• cümə, 19 Aprel, 02:10
  • Baku Bakı 18°C

Xəzərin statusu Həştərxanda müzakirə olunacaq

24.09.14 11:11 1513
Xəzərin statusu Həştərxanda müzakirə olunacaq
Sentyabrın 29-da Həştərxanda Xəzər regionu dövlətlərinin növbəti, sayca dördüncü sammiti keçiriləcək. Rusiya prezidentinin rəsmi saytının məlumatına görə, artıq tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentləri - İlham Əliyev, Həsən Ruhani, Nursultan Nazarbayev, Qurbanqulu Berdıməhəmmədov və Vladimir Putin iştirak edəcəklərini təsdiqləyiblər. Qeyd edilib ki, sammitdə Xəzər dənizində sahilyanı ölkələrin qarşılıqlı fəaliyyəti ilə bağlı əsas məsələlərin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul edilmiş qərarların həyata keçirilməsinin gedişatının müzakirəsi, region dövlətləri arasında gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır. Bundan başqa, Vladimir Putinin Xəzəryanı ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri keçiriləcək.
Xatırladaq ki, Xəzəryanı ölkələrin uzun illərdir müzakirə etdiyi əsas məsələ Xəzərin hüquqi statusudur. Ölkələr bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Eyni zamanda, Rusiya, Qazaxıstan və Azərbaycan bu məsələni öz aralarında həll ediblər və dənizin dibinin milli sektorlarının sərhədlərini müəyyən ediblər, burada neft və qaz axtarışı və hasilatı həyata keçirirlər. Bu məsələlərdən başqa, tərəflər gəmiçilik, milli iqtisadi zonaların müəyyən edilməsi, bioloji resursların müdafiəsi, ekologiya məsələlərini müzakirə edirlər. Sammit ərəfəsində Rusiya mətbuatı tədbir zamanı müzakirə olunacaq məsələlərlə bağlı bir sıra maraq kəsb edən məqalələr dərc etməkdədir. Mətbuata aşıqlamasında Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov ümid edib ki, Xəzəryanı ölkələr yaxın gələcəkdə Xəzər dənizinin statusu haqqında sənəd imzalaya biləcəklər. Moskvada keçirdiyi mətbuat konfransında o bildirib ki, bu məsələ ilə bağlı 18 ildir razılıq əldə olunmur. Xəzər probleminin həllinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyən xüsusi nümayəndə Həştərxan sammitində müzakirə olunacaq məsələləri də açıqlayıb: “Sammitdə Xəzər hövzəsinin ümumi təhlükəsizliyi, bioloji resurslarının qorunub saxlanması, ekologiya, iqtisadiyyat və humanitar sahələrə dair məsələlər müzakirə olunacaq. Hidrometeorologiya və ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərarası sənədlər imzalanacaq. Konvensiya təkcə Xəzəri bölməklə məhdudlaşmır. Burada kompleks problemlər mövcuddur, hərbi aspektdən tutmuş digər məsələlərə qədər... Bütün bu məsələlərlə bağlı razılıq əldə olunsa, Xəzərin hüquqi statusu haqda Konvensiya imzalanacaq”.
Xüsusi nümayəndə hesab edir ki, Həştərxan görüşündə Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə irəliləyiş əldə olunacaq: “Əminəm ki, finiş xəttinə çatmağımıza imkan verəcək konvensiyanın açıq qalan aspektləri istiqamətində iri addım atılacaq. Lakin bu o demək deyil ki, liderlərin növbəti görüşü bu konvensiyanın işlənməsinə həsr olunmalıdır”. Ümumiyyətlə, yaxın gələcəkdə belə konvensiyanın bağlanacağını güman edən Bratçikov Xəzərin delimitasiyasına dair bir çox məsələlərdə razılıq əldə olunduğunu vurğulayıb: “Rusiya artıq Azərbaycan və Qazaxıstanla sərhədini müəyyənləşdirib. Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran öz aralarında razılığa gəlməlidirlər”. Səfir Xəzərin hüquqi statusu məsələsində fikir ayrılıqlarından birinin İranın mövqeyi ilə əlaqəli olduğunu etiraf edib: “İranın Xəzərin dibinin və su səthinin bölünməsi ilə bağlı hər dövlətə 20 faiz təklifi mövqe ayrılığına səbəb olan başlıca səbəbdir”. Putinin xüsusi təmsilçisi Moskvanın Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinə olduğunu bəyan edib: “Rusiya tərəfi Xəzər dənizinin milli sektorlara bölünməsi ilə bağlı mövqeyi bölüşmür. Moskva əvvəldən bu prinsip əsasında Xəzər dənizinin bölünməsinin əleyhinə çıxış edib. Əvvəl Moskva milli zonalar adlandırılan, sahildən 25 dəniz mili məsafədə zonaların yaradılması ilə razılaşıb. Bu milli zonalardan kənardakı hövzə ümumi su məkanı olmalıdır”.
Yeri gəlmişkən, Beynəlxalq aktual problemlər üzrə İnstitutun direktoru Yevgeni Bajanov dördüncü sammit gedişində dənizin statusu ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılacağına şübhə ilə yanaşır. “Rusiya Xəzərlə bağlı mövqeyini dəyişməyib və öz mövqeyinin üzərində dayanmaqda davam edir” deyən ekspert əlavə edib ki, məsələnin həll edilməməsi Kremli qane etmir. “Rusiya Xəzərdə öz mövqeyini itirmək istəmir. Bu isə o anlama gələcək ki, ölkələr müstəqil şəkildə fəaliyyət göstərə biləcəklər. Demək, Xəzəryanı ölkələrin qərbli həmkarlarını əməkdaşlığa dəvət edəcəkləri ehtimalı güclüdür. Bununla da Rusiyanı üzlərindən uzaqlaşdırmış olacaqlar” - deyə o əlavə edib.
Başqa bir ekspert “Neft və kapital» nəşrinin baş redaktor müavini İqor İvaxnenko hesab edir ki, dənizin bölgüsü baş tutarsa, onda sahilyanı dövlətlər müstəqil şəkildə özlərinin neft, qaz kəmərlərini qura bilərlər. “Rusiya və İran da bunun baş tutmasında maraqlıdırlar”- deyən ekspert əlavə edib ki, bununla da Türkmənistan Transxəzər qaz kəmərini reallaşdıra və öz qazını Avropa bazarlarına çıxara bilər. Ekspert bildirir ki, belə olan halda türkmən qazı Avropada Rusiya qazı ilə tam rəqabətə girə biləcək. “Bu gün türkmən qazının böyük bir həcmi Çinə gedir və bu səbəbdən də Transxəzər qaz kəmərinin inşası perspektivi görünmür. Bundan əlavə, Türkmənistan öz qazını Avropaya çatdırmaq üçün mütləq qaydada Xəzəryanı dövlətlərin hamısının razılığını almalıdır. Bu isə hələ ki, mümkün deyil” - deyə Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixeyev bildirib. “Rusiya o qədər gücsüz dövlət deyil ki, Xəzərdə onu qane etməyən dəyişikliklərə yol versin. Eyni zamanda o qədər də güclü deyil ki, inteqrasiya proseslərinə rəhbərlik etsin. Özü də nəzərə almaq gərəkdir ki, Xəzəryanı dövlətlərin maraqları tamamilə fərqlidir” - deyə İvaxenenko bildirib.
Gəlinən yekun qənaət budur ki, IV Xəzər sammitində hansısa əhəmiyyətli qərarların qəbulunu gözləmək gərək deyil. Lakin bəzi yerli müşahidəçilər arasında Həştərxan sammitinin nəticələrinə müsbət yanaşanlar da var. Onlar ümid edirlər ki, sammitdən sonra Xəzəryanı ölkələr arasında münasibətlərin tənzimlənməsi və inkişafı üçün yeni imkanlar yarada bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər