmasına təminat verir. Bundan əlavə iqtisadi,
energetika, nəqliyyat sahəsində qarşılıqlı mənfəət gətirən layihələrin inkişafı
üçün əlverişli şərait yaradılması da burada əks olunub. Eləcə də, gəmiçilik və
naviqasiya rejimlərinin təminatı da orada qeyd edilib. Balıqçılıq və bioresurs
ehtiyatlarından birgə idarə, tədqiqatların aparılması da Konvensiyada əks
olunub”. Nazir müavini vurğulayıb ki, "bütün bunlar Xəzəryanı dövlətlərin
ətrafında yaşayan milyonlarla insanın, həm Rusiya, həm də digər dövlətlərdə
yaşayanların arzularını əks etdirir”. Rusiya XİN rəsmisi Konvensiyanın yekun
olaraq nə vaxt tərtib olunacağı ilə bağlı suala belə cavab verib ki,
"Həştərxanda keçirilən toplantıda bizim Azərbaycan, İran, Türkmənistan,
Qazaxıstan üzrə səfirlərimizin, eləcə də, müvafiq istiqamət üzrə hər ölkənin
məsul əməkdaşlarının, Həştərxan vilayəti rəhbərlinin, XİN-in mərkəzi aparatının
işçilərinin iştirakı ilə vəziyyət hərtərəfli analiz edilib. Gəlinən nəticə odur
ki, real olaraq Konvensiyanı final mərhələyə çatdırmaq və onu Qazaxıstanda
planlaşdırılan beşinci Xəzər sammitində imzalamaq nəzərdə tutulub”.
Rusiyalı diplomat
Transxəzər qaz kəməri layihəsinin Konvensiyayanın razılaşdırılmasına hər hansı
maneə yaratma ehtimalından də bəhs edib. O bildirib ki, danışıqlarda hamını
qane edəcək sualtı boru xətlərinin inşasının ümumi formulunun işlənib
hazırlanması nəzərdən keçirilir: "Burada neft-qaz nəqli ilə məşğul olan beş
dövlətin iqtisadi ehtiyaclarının artması nəzərə alınıb. Eləcə də, dənizin dibi
il keçəcək kəmərlər vasitəsilə daşınacaq karbohidrogen ehtiyatları, eləcə də
onun ətraf mühitə vura biləcəyi ziyan diqqətə alınıb”. Xəzərin karbohidrogen
ehtiyatlarının əhəmiyyətli hissəsinin kimə məxsus olması barədə mübahisələrin
həlini tapması ilə bağlı suala rusiyalı diplomat belə cavab verib: "Siz Xəzərin
cənub və orta hissəsində həlini tapmayan məsələləri nəzərdə tutursunuzmu? Bizim
cənubdakı həmkarlarımız hələ ki, ola bilsin Rusiya, Qazaxıstan və Azərbaycanın
təcrübəsini nəzərdən keçirirlər. Bu üç dövlət hələ 2000-ci ilin əvvəllərində
nəinki dənizin dibinin bölünməsi ilə bağlı saziş imzalayıblar, həm də çox
əhəmiyyətli şəkildə əməkdaşlıq edirlər. Artıq mineral resursların birgə
kəşfiyyatı və çıxarılması üzrə əməkdaşlıq edilir. O ki qaldı suya, beş dövlət
ümumi sənəddə - Konvensiyada bu məsələni nizamlayırlar. Mənin əvvəldən də
dediyim kimi, suyun dibinin istifadəsi üzrə qonşular öz aralarında
razılaşmalıdırlar. Konvensiya bütün bu
məsələlərin münaqişəsiz həlli üçün əsas yaradır”.
Nazir müavini sonda 20
ildən müzakirə olunan Konvensiya ilə bağlı davam edən danışıqlarda yekun nəticə
əldə olunmasına əsas olub-olmamasına da aydınlıq gətirib. "Mən ümumiyyətlə
"sıçrayış” sözünü xoşlamıram. Bu özündə hansısa bir radikal keyfiyyət
dəyişikliyini ehtiva edir. Mən daha çox işdə evolyusiya, iddialı nəticə barədə
danışmağı xoşlayıram. Belə bir təəssürat yaranır ki, bütün tərəflər qarşıya
qoyulan məqsədə çatmaqda maraqlıdırlar. Mənə elə gəlir ki, biz düzgün yoldayıq
və nəticəyə çatmaq yolunda sanki əl uzatmaq məsafəsindəyik. İndi əsas olan məsələyə
ağıllı yanaşma və razılaşmaq qabiliyyətidir”, -
deyə nazir müavini vurğulayıb.
Azər