• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

Xəzərin statusu məsələsi həllini tapacaqmı?

23.04.14 09:09 1677
Xəzərin statusu məsələsi həllini tapacaqmı?
Dünən Xəzəryanı ölkələrin xarici işlər nazirləri xeyli vaxtdan sonra Moskvada bir araya gəliblər. Belə ki, Xəzərin hüquqi statusu məsələsinin həllini tapması üçün federasiya paytaxtında konfrans təşkil olunub. Baş tutan konfransla bağlı ümidlərin böyük olduğu söylənilir. Buna əsas səbəb kimi Azərbaycanın Türkmənistanla, həmçinin İranla münasibətlərində yaxınlaşma müşahidə olunması, İranın xarici siyasətdə daha yumşaq mövqe ortaya qoyacağını bəyan etməsi və digər məqamlar göstərilir. Qeyd edək ki, Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran xarici işlər nazirlərinin qatıldığı görüşdə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunub. Müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması barədə danışılan konfransla bağlı ekspertlərin fikirlərini öyrəndik.
Politoloq İlqar Vəlizadə bizimlə söhbətində bildirdi ki, tərəflərin məsələyə yanaşmasında çox da ciddi dəyişikliklər müşahidə edilmir. Lakin rəsmi şəxslərin son ritorikasına nəzər yetirdikdə müəyyən qədər irəliləyiş hiss olunur: “Xəzərin hüquqi statusu neçə illərdir ki, müzakirə predmetidir. Sevindirici haldır ki, son zamanlar az da olsa fərqli fikirlər eşidirik. Misal üçün, bir neçə il bundan öncə İran ekspertləri deyirdilər ki, biz Xəzərin bölünməsində bərabərlik prinsipinə üstünlük veririk. Yəni, Xəzər dənizi 5 bərabər hissəyə bölünməlidir. İndi isə onlar başa düşürlər ki, hər dövlət Xəzər dənizinə fərqli məsafələrlə çıxır. Həmçinin elan ediblər ki, əsas olan bu məsələnin ədalətli şəkildə həllini tapmasıdır. İstəyirlər ki, narazı qalan tərəf olmasın və bölünmə hamını qane etsin. Buna əsasən də məsələdə müəyyən dəyişmənin, irəliləyişin olduğunu söyləmək olur. Bilirsiniz ki, Azərbaycan tərəfi ortaq xətt prinsipini təklif edir. Biz bu məsələdə ikitərəfli münasibətləri, danışıqların xarakterini və digər məqamları nəzərə alırıq. Amma buna rəğmən, Azərbaycanın mövqeyində heç bir dəyişiklik baş verməyib”.
Politoloq ölkəmizin bölgü zamanı adaların nəzərə alınmasında, yataqların bərabər bölünməsində maraqlı olduğunu dedi: “Dənizin dibində xeyli resurslar mövcuddur ki, onlar həm Azərbaycan, həm də digər tərəflərə, məsələn, Türkmənistan tərəfə düşür. Bütün dünyada belə qayda var ki, sərhəd zonada yerləşən resurslar hər iki dövlət tərəfindən bərabər şəkildə istismar edilirlər. Bunu İraqla Küveytin, İranla İraqın münasibətlərində müşahidə edirik. Azərbaycan da dünya təcrübəsinə əsasən, Türkmənistana Kəpəz yatağını 50-50-yə istismar etməyi təklif edib. Onlar hələlik bunu nə qəbul, nə də rədd ediblər. Qeyd edim ki, danışıqlardan asılı olaraq orta xətt yerini bir balaca dəyişə bilər. Biz eyni cür şərtləri İrana da təklif edirik. Azərbaycan prezidentinin İrana son səfəri, İran prezidentinin bu səfərlə bağlı, xüsusilə, Xəzər dənizi haqda açıqlamaları göstərir ki, o dövlətlə münasibətlərimiz əvvəlkinə nisbətən daha yaxşıdır. Bu isə ümidverici məqam kimi dəyərləndirilir. Ola bilər ki, İran prezidentinin ölkəmizə gözlənilən səfəri ərəfəsində də bu məsələ müzakirə olunsun. Səfər yay aylarında baş tutarsa, Azərbaycan və İranın Xəzər dənizi ölkələrinin sentyabrda Həştərxanda baş tutacaq sammitinə ümumi fikirlərlə getməsinə şərait yarana bilər”.
Müsahibimiz «Kommersant» qəzetinin sənədlərin paraflana biləcəyi ilə bağlı yaydığı məlumata da münasibət bildirdi: “Yəqin ki, onların istinad etdikləri mənbələri və ya bunu söyləmək üçün müəyyən əsasları var. Lakin bu, xarici işlər nazirləri səviyyəsində qəbul olunacaq sənəd deyil. Belə beynəlxalq sənədlər layihə kimi qəbul edilir, sonra isə üzərində ekspert qruplar xeyli işləyir. Təbii ki, müəyyən texniki sənədlər razılaşdırılmasa, Həştərxan sammiti baş tutmaz. Bilirsiniz ki, statusla bağlı ümumi razılaşma və təhlükəsizlik sənədinin qəbul olunması müzakirə mövzusudur. 2010-cu ilin noyabrında təhlükəsizliklə bağlı sənəd Bakıda qəbul olunub, amma orada ümumi prinsiplər əksini tapıb. Hazırda söhbət mexanizmlərdən gedir. Yəni, qəbul edilmiş ümumi prinsiplərin həyata keçirilməsi haqda danışıqlar aparılır. Düşünürəm ki, müzakirələri məhsuldar hesab etmək olar. Çünki verilən bəyanatlar kifayət qədər nikbindir. Göründüyü kimi, məsələnin həlli yolundakı proses intensivləşib”.
İ.Vəlizadə Xəzərin statusunun müəyyənləşməməsi ilə enerji resurslarından istifadənin ləngidilməsi, bunun həmçinin Transxəzər boru xəttinin çəkilməsinə mane olması barədə deyilənlərə də münasibət bildirdi. Onun fikrincə, Xəzərin statusunun bu cür məsələlərə əngəl yaratdığı iddiaları düz deyil: “Xəzəryanı ölkələrin hər birinin tam olaraq hüququ çatır ki, oradakı yataqları istismar etsin. Hazırda da bütün ölkələr özlərinə aid hissələrdə bunu həyata keçirirlər. Heç kəs onların qarşısına hansısa maneəni qoya bilməz. Buna heç kəsin hüququ çatmır. Təbii ki, Rusiyada da, İranda da bəzi qüvvələr var ki, onlar Xəzər dənizi ölkələrinin xaricə neft, qaz ixrac edib mənfəət əldə etməsini istəmirlər. Bildirim ki, Azərbaycan istəsə, Türkmənistanla razılaşma əldə edə bilər və Transxəzər boru xəttini sakitcə çəkə bilər. Sadəcə olaraq, Azərbaycan bunun məsuliyyətini dərk edərək regionda siyasi gərginlik yaratmaq istəmir. Sırf bu baxımdan, ölkəmiz bu məsələdə çox da israrlı deyil. Azərbaycan partnyorları ilə söhbət zamanı da bildirir ki, sizin istəklərinizi nəzərə alaraq bunu etmirik. Ümumiyyətlə, Xəzərin statusunun bu layihələrin həyata keçirilməsindəki hər hansı maneə ilə əlaqəsi yoxdur. Azərbaycan İranın, yaxud Rusiyanın narazılıqlarını dərk edir və mübahisə edib onlarda qıcıq yaratmaq istəmir. Əgər status və təhlükəsizliklə bağlı məqamları çözsək, əməkdaşlıq başqa mərhələyə keçəcək. Onda bizim imkanlarımız olacaq ki, Xəzərdə müxtəlif layihələr həyata keçirək”.
Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov isə Həştərxan sammitində hər hansı nəticə əldə olunacağına, Xəzərin hüquqi statusunun həllini tapacağına inanmadığını söylədi: “Sadalanan arqumentlərin irəliləyiş üçün əsas verəcəyini düşünmürəm. Ən azı, hələ ki bu istiqamətdə bir şey müşahidə etməmişəm. Heç bunu hiss etmək də mümkün deyil. Əminliklə deyirəm ki, heç nə olmayacaq. Zamanla özünüz görəcəksiniz ki, hamısı sadəcə danışıqlardır. «Kommersant» qəzetinin Xəzərin hüquqi statusu ilə bağlı sənədin paraflanma ehtimalı ilə bağlı yazdığı yazı da reallığı əks etdirmir. Hamısı boş söhbətdir. Onların sözü və ya yazısını əsas tutub heç bir nəticəyə ümid etmək olmaz”.
R.Məmmədov Həştərxan sammiti ilə bağlı danışıqlar getsə də, onun baş tutacağına elə də böyük ümidləri olmadığını dedi: “Hələ sammitin keçiriləcəyi ilə bağlı dəqiq qərar verilməyib. Bu haqda danışılsa da, baş tutduğunu yalnız reallaşdığı zaman görəcəyik. İndidən bu barədə konkret fikir bildirmək olmaz. Xəzərin hüquqi statusunun müəyyənləşməməsinin enerji resurslarının mənimsənilməsinin ləngiməsinə, Transxəzər boru xəttinin çəkilməsinə mane olmasına gəldikdə isə durum onunla bağlıdır ki, sabah hər hansı bir iddia ortaya qoyulanda bu problem əsas səbəb kimi göstərilsin. Yəni, elan etsinlər ki, belə həllini tapa bilməyən məqamlar var. Buna görə də sazişlərin imzalanmasından söhbət getməməlidir. Hazırda real bir irəliləyiş baş verdiyini düşünmək olmaz. Çünki Xəzər neftinin, qazının Rusiyasız və İransız istismar edilməsi onların maraqlarına uyğun deyil. Bu səbəbdən də Xəzər dənizinin statusunun formalaşmasına tələsmirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər